Dirilik/Milli Dirilik IV
←Milli Dirilik III | Dirilik. Milli Dirilik IV (1914) Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Milli Dirilik V→ |
Həm mötərizə, həm də kursiv içində olan bütün qeydlər müəllifə aid olmayıb, özündən əvvəlki ifadənin izahıdır. Kursiv içərisində olmayıb, mötərizə daxilində olab ifadələr müəllifə məxsusdur. Mənbə: “Dirilik” №5, 16 noyabr 1914 |
Keçən məqaləmizdə böyük milli əməlin nə kimi bir qüvvətə malik olduğu ilə, onun mahiyyətindən və nə surətlə hasil ola biləcəyindən bəhs etmişdik, bu kərə yеnə o mövzu üstündə duracağız. Milli bir idealın (böyük əməlin) təsisinə nədən lazım görülüyor? Bunu yaxşıca dərk edə bilmək üçün bir az keçilmiş və keçirməkdə olduğumuz milli həyatımız ilə onun təzahürlərinə təhlil və intiqad baxışı ilə baxmalıyız. Nə görüyoruz? Bizdə bir çox cəmiyyətlər təsis olunuyor. Bir çox kitablar nəşr olunuyor. Böyük-böyük yapılar, binalar tikiliyor. Fəqət bunları nə kimi bir məqsədlə yapıyoruz? — deyə varid olan (verilən) suala cavabımız çox da səri və müəyyən bir şəkildə deyildir. Yəqinəmki, “millət üçün yapıyoruz” — cavabını verməkdən aciz deyiliz. Fəqət bu qədərlik bəsit bir cavab kafimidir? Həmən xeyrat və maarif ilə iştiğal edənlərə (iş görənlərə) millətinizin əməli və millətinizin təqib elədiyi məqsəd nədir? — deyə sorulsa, labüddən cavabında məəttəl qalarlar. İştə işlərimizdə ümumi böylə bir rabiteyi-həqiqi olmadığından gördüyümüz işlərimizdə arzu olunan ruh və bütün müəssisati — xeyriyyəmizi biri-birinə bağlayan həblülmətinin yoxluğu hər zaman sızılıyor. Qocaman böyük bir cəmiyyəti — xeyriyyə binası yapdırarız. Amma milli bir müəssisə olmaq üzrə yapılan bu binanın hansı tərzi-memaridə yapılacağına heç də əhəmiyyət verməriz. Qabağımıza gələn ilk mühəndisi tutub da “al bizə bir bina yаp” — deyiriz. O da götürür bir az “qotik”dən, bir az “renesans”dan, bilməm nədən, cüziyyətcə də “mavr” (ərəb) tərzi-memarisindən qarışıq bir kompazisiyon yapar. Daşı-daş üstə qalar, müdhiş bir bina, ali bir imarət vücuda gətirir. Bu əzəmət, bu böyüklük əlbəttə ki, bizi fərəhləndirir, qəlblərimizə bir şadlıq gətirir, fəqət bir çox xərclərlə hasil olan təzyinat bizə türklüyün, müsəlmanlığın keçmişdəki əzəmət və ehtişamını andıra bilsəydi, bizim də özümüzə məxsus memarlıqda bir üsula, həm də gözəl, ali təqlidaşayan bir üsula malik olduğumuzu bütün tamaşakaranə bildirsəydi; əlbəttə ki, binanın maddi əzəmətilə mütənasib mənəvi bir böyüklüyü də olardı və həqiqətən də bu böyük əməlin möhtəşəm bir abidəsi kəsilərdi. Müəyyən milli əməllər bəsləyən millətlərin tacirləri belə kontorlarında apardıqları mühasibat dəftərlərini öz ana dillərində yazırkən bir kərə bizim xeyriyyə və maarif işlərilə məşğul olan cəmiyyətlərimiz mühasibatına da diqqət olunsun. Bütün rusca, hələ mühasibat dəftərləri (bəlkə də böyləliyi