Məzmuna keç

Daş qəlbli insanları neylərdin, İlahi?!

Vikimənbə saytından
Daş qəlbli insanları neylərdin, İlahi?!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. II cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, --
Bilməm belə dövranları neylərdin, ilahi!

Məzlumların göz yaşı dərya olacaqmış, --
Dəryaları, ümmanları neylərdin, ilahi?

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, --
Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, --
Toxm əkməyə dehqanları neylərdin, ilahi?!

İş rəncbərin, güc öküzün, yer özününkü, --
Bəyzadələri, xanları neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, --
Dildadeyi-irfanları neylərdin, ilahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmış, --
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

Qeyrətli danosbazlarımız iş bacarırkən, --
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, --
Evlərdəki nisvanları neylərdin, ilahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp..