Məzmuna keç

Cahil ata ilə alim oğul hekayəsi

Vikimənbə saytından
Cahil ata ilə alim oğul hekayəsi
Müəllif: Seyid Əzim Şirvani


Bir təvangər əvami-dəryadil
Göndərir oğlun elm edə hasil.
Hər il irsal edir məsarifini,
Ta ki kəsb eyləsin məarifini.
On beş il İsfəhanda ol huşyar
Eyləyib kəsbi-elm leylü nəhar,
Yetirir cümlə elmi itmamə,
Fəzli məşhur olur çü Əllamə.
Hikmətin əvvəlinci Loğmani,
Xassə hikmətdə yox ona sani.
Ta ki eylər müraciət vətənə,
Bülbülasa gəlir kühən çəmənə.
Bir gün ondan edər atası sual-
Key gözüm nuru, ey həmidəxisal,
Neçə illərdü çəkmişəm zəhmət,
Qalmışam gül cəmalüvə həsrət,
Sənə göndərmişəm hər il çox pul,
Oğul, az qalmışam olam yoxsul,
De görüm, mətləbə olaq vasil,
Hansı bir elmi etmisən hasil?
Dedi: - Ey baisi-həyatım ata,
Ey rizası olan nicatım ata.
Sən özün bir əvami-ümmisən,
Bu sualındı qeyri-müstəhsən.
Mən nə dilcən sənə bəyan eləyim,
Mən necə elmimi əyan eləyim?
Dedi: - Filcümlə qıl bəyani-ülum,
Ta görüm səndə vardı bir məlu?
Dedi: - Heyət mən etmişəm hasil,
Sənə bundan nə şey olur vasil?
Dedi: - Heyət demək nədir yəni,
De görüm heyətə nədir məni?
Dedi: - Heyət edər bəyani-nücum,
Sənə filcümlə eylərəm məlum.
Çün olur Şəms daxili-Səratan,
Olur aləmdə fəsli-tabistan.
Cədyə daxil olanda mehri-münir
Zəmhərir aləmə edər təsir.
Bu səyağı əlində tut bürhan,
Bilüsən yay haçanı, qış nə zaman.
Dedi: - Ey bikəmal, on beş il
Gedibən etmisən bunu hasil?..
Şərmnak oldu alimi-dana,
O sifət elmdən budur məna.