Bu dərindi bu

Vikimənbə saytından
Bu dərindi bu
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.170

Beş gün səfər etdim, bir xanə gördüm
Beş qapısı, bağlı, bu dərindi bu.
Beş qapısı bağlı, beşi açılmış,
Beşi cavab verdi: bu dərindi bu.

Beş zərdan bazarı, beşi anbarı,
Beş zərdan mətahı, beşi xirdarı,
Beş tərəfdə olur beş çeşmə carı,
Beşini boyladım, bu dərindi bu.

Beş minbərdi, hər birində beş ayə,
Beş tərəfdən zikr olunur beş ayə,
Beş yerində mən oxudum beş ayə,
Beşi ism eylədi, bu dərindi bu.

Beş alim əyləşib beş məqam üstə,
Beşi var qocalmış, beşi novrəstə,
Beşi ayaq üstə, beşi bir dəstə,
Beşi səda eylər: bu dərindi bu.

Beşi ağayana, beşi mərdana,
Beşidir divanə, beşi məstana,
Beşidir İmana, beşi hər yana,
Beşi nalə edər, bu dərindi bu.