Məzmuna keç

Bir cibimdə əskinasım

Vikimənbə saytından
Bir cibimdə əskinasım
Müəllif: Mirzə Ələkbər Sabir

Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat,
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Pişgahi-çeşmi-canımda vətən etsə vəfat, -
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!

Qarşımda təzim üçün səf bağlasa kühsarlər,
Axsa aclar didəsindən cuyi-cuşişbarlər,
Baxmaram, ancaq çoxalsın kassada dinarlar,
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!

Xuni-əxvan ilə qoy olsun vətən bir laləzar,
Zalimanın zülmü hərgiz etməsin vicdanə kar,
Tək ucalsın şənimiz, olsun təəyyüş bərqərar,
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!

Şimdi bəzl etməm, mənə lazım şu imranın sonu,
Çün pula möhtacdır dünyada hər anın sonu,
Bərcəhənnəm olmasın yeksər müsəlmanın sonu!
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!

Çeynənildi millətin, neylim hüquqi-əqdəsi,
Ya ki, heç bir yerdə yoxdur hörmətli, çəni, səsi,
Böylə-böylə sözlərin mən olmaram baziçəsi!
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!

Müxtəsər, çəkmə yanımda bir də vicdan namini,
Ac qalıb zar ağlayan bikəs yetiman namini,
İstəsən könlüm açılsın – söylə milyan namini!
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!