təftiş üçün lazımdır, — deyə müdafiə olunur) oyanda, məktubat da ruscadır. Nitqlər dəxi çox kərə rusca irad olunur. Sənələrdən bəri qiraətxanamız vardır. Fəqət nədir o qiraətxana? Tapılarmı orada istədiyimiz mətbuat? Varmı orada nəşr olunan milli qəzetlərin məcmuləri? Hərdən bir bu ədibə, o cəmaət işi görənə yubiley yapıyoruz. Fəqət bu gün Mirzə Fətəli Axundovu tədqiq etmək istəyən bir münəqqid mövcud olan kitabxanalarımıza gedib, ona dair bir qədər olsun, məlumat yığa bilərmi? Və yainki Azərbaycan türk tarixi ədəbiyyatı ilə iştiğal etmək istəyən başqa milli bir müəssisə, xüsusi bir məhəll tapa bilərmi ki, oradan istədiyi vəsaiti əldə etsin? Yоx! Halbuki, qiraətxanamız da, kitabxanamızda çoxdan bəridir ki, var. Rusiya məmləkətinin bir cüzini təşkil ediyoruz. Rusiyada yaşıyoruz, onun vətəndaşlarıyız. Bittəb, madam ki, burada diriliyoruz, diriliyimizin bir çox ehtiyacları vardır. Bu ehtiyacların bu vaxta qədər nədən ibarət olduğunu müdəvvər və müəyyən bir şəkilə gətirə bildikmi? 1905 və 1906 sənələrində Rusiyaya tarixi bir zaman gəldi. O zaman hər təbəqə və hər millət özünün çoxdan bəri düşünüb də bir məfkurə (ideal) kimi bəslədiyi şeyləri haman meydana qoydu. Onu və bunu istiyoruz — dedilər. Yalnız biz bir əmri-vaqe qarşısında bulunduq. Nə istəyəcəyimizi, etiraf edəlim, bilmədik. Bunu bilən tək-tək fərdlərimiz var idisə onların da bildiklərini bizə bildirməyə vaxt yоx idi, Rusiyanın keçirmiş olduğu o məşhur sənələrdə biz bir təlatümə düçar olan gəmiyə bənzəyirdik ki, haraya gedəcəyini və sahili — nicati nə tərəfdə gördüyünü bilmiyordu. Hər halda bir tərəfə olsa da sükan saxlamaq lazım gəliyordu. Biz də bizimlə bərabər təhlükəyə tutulmuş olan digər millətlərin gəmiçilərinə baxdıq, yolumuzu onların getdiyi səmtə düzəltdik. Bittəb, əlimiz sükanda titrəyir və ürəklərimiz məchul bir aqibət qabağında çarpınıyor idi. Əvət, tufana tutulan bir gəmi üçün hədəfsizlik nə qədər mühlik isə, tarixi saatlarda bulunan bir millət üçün də əməlsizlik o qədər mühlikdir. O zamandan bu vaxta qədər az ömür keçməmişdir. Müharibələr mütənasibətilə həddi-rüşdə yetişdiyini isbat edən Rusiya təkrar bir əmri-vaqe qarşısında bulunursa, titrəməz bir ələ malikmiyiz ki, milliyyət gəmimizin sükanını bərk-bərk tutub da məqsəd tərəfə yоl aparsın? Burası cayi-sual. Məncə gəmiçilikdə məmul olan asimanşünaslığa aşina olmayıb da gedəcəyiz. Yolun yıldızını tanımadığımızca əli titrəməz sükançını da bulamayacağız. Məqsədimizi nişan verən o parlaq yıldızı daha kəşf edə bilmədik. Kəşfini axtaranlar bəlkə də vardır. Fəqət, daha budur kəşf olundu — deyə meydana çıxanlar görülmədi, yаxud görülmüşsə də gördüklərini ümumiyyətləşdirə bilməmişlərdir. Bu yıldızı nə cürə kəşf etmək olar? İştə hamımızın üstündə düşünməsi lazım olan bir məsələ! Bu vaxta qədər elədiyimiz xətadan, artıq ayrılma