Məzmuna keç

Daş qəlbli insanları neylərdin, İlahi?!

Vikimənbə saytından
(Daş qəlbli insanları neylərdin, ilahi?! səhifəsindən istiqamətləndirilmişdir)
Daş qəlbli insanları neylərdin, İlahi?!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. II cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Molla dayı, etmə şərarət belə,
Ortalığa salma ləcacət belə!..
Gündə çıxarma yeni bir qaidə,
Məktəbi bilmə belə bafaidə,
Milləti bənd etmə əlif-baidə,
Söyləmə "sə’fəs" belə, "qərşət"1 belə!..
Çox da sənin tək deyiləm naxələf
Ta olam aqi-pədərani-sələf,
Elmlə övladımı etməm tələf –
Min də desən söz belə, söhbət belə!..
Elm nədir, fəzl nədir – qanmaram,
Atəşi-elmə alışıb yanmaram,
Sən edən iğvalərə aldanmaram,
Vermə əbəs kəndinə zəhmət belə!..
Cəhldə bir qəl’əyi-istadəyəm,
Aləmi məhv etməyə amadəyəm,
Adiyi-tiryakü meyü badəyəm,
Etmişəm ömrümdə mən adət belə!..
Tikmə, kənar ol, gözümə milləti!
Neyləyirəm milləti, milliyyəti?!
Oldu başım dəng, dəyiş söhbəti,
Az sölə millət belə, ümmət belə!..
Mən fəqət öz əmrimi samanlaram,
Xeyrim üçün aləmi viranlaram,
Mən nə cəmaət, nə vətən anlaram, –
Yansa vətən, batsa cəmaət belə!..
Yox gözüm əsla füqəra görməyə!
Xud, füqəranı nə rəva görməyə?
Gözdə əgər olsa ziya görməyə –
Göstər ona pul belə, dövlət belə!..