Elmi mübahisələr/“Kor tutduğunu buraxmaz” (H.İsrafilova cavab)
←Şıltaq şöhrətpərəstliyin acı nəticələri (Ə.Əylisliyə cavab) | Elmi mübahisələr. “Kor tutduğunu buraxmaz” (H.İsrafilova cavab) Müəllif: Kamil Allahyarov |
Dolayı etiraf da bizi təmin edir (H.İsrafilova ikinci cavab)→ |
“Kredo” qəzetinin 21 oktyabr 2006-cı il sayından başlayaraq üç nömrəsində filologiya elmləri doktoru Hüseyn İsrafilovun “Orta məkan – mənəvi Turan” adlı məqaləsi çap olunmuşdur. Əvvəli və sonu (yəni girişi və nəticəsi) olmayan bu qarmaqarışıq, bir-brinə zidd fikirlərlə dolu məqalə bizim 1999-cu ildə Bakıda “Çıraq” (№6), İstanbulda isə “Tarih: Türk dünyası və kültür dərgisi” (Kasım ayı) jurnallarında çap olunmuş “Turan – türk və qun-quz” adlı yazımızın tənqidinə həsr olunmuşdur. Yadımıza gəlir ki, elə həmin dövrdə H. İsrafilov bu məqaləsini “Çıraq” jurnalında çap etdirmişdir. Ancaq məqalə o qədər qeyri-peşəkar səviyyədə yazılmışdı ki, onun hər bir cümləsinə bir neçə səhifə izahat vermək lazım idi. Ona görə də o zaman biz onun yazısını cavabsız qoyduq. Eyni bir tənqidi məqalənin yeddi ildən sonra ikinci dəfə çap etdirilməsi, əlbəttə, qəribə görünməyə bilməz. Ona görə də biz düşünürük ki, yazı-pozunu o qədər də xoşlamayan H. İsrafilov ya Ədəbiyyat İnstitundakı plan işlərini yerinə yetirə bilmədiyinə görə rəhbərliyi aldatmaq məqsədilə bu üsulla məqalələrinin sayını artırmağa çalışıb, ya da, gec də olsa, bizim onun məqaləsinə münasibət bildirməyimizə imkan yaratmaq istəyib. Hər halda yeddi ildən sonra bizi bir daha xatırladığına görə ona təşəkkür edirik.
H. İsrafılov öz məqaləsinin indi çap etdirdiyi variantının əvvəlinə bir qədər yeni “faktlar” və fikirlər də əlavə etmişdir. Daha doğrusu, o, yalançı elmin son illərdə əldə etdiyi "nailiyyətlərdən" də istifadə etməyə çalışmışdır. Belə ki, o, öz savadsızlığını yalançı türkçülük, yalançı vətənpərvərlik pərdəsi altında gizlətmək istəyən digər həmkarlarına istinadən iddia edir ki, "Avesta əlifbası bu gün elmdə "uyğur əlifbası" adlananla eyni əlifbadadır". Ancaq bu, ağ yalandır. Məlumdur ki, 8-ci əsrdən işlənən uyğur əlifbası soğd əlifbası əsasında hazırlanmışdır. Həm soğd əlifbası, həm də "Avesta"nın yazıldığı pəhləvi əlifbası isə öz mənşəyini arami əlifbasının müxtəlif variantlarından götürsələr də, onlar arasında çox ciddi fərqlər vardır.
H. İsrafilovun sonrakı iddiası daha heyrətamizdir: o, yenə başqa yalançı türkçülərə istinadən, ancaq heç bir real əsas olmadan bildirir ki, "Avesta" əvvəlcə türk dilində yazılıb, sonradan pəhləvi dilinə tərcümə edilib və hətta bir çox türk sözləri tərcümə variantında saxlanılıb. Bu məqsədlə onun göstərdiyi sözlərin böyük əksəriyyəti nə "Avesta" dilində, nə də qədim türk dilində vardır. "Avesta"da rast gəlinən "andırbay", "dinə", "açı" kimi sözlər isə heç də onun göstərdiyi kimi "od", "məqsəd", "ilan" mənalarında yox, müvafiq olaraq "zəruri", "dünən" və "tikmək" mənalarında işlənmişdir. Burada göstərilmiş sözlərin heç biri qədim türk sözlüklərində də yoxdur. Təbiidir ki, belə kəlakbazlıqlarla adi adamları aldadıb, onların qarşısında özünü böyük və vətənpərvər alim kimi qələmə vermək olar, ancaq mütəxəssisləri aldatmaq mümkün deyildir.
