Bayatılar/S

Vikimənbə saytından
Jump to navigation Jump to search
R Bayatılar. S hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
Ş
Sister Projects. Həmçinin baxın: Haqqında •



Saatın tərsə taxma,
Dönüb dalına baxma.
Özün gör, özün bəyən,
Ellər sözünə baxma.

Saçın ücün hörməzlər,
Səni mənə verməzlər.
Qoy öpüm ağ üzündən,
Qaranlıqdır, görməzlər.

Samavarım quruldu,
İçində su duruldu.
Köhnə yaram üstünə,
Təzə yara vuruldu.

Sandıq üstə süzərəm,
Sandığa gül bəzərəm.
Ağır elin qızıyam,
Ona layiq gəzərəm.

Sar gəlsin dağa dolsun,
Bülbüllər bağa dolsun.
Sevdiyim yar yolunda,
Canım sadağa olsun.

Sar qalsa, bağ da dözməz,
Xar düşsə, tağ da dözməz.
Yardan ayrı düşənin,
Dərdinə dağ da dözməz.

Saraldım, qəmli oldum,
Yaman dərdə tuş oldum.
Səni sevəndən bəri,
Yuvasız bayquş oldum.

Sarı çuxam yırtılsın,
Yaxam səndən qurtulsun.
Qarğışa dilim dönməz,
Burnun yerə sürtülsün.

Səbr eylə, sana səbri,
Mərd gərək qana səbri.
Hər bir səbr tükənsə,
Tükənməz ana səbri.

Sən gedəli il oldu,
Viran bağlar kül oldu.
Sinəmi yardı keçdi,
Bu nə yaman dil oldu.

Sən məni ağlar qoydun,
Sinəmə dağlar qoydun.
Yıxdın atam evimi,
Qapısın bağlar qoydun.

Sən məni ağlar qoydun,
Sinəmi dağlar qoydun.
Öldün canın qurtardı,
Qapımı bağlar qoydun.

Sən mənim ağa dostum,
Gəl gedək bağa dostum.
Gözlər bahar buludu,
Qorxuram yağa dostum.

Səni bülbül bilərdim,
Sarı sünbül bilərdim.
Bağçamızda açılmış,
Bir qızılgül bilərdim.
 
Sənin ala gözlərin,
Canım ala gözlərin.
Qorxuram qərib öləm,
Yada qala gözlərin.

Sinəmdə nar bağı var,
Yeddi yerdən dağı var.
Dul kişiyə getməyin,
Bir gün ağlamağı var.

Sisyanı Qafan saxlar,
Canda dərd qalan saxlar.
Aşiq ar çəkmək üçün,
Könüldə qapan saxlar.

Sonam göldə san durdu,
Tərlan gördü, yan durdu;
Yarım birbaşa getdi,
Ürəyimdə qan durdu.

Sonam süzən olubdur,
Göldə üzən olubdur.
Dərd-qəm görməyən canım,
Dərdə dözən olubdur.

Sonayam, göl üstəyəm,
Bülbüləm gül üstəyəm.
Gəl bir, qol-boyun olaq,
Gedirəm yol üstəyəm.

Söz dedin aldı məni,
Çöllərə saldı məni.
Zülfün şahmar ilandı,
Əl vurdum, çaldı məni.

Söz deyən aşiq oldu,
Elə yaraşıq oldu.
O gün yar bizə gəldi,
Evimiz işıq oldu.

Söz qaldı el gələnə,
Çırmandı sel gələnə,
Gözəl bir bağ salmışam.
El gələ kölgələnə.

Sözü sözdən alan var,
Zülfün üzə salan var.
Gedirsən, tez qayıt gəl,
Gözi yolda qalan var.

Sözüm düşər dastana,
Bir ün salar hər yana.
Qürbət qoy sizə qalsın,
Mən gedirəm Şirvana.

Su axar lilləndirər,
Bağçanı gülləndirər.
Dərdliyə söz deməyin,
Dərd onu dilləndirər.
.
Su gəldi eşil, dağlar,
Ömürdür beş il, dağlar.
Səndə düşmən izi var,
Göz-göz ol, deşil, dağlar.

Su gələr arxa, haray!
Tökülər çarxa, haray!
İgid qürbətə düşsə,
Çağırar arxa, haray!

Su gələr milləndirər,
Bağçanı gülləndirər.
Dərdlini dindirməyin,
Dərd onu dilləndirər.

Su gəlsə sel bilərdim,
Meyəssə yel bilərdim.
Dağda bir oba salsan,
Mən səni el bilərdim.

Su tək arxa dolandım,
Saptək çarxa dolandım.
Zalım fələk əlindən,
Qorxa-qorxa dolandım.
 
Sular axar dərindən,
Dağlar oynar yerindən.
Şad könlüm viran oldu,
Dünyanın dərd-qəmindən.

Sular gələr, göl dolar,
Şaxta vurar, gül solar,
Mərd igidin balası,
Özü kimi mərd olar.

Suyu içənə qurban,
Sözü seçənə qurban.
Dünayada dostum çoxdu,
Candan keçənə qurban.

Suyumuz Kürdən gəlir,
Arazdan, Kürdən gəlir.
Elə şadlıq müjdəsi,
Gəlndə birdən gəlir.

Sünbülləri bağlaram,
Ürəkləri dağlaram.
Gecə-gündüz yolunda,
Ah çəkərəm, ağlaram.