Bimərhəmət ə’yanlarına şükr, xudaya!
Bimərhəmət ə’yanlarına şükr, xudaya! Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 140. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Bimərhəmət ə’yanlarına şükr, xudaya!
Bu sahibi-milyanlarına şükr, xudaya!
Millət qəminə baxmayan ənzari-kərəmlə –
İşani-zəvişanlarına şükr, xudaya!
İş bilməyən ancaq yemək-içməkdən əlavə,
Bu canlı dəyirmanlarına şükr, xudaya!
Bidadi-bəradərlə olan qanına qəltan,
Qafqazdakı qurbanlarına şükr, xudaya!
Xassə Baku şəhrində, о şöhrətli məkanda
Dərya tək axan qanlarına şükr, xudaya!
Xunxar olan əfradi-bəni-növ’ünə daim –
Bu vəhşiyü ğürranlarına şükr, xudaya!
Qurd isə, şəqal isə biyabanda olurdu,
Şəhr içrə bu heyvanlarına şükr, xudaya!
Gözlənməyən ədnalığın icadına ciddən –
Himmət edən insanlarına şükr, xudaya!
Həmmamdə övrətlərə quldurluq edən bu
Qeyrətli müsəlmanlarına şükr, xudaya!
Sakit oturan boylə cinayətlərə qarşı
Bu sahibi-vicdanlarına şükr, xudaya!
Bilməm nə zəman qəhrin edər aləmi bərbad?!
Səbr etdiyin avanlarına şükr, xudaya!
Həll olmadı könlümdəki niskilli müəmma,
Təcdid edirəm mətləi, mabə’di var əmma!..