Bilmədim (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilmədim
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 30

Nə gördüm yuxuda gizlin, aşikar,
Olan sirri-kirdigarı bilmədim.
Olmadım gördüyüm işdən xəbərdar,
Atəşimdən qeyri karı bilmədim.

Bu necə hökmdür, kani-kəramət!?
Eşqə giriftaram, çəkirəm həsrət.
Məni məftun etdi sevda, məhəbbət,
Ayrı saldı fələk yarı, bilmədim.

Novrəstə İmanam, dilimdə dilək,
Qulların imdadı mövlandan gərək.
Vahidiləmyəzəl, özün ol kömək,
Səndən qeyri ümidvari bilmədim.