Müxtəlif dünya dillərində uyğun səs birləşmələrindən ibarət formaca oxşar, mənaca müxtəlif sözlərin olmasının səbəbi isə onunla bağlıdır ki, bütün dünya dillərindəki milyardlarla sözlər orta hesabla 30-35 eyni səsin (məs., a,b,v,d və s.) müxtəlif kombinasiyalarda bir-biri ilə birləşməsindən yaranmışdır. Belə halda müxtəlif dünya dillərində ayrı-ayrı sözlər arasında tez-tez rast gəlinən zahiri forma uyğunluqlarının olması obyektiv zərurət halı alır. Məsələn, ingilis dilindəki "mən" (kişi; adam), rus dilindəki "on" (o), fars dilindəki "quş" (qulaq) səs birləşmələri Azərbaycan dilində də işlənir (lakin başqa mənalar verirlər). Ancaq bu, heç də yalançı türkçülərin düşündükləri kimi, o demək deyildir ki, həmin sözlər qeyd edilən dillərə Azərbaycan dilindən keçmişdir. Savadsız və elmi prinsiplərdən xəbərsiz yalançı türkçülər isə məhz bu əsasda iddia edirlər ki, guya bütün dünya dilləri türk dilindən yaranmışdır. Halbuki elə bu yalançı prinsip əsasında həmin iddianın tərsini də demək olar: Azərbaycan dilindəki sözlər ayrı-ayrı dünya dillərindən götürülmüşdür. Lakin hər iki iddia eyni dərəcədə cəfəngiyatdır. Müxtəlif dillərdə həqiqətən də başqa dillərdən keçmə sözlərin olmasını göstərmək üçün isə (dünyada bir dənə də olsun təmiz, qarışıqsız xalq, təmiz irq, təmiz mədəniyyət olmadığı kimi, təmiz dil də yoxdur) bu dillərin tarixi əlaqələrinə dair çoxlu tarixi-filoloji sübutlar gətirmək lazımdır. Tarixi, məntiqi və elmi sübut anlayışı isə yalançı alimlərə yaddır. Onlar, tamamilə əksinə, müxtəlif dillərdə yuxarıda göstərilən səbəb üzündən yaranan təsadüfi oxşar səs birləşmələrini və sözləri həmin xalqlar və dillər arasındakı tarixi əlaqələrin sübutu hesab edirlər.
Bunu da qeyd edək ki, "Avesta" dilini "türk dili" adlandırmaq qədim türk kitabələrinin dilini ingilis, rus və ya qaraçı dili adlandırmaq kimi bir şeydir. Həm də "Avesta" dili dünyada Orxon-Yenisey kitabələrinin dilindən azı on dəfə yaxşı öyrənilmiş, onun qrammatikasına və leksikasına dair saysız-hesabsız kitab və məqalələr yazılmışdır. "Avesta"nın ən qədim hissələri, yəni söylənilməsi Zərdüştün özünə mənsub edilən "Qat"ların dili isə, mütəxəssislərin fikrincə, indiyədək "Quran" ayələri kimi dəyişilməz qalmışdır və bu dil hind-Avropa mənşəli sanskrit dilinə çox yaxındır. Digər yalançı türkçülər kimi, H.İsrafilovun da türk hesab etdiyi skif və "Avesta" dillərinin hind-Avropa mənşəli olmasını göstərmək üçün isə aşağıdakı "Avesta" və skif sözlərinə nəzər salmaq kifayətdir ("Avesta" və skif sözləri İ.M.Oranskinin "İran filologiyasına giriş" (M., 1988, rus dilində) kitabına əsasən verilir; s.32): "ana" sözü: skif dilində "mata", "Avesta" dilində - "matar", fars dilində - madər, rus dilində - mat, ingilis dilində mazə; "qardaş" sözü: skif dilində - brata, "Avesta" dilində - bratar, fars dilində - bəradər, rus dilində - brat, ingilis dilində - brazə; "qapı" sözü: skif və "Avesta" dillərində - dar, fars dilində - dər, rus dilində - dver, ingilis dilində - do; "yüz" sözü: skif və "Avesta" dillərində - sətə, fars dilində - səd, rus dilində - sto; "çay" sözü: skif və "Avesta" dillərində - ra, rusca - reka, farsca - rud, ingiliscə - rivə.
