Məzmuna keç

Demək olmaz (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.35

Hamı xəlq olunub bir qətrə sudan,
Hər yetən gədaya xan demək olmaz.
Yatıb, qəflətdədi, qalxmaz yuxudan,
Nalayiq insana can demək olmaz.

Gün xoş keçsə, ömür başın tacıdı,
Taleyim kəc gəldi, baxt qiyqacıdı.
Bir tənə söz zəhrimardan acıdı,
Qanmayan nadana qan demək olmaz.

Düz çıxar həmişə mərdin ilqarı,
Müxənnətin olmaz heç etibarı.
Yığar qaynağına şah mardan arı,
Çəkməsə nizama, şan demək olmaz.

Əyri olan bilməz yolu, ərkanı,
Saxlayar könlündə şəri, böhtanı.
Bədəsil tanımaz yaxşı, yamanı,
Namərd süfrəsinə nan demək olmaz.

İman yad ellərdə candan usanı,
Hərcayı sözlərdən hər dəm utanı.
Hər gündə cəsədi bir qədər yanı,
Ləlzədə alışıb yan demək olmaz.