Bir dostun məktubuna cavab
Bir dostun məktubuna cavab Müəllif: Seyid Əzim Şirvani |
Əssəlam, ey güli-gülzari-vəfa!
Əssəlam, ey gühəri-bəhri-əta!
Ey salan yadə məni-heyrani,
Sənə qurban bu həzinin cani!
Hər zaman ki, fələki-şöbədəbaz
Vermiş idi mənə min suzü güdaz,
Ol güli-gülşənimin hiçrani,
Mənə təng etmiş idi dünyani.
Həmdəmim naləvü fəryadü fəğan,
Göz yaşını seyl tək olmuşdu rəvan.
Çox pərişan idi qəmdən halım,
Kafər ağlardı görə əhvalım,
Xatirim hicrdə məşğuli-xəyal,
Gözlərim müntəziri-rahi-vüsal.
Nagəhan nameyi-yari-kamil
Mənə bir şəxsdən oldu vasil.
Öpübən naməni qoydum gözümə,
Gəldi can cismimə, taqət dizimə.
Vəh, nə məktub Gülüstani-İrəm!
Vəh, nə məktub, güli-baği-kərəm!
Vəh, nə məktub ki, babi-rəhmət!
Səfhəsi səfheyi-baği-cənnət.
Sətrlər sanki xiyabani-behişt,
Etdi namən məni mehmani-behişt.
Nöqtəsi mərdüməki-dideyi-hur,
Vəsfini etməyə əqümdə qüsur.
Oxudum naməni, oldum ehya,
Etdi Nuh oğlunu ehya İsa.
Sanki bir pirəhəni-Yusif idi,
Çeşmi-Yəqubi münəvvər elədi.
Hər səvadın oxudum, can tapdım,
Xızr tək çeşmeyi-heyvan tapdım.
Barilaha, olasan şad müdam,
Məni şad eylədin, ey fəxri-kiram!
Eyləyib xürrəmü xəndan məni,
Eylədin aləmə sultan məni.
Sən görüm aləmə sultan olasan!
Təxti-izzətdə Süleyman olasan!
Eylədin mən kimi bir murə kərəm,
Etməsin lütfünü həq səndən kəm.
Var ümidim ki, xudavəndi-qəfur,
Edə mən bikəsə vəslin məqdur.
Yenə vəslindən ola şad könül,
Ola bu qüssədən azad könül.
Gələ bu mürdə olan cismimə ruh,
Ala saqilər ələ cami-səbuh.
Yenə bərpa ola bəzmi-işrət.
Can tapa ləli-ləbindən ləzzət.
Daim əbr içrə gün olmaz məstur,
Çıxıb axırda verər aləmə nur.
Bir qərar ilə deyil çərxi-mədar,
Gah olur fəsli-xəzan, gah bahar.
Yenə gütlər açılır, yaz olur,
Yenə bülbül gülə dəmsaz olur.
Vəslüvə can yetər inşaallah!
Bu bəlalər bitər inşaallah!
Ta təsəlli tapa dil hicrin ara,
Bir qəzəl tazədən etdim inşa.
Var ümidim oxuyub şad olasan,
Hicrə səbr etməyə mötad olasan.