Məzmuna keç

Cavan

Vikimənbə saytından
Cavan
Müəllif: Mirzə Ələkbər Sabir


Eyvanımız ucadır,
Nökərlərim xocadır,
Niyə məndə durmusan?
Mənim hara qocadır?!

Qabaq dişim tökülüb,
Azılarım sökülüb,
Mənə qoca deməzlər,
Bir az belim bükülüb!

Sözün məni yaralar,
Ürəyimi paralar,
Saqqalım ağardısa,
Həna qoysam qaralar!

Isticə lavaşım var,
Hər gecəyə aşım var,
Demə, dədəm yerdəsən,
Ancaq əlli yaşim var!

Getmə, getmə, a dilbər!
Məni etmə mükəddər,
Özümü yüz cavana
Eyləmərəm bərabər!..

Getmə, getmə, amandır!
Ürəyim dolu qandır,
Zahirdə qocaldımsa,
Könlüm hələ cavandır!