zamanı gəlmişdir. Nədir o xəta? Biz bu vaxta qədər bütün ümumi və milli işlərdə ancaq zahirə baxmış və qalibi təqlid etməyə çalışmışıq. Bunda bir dərəcəyə qədər müvəffəq də olmuşuq. Yabançı birisi, məsələn, Bakıya gəlsə və türkcə bilməyib də yalnız zahirimizlə haqqımızda bir fikir edinmək istəsə, onu alıb bir kərə Nikolayevski küçə ilə keçirsəniz: Buradakı milli olmaq üzrə yapılan ali imarətləri göstərərsiniz, sonra kitab mağazalarına aparıb, caməkanları dolduran bir çox əsərləri ona nişan verirsiniz. Şübhəsiz ki, bu qərib səyyah Bakı türklərinin olduqca mütəməddin və əməlpərvər bir millət olduğuna hökm edər, gedər. Fəqət həqiqətən də böyləmidir? Yuxarıdan bəri söylədiklərimiz iştə böylə olmadığını isbat ediyor. Xətamızı da burada aramalıyız. Məncə, bunu başqa yanda aramağa lüzum da yоx. Digərlərincə bilmiyorum, məncə bu olduqca vazeh və aşkardır. Bizdə işlərimizin ruh və mənəviyyatına aid olmaq üzrə böyük bir boşluq var: Əməl (ideal) boşluğu, bu boşluq hər tərəfdən hiss olunuyor. Bunun mürəvvici olmaq məcburiyyətində olan mətbuat demək olar ki, hamıdan ziyadə idealsızdır. Böylə olunca, nəzərə gəliyor ki, ibtidai-əmrdə mətbuatdan başlamalı, mətbuata bir ideal, bir məslək verməli. Fəqət bunu nə cür etməli? Bu xüsusda az-çox doğru bir fikir edilə bilmək üçün mətbuat və ədəbiyyatın mahiyyətcə necə bir şey olduğunu bilmək lazım gəlməzmi? Mətbuat və ədəbiyyatı mühitin, başqa bir təbirlə, millətin həyat və heysiyyətini inikas etdirən bir ayinə təsəvvür edərsək, şübhəsiz böylədir, ondan nöqsanlarını islah üçün əsasi bir vasitəyə müraciət olunmalıdır. Məlumdur ki, mağazaların caməkanlarını dolduran yazılar əksəriyyətlə cavanlarımızın qələmindən çıxıyor. Cavanlar içlərində bəzi xudpəsəndləri olmaqla bərabər — çox kərə də səmimiyyət və hüsniyyətlə qələmə sarılıyorlar. Arzu olunan nəticəni verə bilmiyorlarsa, qüsur özlərində deyil, mühitimizin əməl nöqteyi-nəzərindən boşluğundadır. Böyük əməllərə malik olmayan yazıçıdan, əmin olunuz ki, fövqəladə və müasir bir əsər gözləmək xatadır. Binaən əleyh böyük əməllər nəşrinə xidmət edəlim ki, bütün nöqsanlarımızı ancaq bu islah edə biləcək. Ancaq budur ki, işlərimizə bir ruh verəcək, diriliyimizə milli bir dirilik bəxş edəcəkdir. Digər bir nəzərə görə də həqiqi ədəbiyyat ancaq o ədəbiyyatdır ki, mühitin ehtiyacına cavab versin və millətin həyatını və həyatı yaralarını, necə ki, lazımdır, təsvir eləsin. Şübhəsiz ki, bu nöqteyi-nəzər səhihdir, binaən əleyh istədiyimiz bir ədəbiyyatı vücuda gətirmək, hüsulunu arzu etdiyimiz fikir və məslək cərəyanını doğura bilmək üçün hər şeydən əvvəl milli ehtiyaclarımızı öyrənib də öyrətməliyiz. Ehtiyaclarımız lüzumu dərəcəsində anlaşıldımı, sonra çarəsini düşünmək və bu düşüncə əsasında da diriliyimizin müncisi ola biləcək böyük əməli tapmaq müşkül bir iş deyildir.