Daha sonra H.İsrafilov yazır: "Tur" və "Turan" etnonimləri ilə bağlı olaraq burada bir mənbədən də misal gətirmək istəyirəm: Bu birinci Xosrov Ənuşirəvanın (531-579) göstərişi ilə qədim pəhləvi dilindən orta fars dilinə tərcümə olunmuş "Pabak oğlu Ərdəşirin əməlləri kitabı"dır ("Karna- meq-y-Ardaşir-Pebaqan")". Burada imla qüsurlarından tutmuş (nöqtə əvəzinə ikinöqtə, "bu" işarə əvəzliyindən sonra vergülün qoyulmaması), hər cür başqa səhvlərə də rast gəlmək mümkündür. Məsələn, "Tur" sözü etnonim, "Turan" sözü isə toponim olduğu halda, müəllif onların hər ikisini "etnonim" adlandırır. "Pəhləvi dilindən orta fars diiinə tərcümə" ifadəsi də gülünc şeydir, çünki "pəhləvi dili" ilə "orta fars dili" istilahları sinonimlərdir və hər ikisi eyni bir dövrdəki eyni bir dili bildirir (bax: "Böyük ensiklopedik lüğət. Dilçilik". M., 1988, s. 374). Qeyd edilən əsərin düzgün adı isə "Karname-yi Ərdəşir-i Papəkan"dır. "Papək" adını isə H. İsrafilov gah "Pabak", gah "Pebaq", bir qədər aşağıda isə "Papaq" şəklində yazmışdır. Bütün bunlar isə təsadüfi səhvlər deyildir. Bizə məlumdur ki, onun bu məqaləsi hələ "Çıraq" jurnalında çap olunarkən jurnalın redaktoru prof. A.Hüseynov məqaləni üslub və qrammatik baxımdan Azərbaycan dilinin qaydalarına uyğunlaşdırmaq üçün bir neçə gün vaxt sərf etmişdir. Məqalədə rus dilindəki kitablardan gətirilən sitatların rusca saxlanılması da təsadüfi deyildir. Biz H.İsrafilovu şəxsən tanıdığımıza görə dəqiq surətdə bilirik ki, bu filologiya elmləri doktoru Azərbaycan dilində düzgün yaza bilmədiyi kimi, rus dilindən düzgün tərcümə etməyi də bacarmır. Bunları sübut etmək isə çətin bir şey deyildir. İxtisasca da H.İsrafilov, olsa-olsa Cəlil Məmmədquluzadənin "Ölülər" komediyası üzrə mütəxəssis sayıla bilər (o, bu əsər üzrə doktorluq dissertasiyası müdafiə etmişdir). Əgər vəziyyət belədirsə, bəs onda, əcəba, bu komediya mütəxəssisi hansı əsaslarla tədqiqatçıdan dilçilik, folklor, tarix, arxeologiya, etnoqrafiya, etnologiya və s. elm sahələrində geniş biliklər və çoxlu dillər bilmək qabiliyyəti tələb edən qədim dövr dəryasına baş vurur. Görünür, elə bunun özü də bir komediyadır.
