Məzmuna keç

Bayatılar/D

Vikimənbə saytından
Ç Bayatılar. D hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
E
Sister Projects. Həmçinin baxın: Haqqında •

Dağ başına sis gəldi,
Ocaq yandı his gəldi,
Mənim bu qara baxtım,
Əzəl başdan pis gəldi.

Dağ başında əsən, dur,
Yollarımı kəsən, dur.
Aləm Kə’bəyə dönsə,
Mənim qibləmə sən dur.

Dağ başında fanaram,
Söz-söhbəti qanaram.
Bir gün üzün görməsəm,
Alışaram, yanaram.

Dağ başında qara bax,
Üstün alan sara bax,
Aləm cənnətə dönsə,
Mənə xoşdur Qarabağ.

Dağa qar düşən günü,
Ürəyim bişən günü.
Yar mənə dağ üstündən
Dağ çəkdi nişan günü.

Dağda çən tutqun oldu,
Gəldin sən tutqun oldu,
Nədəndir ki, ürəyim
Gün-gündən tutqun oldu?

Dağda çiskin olurmu?
Duman, çiskin olurmu?
Ağlar gözüm, çox ağla,
Bundan pis gün olurmu?

Dağdan aran yaxşıdır,
Tirmə xaran yaxşıdır.
Boyun gödək, gözün tum,
Sənin haran yaxşıdır?

Dağdan enən sürüdü,
Dağı duman bürüdü.
İlqarsız yar yolunda,
Cavan ömrüm çürüdü.

Dağlar başı dumandı,
Elin halı yamandı.
Yar yıxdı gönlüm evin,
Bax, ürəyim virandı.

Dağlar başı tütündü,
Kimin qəlbi bütündü?
Əyil, öpüm üzündən,
Dünya ölüm-itimdi.

Dağlar başın sar almış,
Duman almış, qar almış.
Göydən düşən bir daşla
Od-ocağım qaralmış.

Dağlar marala qaldı,
Otu sarala qaldı,
Sərin çeşmə, göy yaylaq,
Yenə marala qaldı.

Dağlar, mənə qar göndər,
Əsirgəmə, bar göndər.
Ya dərdimə çara tap,
Ya dərmanı var göndər.

Dağlar, siz nə dağlarsız?
Qardan kəmər bağlarsız.
Gül sizdə, bülbül sizdə,
Daha niyə ağlarsız?

Dağlara bir ün düşər,
Bulud gedər, gün düşər.
Düşmənə düşən fürsət,
Mənə də bir gün düşər.

Dağlara sada düşdü,
Dərd üstdən qada düşdü.
Bulud keçdi, ay çıxdı,
Yar gəldi yada düşdü.

Dağlarda gəzən mənəm,
Əhdim var bəzənmənəm,
Ağır elin qızıyam,
Qürbətdə gəzəmmənəm.

Dağlarda yağış durmaz,
Qar yağar, yağış durmaz.
Gözəldə nə qaydadı,
Zülfüni yığışdırmaz.

Dağlardan səda gələr,
Məzlumlar dada gələr.
Gəlsin mənim canıma,
Sənə hər qada gələr.

Dağları gəzdim gəldim,
Daşları düzdüm gəldim,
Axtardım tapammadım,
Ümidim üzdüm gəldim.

Dağların başı ilə,
Dibinin daşı ilə,
Yara bip namə yazım
Gözümün yaşı ilə.


Dağların başına bax,
Qar yağıb başına bax.
Mən sevdim yad apardı,
Fələyin işinə bax.

Dağların çoxdu qarı,
Sərindir bulaqları.
İzin ver ağ sinənə,
Baş qoyum, yatım, barı.

Dağların harayından,
El köçər harayından.
Mərdin daxması yaxşı,
Namərdin sarayından.

Dağların qarı mənəm,
Gün yoxdur, ərimənəm.
Qəbrimi dayaz qazın,
Cavanam, çürümənəm.

Dağların o üzündə,
Ceyran otlar düzündə.
Mən yarımı tanıram,
Qoşa xal var üzündə.

Dağların sal buzları,
Sal daşı, sal buzları.
Hər gecə fərağında,
Sayıram ulduzları.

Dağların siri də var,
Ölən var, diri də var.
Demə dərdli bir mənəm,
Sənin tək biri də var.

Dağların şaxta qarı,
Dörd yanı oldu barı.
Kasıba qız verməzlər
Kəsilsin qaydaları.

Damnan dama gəlmişəm,
Gül almağa gəlmişəm.
İtirmişəm yarımı,
Axtarmağa gəlmişəm.

Danışdı dindi zülfün,
Gərdənə mindi zülfün.
Dəstələ qoy qoynuna,
Qan eylər indi zülfün.

Daşları açdım ancaq,
Belimdə sarı sancaq.
Nə qız oldum, nə gəlin,
Odlara yandım ancaq.

Dərbənd yolun kəsərəm,
Yarpaq kimi əsərəm,
Yar qürbətdən gələndə
Quzu qurban kəsərəm.

Dərd ürəyim oyunca,
Qurban gəldim boyunca.
Eşitsən ki, ölmüşəm
Ağla mənə doyunca.

Dərdim bir-iki deyil,
Yüküm qəm yükü deyil.
Hər kimin dərdi varsa,
Mənim ki təki deyil.

Dərdim nədir, bilirəm,
Göz yaşımı silirəm.
Bir yandan bu ayrılıq,
Bir yandan can verirəm.

