Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 163. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat,
Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
Pişgahi-çeşmi-canimdə vətən etsə vəfat, –
Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
Qarşıma tə’zim üçün səf bağlasa kuhsarlər,
Axsa aclar didəsindən cuyi-cuşişbarlər,
Baxmaram, ancaq çoxalsın kassada dinarlər,
Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
Xuni-əxvan ilə qoy olsun vətən bir laləzar,
Zalimanın zülmü hərgiz etməsin vicdanə kar,
Tək ucalsın şə’nimiz, olsun təəyyüş bərqərar,
Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
Şimdi bəzl etməm, mənə lazım şu imranın sonu,
Çün pula möhtacdır dünyadə hər anın sonu,
Bərcəhənnəm, olmasın yeksər müsəlmanın sonu!
Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
Çeynənildi millətin, neylim, hüquqi-əqdəsi?!
Ya ki, heç bir yerdə yoxdur hörməti, şə’ni, səsi,
Boylə-boylə sözlərin mən olmaram baziçəsi!
Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
Müxtəsər, çəkmə yanımda bir də vicdan namini,
Ac qalıb, zar ağlayan bikəs yetiman namini,
İstəsən könlüm açılsın – söylə milyan namini!
Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!..