Bunu da qeyd etmək lazımdır ki, bütün yuxarıda deyilənlər H. İsrafilovun 15 qəzet sütunundan ibarət böyük məqaləsinin yalnız bir sütununun bir hissəsinə aiddir. Elə həmin sütunda başqa komik məsələlər də vardır. yadımızdadır ki, öz məqaləsinin ilkin nəşrində H.İsrafilov bizi "Avesta"da "Frəngrəsyan" (döyüşçü) adlandırılan Turan qəhrəmanını sonradan farsların istehza ilə "Əfrasiyab", yəni "su köpüyü" adlandırdıqlarını yazdığımıza görə ciddi tənqid atəşinə tutmuşdu. Məqaləsinin indiki nəşrində isə o, belə yazır: "Turanlı Frasiaq isə əfsanəvi Turan hökmdarı Alp Ər Tonqanın pəhləvicə, bəlkə də, qəsdən təhrif edilmiş adıdır. Alp Ər Tonqanın sonralar "su köpüyü" mənasını verən Əfrasiyaba çevrilməsi də, bəlkə, bu əzəli düşmənçiliklə bağlıdır".
Yalanlar uydurmaq, mif və nağılları həqiqət kimi başa düşmək, plagiatlıqla məşğul olmaq və s. kimi "vacib əməllər", ümumiyyətlə, yalançı türkçülər üçün səciyyəvi xüsusiyyətlərdir. Ancaq bilavasitə tənqid olunan məqalədən oğurluq etməyi biz birinci dəfədir ki, görürük. Bizim məqalədə H.İsrafılovun etirazına səbəb olan məsələlərdən biri də budur ki, biz adı "Avesta" ilə bağlı olan və e.ə. 1-ci minilliyin birinci yarısında yaşadığı güman edilən Əfrasiyabla (Frəngrəsyanla) adı Orxon abidələrində çəkilən və b.e. 8-ci əsrinin birinci yarısında karluq və uyğurların göytürklərə qarşı üsyanına başçılıq etmiş Tona (Tonqa) tiginlə eyniləşdirməyin əleyhinəyik. Sonuncu göytürklər tərəfindən öldürüldükdən sonra ona "Alp ər" (İgid döyüşçü) epiteti verilmişdir. Karluqlar X əsrdə müsəlman dinini qəbul edib, samanilərin (taciklərin) ərazisini tutduqdan sonra İran-tacik mədəniyyəti ilə yaxından tanış olurlar və sonuncuların dastanlarında "Əfrasiyab" adlı bır türk qəhrəmanının olmasından xəbər tuturlar. Bu adın zahirən "Alp Ər Tonqa" adına uyğun səslənməsinə əsasən onlar belə güman edirlər ki, taciklər onların milli qəhrəmanına "Əfrasiyab" deyirlər. Yusif Balasaquni də bu məsələni təxminən elə bu cür izah edir. Alp Ər Tonqa haqqındakı məlum şeirin əruzun rəcəz bəhrində (müstəf'ilün fA'ilün) yazılması da (bu, inkarolunmaz faktdır və həm Türkiyə, həm də Avropa türkoloqları tərəfındən təsdiq edilmişdir, çünki 11 dördlükdən ibarət olan şeirin hər bir sətirinin əruzun eyni bir ölçüsünə uyğun olmasını heç cür təsadüfi adlandırmaq mümkün deyildir) təsdiq edir ki, həmin şeir heç də e.ə. yox, 11-ci əsrdə Qaraxanilər sarayında yaşamış türk şairlərindən biri tərəfindən yazılmışdır. Əfrasiyabla Alp Ər Tonqanın ayrı-ayrı şəxslər olması barədə bizim irəli sürdüyümüz fikir isə elmi məsələdir və burada heç bir pis şey yoxdur; elə elmin məqsədi də həqiqətləri üzə çıxarmaqdan ibarətdir.
H.İsrafilov yenə bizim fikirlərə etiraz edərək yazır: "K.Hüseynoğlu iddia edir ki, "tigin" sözü sərkərdə deməkdir. Əslində isə qədim türk dilində "qul" deməkdir".
