Məzmuna keç

Dirilik/Milli Dirilik III

Vikimənbə saytından
Milli Dirilik II Dirilik. Milli Dirilik III (1914)
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Milli Dirilik IV
Həm mötərizə, həm də kursiv içində olan bütün qeydlər müəllifə aid olmayıb, özündən əvvəlki ifadənin izahıdır. Kursiv içərisində olmayıb, mötərizə daxilində olab ifadələr müəllifə məxsusdur.
Mənbə: “Dirilik” N4, 1 noyabr 1914

Milli vicdan ilə imanın nə surətlə hasil olacağından bəhsi bu nömrəyə vəd eləmişdik. Milli vicdan və yаxud milli iman milli dirilikdəki əməl və arzunun mövcudiyyətindən və onun surəti-hiss və bəyanından hasil oluyor. Hər millət deyil, hətta bir şəxsin özünə görə bir əməli vardır. Buna başqa təbirlə meyl və arzu dəxi demək olar. Bunun firəngcəsi “ideal” gəliyor. Osmanlıcada son zamanlarda bunu “məfkurə” deyə tərcümə edənlər də vardır. Hər şəxsin arzu və əməli bittəb özünün iqtidar və məsləki ilə mütənasib olur. Məsələn, bir müəllimin məktəb müdirliyinə nail olmaq istəməsi onun üçün bir əməl təşkil edir. Bir mühərririn qəzetə sahibi olmağı arzu eləməsi onun idealıdır. Öylə də bir çobanın böyük bir sürü sahibi olmaq diləməsi onun məfkurəsidir. Demək ki, bir şəxs öz iqtidar və bacarığı dairəsində müntəha (son dərəcə) nəyə malik olmaq istərsə, o şey onun əməlidir. Əməlsiz kimsə yoxdur. Onsuz yaşamaq naqabildir (imkansızdır). Əməl fəaliyyətə, fəaliyyət də tərəqqiyə mövcib (səbəb) oluyor. Şəxslər əməlsiz yaşaya bilmədikləri kimi, millətlər də əməlsiz yaşaya bilməzlər. İştə millətin ümumən də mövcud olan hakim bir əməl və arzu yolunda bəslənən gizli hisslər milli vicdan ilə imanı tövlid ediyorlar (doğurur). Fəqət bu milli əməlləri kimlər zühura çıxarıyor və milli vicdan nə surətlə zahir oluyor? Bunu anlıyalım: Yuxarıda kimsənin əməlsiz olmadığını iddia etdik, fəqət əməldən əmələ fərq vardır. Şəxsi əməllər hər nə qədər müşkül və istehsalı çətində olsa, böyük ola bilməz. Yəni ona böyük və milli əməl deyilməz və o milli vicdanın tələb elədiyi də olmaz. Məsələn, bir hambal millioner olmaq əməlinə düşər və bu çətin məqsədə nail olsa belə, bu əmələ böyüklük namı verilməz. Fəqət bir fərd öz mühitinin faydasını düşünərək şəxsi üçün deyil, qövmi və yаxud milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar, bu kimi adamlara da böyük əməlpərvərlər, yаxud məfkurəçi ismi verilər. Məsələn, ruslarda Böyük Pyotr, Lomonosov, firənglərdə Jan Jak Russo, Napoleon; almanlarda Lyuter, Bismark; osmanlılarda Sultan Məhəmməd Fateh, Midhət Paşa; iranlılarda Nadir şah ilə Firdovsi; əfqanda Əmir Əbdürrəhman xan bu kimi böyük əməlpərvərlərdəndir. Böyük milli əməl bəsləyənlər əvvəl nəzərdə görüldüyü kimi o qədər də az deyildirlər. Onlar hər zamanda olmuşlar və vardırlar. Yalnız şöhrətləri, iqtidarları və gördükləri işlərin əndazəsinə (ölçüsünə) görədir. Öz şəxsi məqsədi xaricində mühitinin ehtiyacı ilə məşğul, onun səadəti naminə əməl bəsləyən və o əməllərə öz şəxsi əməlləri kimi xidmət edənlər həmən böyük əməlpərvərlərdəndirlər. Bir millət arasında bu kimilər məhdud, yа məfqud olarsa (yox olarsa), o, millət müstəqil və sağlam bir vücud üzü görməz və başqalarının ziri-dəsti olub, ayaqları altında əzilər, gedər. Çünki, şəxslərə mümkün olmadığı kimi, millətlərə də əməlsiz yaşamaq qabil deyildir. Fəqət böyük əməlpərvərlər bu böyük əməli haradan alıyorlar? — Əsil arasında yaşadıqları mühitin özündən. Bir mühit, daha vazeh (açıq) bir təbirlə, bir millət əfradının (fərdlərinin) ürəklərində milliyyətləri və mühitləri haqqında bəzi arzular vardır. Fəqət bu arzulara bir şəkil və surət verməkdən özləri acizdirlər. Müştərək bir əməl bəsliyorlar, fəqət bu bəslədiklərinin nədən ibarət olduğunu təyin edə bilmiyorlar. Aralarından bir iqtidarlısı çıxıb da bu hər kəsin mübhəm (gizli) bir surətdə hiss etdiklərini müəyyən bir şəkil və surətə qoyunca, baxırsan ki, bir çoxları özlərinin də mübhəm bir surətdə hiss etdikləri şeyin məzkur (yuxarıdakı) əməlpərvər tərəfindən təyin olunanın eyni olduğunu görüyorlar. Demək ki, əməlpərvər birisinin qələmə və yаxud dilə gətirmək surətilə təsvir etdiyi bu lövheyi-istiqbal bir ayineyi-xəyaldır. Hər kəs özünün istədiyini o aynada inikas etmiş (əks etmiş) buluyor və dərhal özünün dəxi o fikirdə olduğunu izhar (bəlli) ediyor. Ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir və təyin olunan, başqa təbirlə, ehzar olunan (hüzura gətirilən) milli əməllər layihəsi xalqın əsl düşünüb də hiss və arzu etdiyilə təvafüq edirsə (uyğunlaşırsa), məzkur (haqqında danışılmış) əməl səri bir surətdə xalq arasında intişar edər (yayılar) və bollu tərəfdarlar qazanar. Yoxsa məhdud bir dairədə intişar tapıb nəhayət, nisyan (unutma) bucağına atılıb qalar. Məsələn, Fransa inqilabi-kəbirindən (böyük inqilabından) əvvəl mövcud olan üsuli-həyatdan Avropa xalqı bizar olmuş (bezmiş) və əqillərin o vaxta qədər hakimi olan nəzəriyyə və fəlsəfələr köşəmiş, hər kəs halın böyləliklə davam edə bilməyəcəyini düşünmüş idi. Cəmaət digər bir tərzi-həyat arıyordu. Və hər kəs özü-özlüyündə də əhvalın nə yolla dəyişməsi lazım gələcəyini mübhəm bir surətdə hiss etməkdə idi ki, Russo o müdhiş qələmi-nəqqadı ilə zühur etdi. Mövcud olan tərzi-həyatı başdan ayağa tənqid edərək, tazə bir həyat əməlinin əndazəsini göstərdi. Bütün Avropa həmən Russonun yazdıqlarını alqışladı, hər yerdə filosof özünə atəşli tərəfdarlar tapdı. “Russoluq” xalqı elə bir həyəcan və ğəlyanə gətirdi ki, xalq onun vəz eyləmiş (öyüd vermiş) olduğu əsasların müdafiəsi üçün canını fədaya hazır olub, əməl uğrunda biintiha (intihasız) qalanlar belə töküldü. Papalıq hədd və əndazədən çıxmış bipayan (ucsuz-bucaqsız) cinayətkarlıqları və sui-istemallarından bizar olan xristianlıq aləmi Lyuterin zühuru ilə təsis edən protestantlığı dəxi öylə bir hərarət və səmimiyyətlə qarşıladı. Çünki Lyüter mühitinin mübhəm bir surətdə düşündüklərini tədvin eləmiş (sistemə salmış) və müəyyən bir şəklə qoya bilmişdi. Bolqar milləti bir zaman məhv və nabud (yox) olub getmişdi. Hər kəs bir daha bolqar deyə millət vücuda gələcəyindən naümid idi. Hətta zəmanəsinin ən mütəfəkkir bir simasını təşkil edən Volter belə bolqarlar haqqında “münqəriz (nəsli kəsilmiş) bir millət” demişdi. Fəqət sonra bolqar böyük əməlpərvərləri Vazovlar və Bayayılar zühur etdilər. Bolqarların təbir edə bilmədikləri əməllərini qələmə gətirib onları şerləndirdilər. Böyük Bolqar tarixi yazılıb burada bolqarların ən nazik hissiyyatlarına təsir edən və onlarda ruhi-milli oyadan vəqələr (macəralar) canlandırıldı. Binaən əleyh “yox”dan bir “var” əmələ gəldi. “Münqəriz” millət dirildi, özünü Avropaya tanıtdı. Yunanıstan da böylə oldu. Əgər vaxtilə təsis edən “Etr” cəmiyyəti millətini başına cəm edib də türkləri vətəndən qovmağa müvəffəq oldu isə, məhz o öz millətinin vicdan və imanını doğru bir surətdə təhlil edərək, xalqın mübhəm bir surətdə, duyduğu milli əməlləri həqiqətilə dərk və təbir edə bilmək sayəsində oldu. İştə bu xariqələr icad edə bilən böyük əməllərin müvəllidi olan milli vicdanı dərk və milli imanın iqtiza (zəruri) elədiyi böyük əməlləri kəşf və təfsir (izah) edə bilmək üçün hər şeydən əvvəl məzkur (həmin) mühiti və yаxud milləti öyrənmək, onun mazisini (keçmişini) bütün təfsilatı (təfərrüatı) ilə tədqiq etmək lazım gəldiyi kimi, bir millətin mənəvi mövcudiyyətindən ibarət olan dilinidə tədqiq eləmək, millətin yüzdə doxsan rüknüni (dirəyini) təşkil edən bu mövhibeyi-üzmanın bütün dəqayiqini (incəliklərini) aramaq və sonra da o istiqbal üçün bir çox giranbaha (dəyərli) maddələr saxlamış olan mazini, o xariqələr yarada bilən ana dili ilə millətə anlatmalıdır. Böylə milli bir dərs nəticəsində də heç şübhə yoxdur ki, milli vicdan təsis edər, o dəxi böyük və milli bir əməl tövlid edər.