Məzmuna keç

Dilimnən (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dilimnən
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 38

Bir əldə göz yaşım, birində namə,
Zikr edirəm bir ağanı dilimnən.
Bir gün yetər çarxı-gərdiş tamama,
Səslənərəm o sübhanı dilimnən.

Sərsəri cəfadan düşmüşəm ləngə,
Kəsilib ümidim nam ilə nəngə.
Qəza gətdi saldı məni bu təngə,
Çağırıram Mustafanı dilimnən.

Xəlq edib nurundan allahüs-səməd,
Məhəmməd dedi ol vahidəl əhəd
Qiyamət şəfisi, namıdı Əhməd,
Söyləmişəm bol üsyanı dilimnən.

Keçib gədərdənimə qəza kəməndi,
Gəzdirir aləmi, həm şəhri, kəndi.
Bir şahi-qəzənfər dada yetəndi,
Vird edirəm Mürtəzanı dilimnən.

Sən ey şiri-xuda, heydari-kərrar,
İstəsən, ay ağa, bircə ərzim var:
Bu Novrəs İmanı müşgüldən qurtar,
Vəsf eyləyim bu sövdanı dilimnən.