Bu da çox gülünc iddiadır. Məlumdur ki, Orxon abidələrində "tigin" sözü xan (xaqan) nəslindən olan qoşun başçılarına verilən tituldur (bax: "Qədim türk sözlüyü". Leninqrad, 1969, s. 547). Məgər xaqanatda ən yüksək ailənin, ölkəni idarə edən sülalənin övladlarına, ölkənin qoşun dəstələrinə rəhbərlik edən xan övladlarına "qul" demək mümkündürmü? Qədim türk dilinə aid heç bir sözlükdə, heç bir mətndə də "tigin" sözü "qul" mənasında işlədilməmişdir və işlədilə də bilməzdi. Göytürklərin ən məşhur sərkərdəsinə də elə "Kül-tigin" (H.İsrafilov səhvən onun admı həmişə "Gül-tikin" şəklində yazır) titulu verilmişdir ki, bu da, bizim fikrimizcə, elə "baş sərkərdə" deməkdir.
H. İsrafilovun məqaləsi bir-birinə zidd fikirlərlə doludur. Məsələn, məqaləsində iki yerdə o, səhvən də olsa, skifləri türk hesab etdiyi halda, başqa bir yerdə belə yazır: "Əgər İssık kurqanlarından gümüş cam üzərinə həkk olunmuş bu əski türk yazısı tapılmasa idi, yəqin ki, bu abidə "skif kurqanı" adlandırılacaqdı". Bunu da qeyd etmək lazımdır ki, yalançı türkçülərin iddialarının əksinə olaraq, həqiqi elmdə həmin cam üzərindəki yazı hələ də oxunmayıb; burada müxtəlif hərflərə oxşadılan işarələr vardır. Ən çoxu sanskrit əlifbasına (17 hərf), ən azı isə qədim türk əlifbasına (4 hərf) oxşayan müxtəlif hərflər aşkar edilmişdir.
Ümumiyyətlə desək, H. İsrafilovun üç qəzet səhifəsindən ibarət olan məqaləsində bir dənə də olsun düzgün fikir və ya abzas yoxdur. Ancaq bunların hamısını bir məqalədə izah etmək heç cür mümkün deyildir. Ona görə ki, H.İsrafilovun məqaləsi mütəxəssis məqaləsi deyildir. Mütəxəssislər hər hansı bir məsələ üzrə mübahisə edərkən həmin problem və ya sahə üzrə əsas məsələlər onların hər ikisi üçün aydın olur və onlar yalnız mübahisə doğuran məqamlar üzərində dayanırlar. H.İsrafilovda isə məqaləsində toxunduğu məsələlərin heç biri haqqında düzgün anlayış və ətraflı məlumat yoxdur. Ona görə də belə halda biz hər bir məsələni sıfırdan, əlifbadan başlayaraq izah etməyə məcbur olacağıq. Bu isə bir məqalənin yox, bir və ya bir neçə kitabın mövzusu ola bilər. Məhz bu səbəbdən də onun yazısındakı bütün yanlışlıqları bir məqalədə izah etmək imkan xaricindədir. Ancaq bir daha qətiyyətlə bildiririk ki, onun məqaləsində heç bir düzgün fikrə rast gəlmək mümkün deyildir. Əgər H.İsrafilov buna etiraz edərsə, onda qoy o, ən düzgün hesab etdiyi fikrini və ya məqaləsinin hər hansı bir abzasını özü göstərsin və biz növbəti dəfə yalnız həmin fikrin üzərində dayanaraq, onun tam əsassız və cəfəngiyyat olduğunu sübut edək.
H. İsrafilovun ən başlıca nöqsanı isə ondan ibarətdir ki, o, mifoloji mətnlərlə tarixi mənbələri bir-birindən fərqləndirə bilmir və istər türk mifologiyasına (məsələn, "Oğuznamə"lərə), istərsə də İran mifologiyasına (əsatirləşmiş "Avesta" məlumatlarına) dair mətnləri o, tarixi mənbələr və mütləq həqiqətlər kimi başa düşür. Elmi məntiqin, təfəkkürün lazımi səviyyədə olmaması isə, bütün yalançı elm nümayəndələrində olduğu kimi, onu da fanatizmə və şovinizmə yönəldir və bütün bunlar isə, öz növbəsində, belə müəllifləri "kor tutduğunu buraxmaz" məsəlinə gətirib çıxarır.
