Bildim ki, bu nazından bir ləhzə dayanmazsan
Görünüş
Bildim ki, bu nazından bir ləhzə dayanmazsan Müəllif: Xaqani Şirvani Tərcümə edən: Əliağa Vahid |
Bildim ki, bu nazından bir ləhzə dayanmazsan,
Könlümdə olan dərdə hərgiz sən inanmazsan.
Mənası nədir, düşsəm torpağına zillətlə?
Öpsəm də ayağından, bir halıma yanmazsan.
Söz vermiş idin kamə, amma, nə bu tezliklə,
Bir ömr keçib getdi, öz vədini anmazsan.
Bir busə verib, çəkdin ondan da peşimanlıq,
Bir də belə bir səhvin ardınca dolanmazsan.
Mən ölməli olsam da, barı sən özün öldür!
Lakin, bilirəm, lütfən, qanıma bulanmazsan.
Xaqaninin hərdən bir döydün qapısın, gördün,
Qan mənzilini basmış, qaçdın, daha anmazsan.
Xaqani, öz eşqində sabitqədəm ol, can qoy,
Baş getməsə bu yolda, vəslini qazanmazsan