Dərdimə çarə, gedim,
Mən baxtıqara gedim.
Sən məni oda saldın,
Haram var, hara gedim?

Dərdin danış bilənə,
İş başına gələnə.
Açma ürək dəftərin,
Hər üzünə gülənə.

Dərdlərə çara təbib,
Düşmüşəm nara, təbib.
Yarımı tapıb gətir.
Sağalsın yara, təbib.

Dərya dərin kim üzər,
Suyu sərin kim üzər;
Bir vəfalı yar olsa,
Ondan əlin kim üzər?

Dərya kimi bulannam,
Bağça kimi sulannam.
Sağ gözüm sənə qurban,
Sol gözümlə dolannam.

Dərya səndən kim keçdi,
Kim qərq oldi, kim keçdi?
Sən məndən üz döndərdin,
Xəyalından kim keçdi?

Dərya səndən, sal məndən,
Yaşıl səndən, al məndən;
Fələk, zülmün bəs eylə,
Gəl bu canı al məndən! –

Dəryada gəmim qaldı,
Biçmədim zəmim qaldı.
Arzun ürəkdə qalsın,
Necə ki mənim qaldı.

Dəryada gəmim qaldı,
Biçmədim zəmim qaldı.
Çox çəkdim yar cəfasın,
Mənə də qəmim qaldı.

Dəryada fanar gəzər,
Axşamlar yanar gəzər.
Eldən ayrı düşənlər,
Günlərin sanar, gəzər.

Dəryada fanar gəzər,
Hər axşam yanar gəzər.
Mən yara heyləmişəm,
Yar məndən kənar gəzər.

Dəryada fanaram mən,
Od tutub yanaram mən.
Qaş altdan göz eyləmə,
Arifəm, qanaram mən.

Dəsmalın ağ saxlaram,
Yuyaram ağ saxlaram.
Bir də yanıma gəlsən,
Yüz il qonaq saxlaram.

Dəyirmanın pərindən,
Suya çıxar dərindən.
Elin sözü bir olsa
Dağ oynadar yerindən.

Dişlərin içi dəndi,
Dürdəndi, incidəndi.
Özün əcəb gözəlsən,
Dilin can incidəndi.

Divara sancdım mıxı,
Gözümə gəlməz yuxu.
Mən yadına düşəndə,
Yazdığım şeiri oxu.

Dolan, gəl bizə, ceyran,
Zülfün tök üzə, ceyran.
Qorxuram yad ovçudan,
Gəl çıxma üzə, ceyran.

Dolan gəl bu dağları,
Yaşıl çəmən, bağları.
Aldı fələk əlimdən,
Mənim gözəl çağları.

Dolangilən dağı sən,
Məclisdə ol sağı sən.
Bülbül ol, qon budağa,
Bəzə bizim bağı sən.

Dolanıb dağ gəzirəm,
Bülbül tək bağ gəzirəm.
Əlli yerdən yaram var,
Genə də sağ gəzirəm.

Dolanıb dağ gəzirəm,
Bülbüləm, bağ gəzirəm.
Yüz yerimdən yaram var,
Deyirlər sağ gəzirəm.

Dolanır keçir zaman,
Fələk vermir bir aman.
Nə dosta e’tibar var,
Nə yarda əhdü peyman.

Don tiksən ağı bizdən,
Belinin bağı bizdən.
Qoymayın yad ellini,
Almağa bağı bizdən.

Dost bizə gəlməz oldu,
Dərdimi görməz oldu.
Mən ona neyləmişdim,
Halımı bilməz oldu.

Dost əlindən al oxu,
Al, kamanə sal oxu.
Göz yaşilə ərzəm var,
Yetişincə, al oxu.

Dostluqdan bərin dağlar,
Çeşməsi sərin dağlar.
Yad ovçuya yar oldun,
Bir utan, ərin, dağlar.

Dövran çox qarışıqdır,
Yad gəlib barışıqdır.
Ayıq, sayıq dolanmaq,
İgidə yaraşıqdır.

Dövranın gərdi məndə,
Can qurban dərdiməndə.
Eşqə ürcah olanın
Tapılar dərdi məndə.

Duman gəlir çən yayır,
Hər tərəfə tən yayır,
Sən say öz saydığını,
Gör bir fələk nə sayır.

Dumanlı dağlar könlüm,
Niskilli bağlar könlüm.
Nə açılar, nə gülər,
Həmişə ağlar könlüm.

Dur ayağa qız, gəlin,
Tellərini düz, gəlin.
Toyçulara gəl yaxın,
Düş ortaya süz, gəlin.

Dur get xoruz banıdır,
Evimizin yanıdır.
Baxtıma bir yar düşüb,
Behiştin qılmanıdır.

Durna kimi süzmərəm,
Yaman dərdə dözmərəm.
Məndən uzaq gəzsən də,
Əlim səndən üzmərəm.

Durna qapı dalında,
Gözüm qaldı xalında.
Gedim deyim anama,
Gəlim qalım yanında.

Durna sanınnan keçər,
Ötər, sanınnan keçər,
Igid vətən yolunda,
Ölər canınnan keçər.

Durna tək süzmək olmaz,
Bu dərdə dözmək olmaz.
Bir qəmzə, bir naz üstə,
Yardan əl üzmək olmaz.

Dünya nədi, hədərdi,
Ömür gəldi-gedərdi.
Ürək xırda, qəm böyük,
Hara yığım bu dərdi.