Sonda qeyd etmək istərdik ki, əgər qədim türk tarixi barədə H.İsrafilovun və digər yalançı türkçülərin söylədikləri belə yalan və uydurma təriflər doğrudan da xalqın inkişafına kömək etsəydi, onda bizim xalq çoxdan dünyanın ən qabaqcıl xalqlarından birinə çevrilərdi. Çünki "Biz qoca qafqazlı igid ərlərik,// Cümlə hünərməndlərik, nərlərik" kimi cəfəng tərifləri Sabirin, Mirzə Cəlilin qəhrəmanları hələ yüz il bundan qabaq deyirdilər. Onların məqsədləri də elə indiki xələflərinin məqsədləri ilə eyni idi:
Onda ki övladi vətən xam idi,
Ax necə kef çəkməli əyyam idi.
Yuxarıda deyilənlərdən də göründüyü kimi, H. İsrafilovun məqaləsi bizə qarşı böhtan və iftiralarla, Azərbaycan elminə münasibətdə isə yalan və uydurmalarla dolu olsa da (beynəlxalq elmi ictimaiyyət qarşısında isə belə şeylər bizə rüsvayçılıqdan başqa heç nə gətirə bilməz), məqaləsinin ilkin nəşri zamanı biz ona yaşlı bir adam kimi baş qoşmamış və cavab verməmişdik. Həmin hadisədən sonra isə bizim onunla heç bir əlaqəmiz və ya münasibətimiz olmamışdır. O, özü bu ağlasığmaz hərəkəti ilə bizi cavab yazmağa məcbur etdi. İstər-istəməz burada yadımıza belə bir lətifə düşür:
Bir gün bir yəhudi ravvinin yanına gəlib, ona deyir: "Ravvin, mən iki illiyə başqa bir şəhərə getməliyəm. Ancaq qayıdanda burada mənə pul lazım olacaq. Ona görə də mən istəyirəm ki, bu beş min dolları indi sənin yanında qoyub, qayıdanda geri alam".
Ravvin deyir ki, kim pulu bu cür əmanət qoyur? Yaxşı olar ki, qonşuları da çağıraq, sən onların şahidliyi ilə pulu mənə verib, arxayın gedəsən. Həmin adam da razılaşır və qonşuları çağırıb, onların yanında beş min dolları ravvinə verir.
İki ildən sonra həmin adam gəlib ravvinə deyir ki, ravvin, mən daha qayıtmışam, xahiş edirəm sənin yanında əmanət qoyduğum pulları geri verəsən. Ravvin deyir ki, hansı pulları, nə vaxt sən mənə pul vermisən? Pul sahibi cavab verir ki, ravvin, yəqin, sənin yadından çıxıbdır. Biz qonşuları da çağırdıq və mən pulları onların yanında sənə verdim. Ravvin deyir ki, mən heç nə xatırlamıram, əgər istəyirsənsə, qonşuları çağır, onlardan soruşaq. Həmin adam qonşuları ravvinin yanına gətirir və deyir ki, yəqin, sizin yadınızdadır ki, mən sizin yanınızda ravvinə beş min dollar verdim ki, saxlasın və mən qayıdanda geri qaytarsın. Qonşular "bizim yadımızda deyil və biz səni birinci dəfədir görürük" - deyib, çıxıb gedirlər. Bundan sonra əlacı kəsilən pul sahibi yalvarmağa başlayır ki, ravvin, bu pullar mənə olduqca lazımdır və onlarsız mən heç cür öz işlərimi yoluna qoya bilmərəm. Ravvin gülümsəyərək stolun siyirtməsini çəkir və oradan beş min dollar çıxarıb pul sahibinin qabağına ataraq deyir:
- Götür pullarını, sən elə bildin ki, doğrudan da bu mənim yadımdan çıxıb?
Həmin adam təəccüblənərək, soruşur:
- Ravvin, əgər sən pulları qaytaracaqdınsa, onda bəs bu oyunlar nəyə lazım idi?
Ravvin yenə gülümsəyərək, deyir:
- Sadəcə mən istədim sən görəsən ki, mən necə yaramazlar arasında yaşayıram.