Elmi mübahisələr/Şıltaq şöhrətpərəstliyin acı nəticələri (Ə.Əylisliyə cavab)
←Yalançı elmin iflası (İ.Kazımova və “İks” cənablarına cavab) | Elmi mübahisələr. Şıltaq şöhrətpərəstliyin acı nəticələri (Ə.Əylisliyə cavab) Müəllif: Kamil Allahyarov |
“Kor tutduğunu buraxmaz” (H.İsrafilova cavab)→ |
Öz çılğın və əksər hallarda ədalətsiz tənqidləri ilə tanınmış Əkrəm Əylislinin özü son günlərdə ümumxalq tənqidi, daha dəqiq desək, ümumxalq qəzəbi və nifrəti ilə üz-üzə qalmışdır. Daima diqqət mərkəzində olmaq ehtirası ilə alovlanan, öz primitiv bədii yaradıcılığını dünyanın ən böyük yazıçılarının yaradıcılığı ilə eyni səviyyədə hesab edən və buna görə də öz eqoist və şıltaq hərəkətləri ilə əslində Azərbaycan xalqını ona lazımi qiymət verməməkdə suçlayan bu insan nəhayət, “Daş yuxular” adlı sayaqlaması və ermənilərin köməyi ilə dünyanın diqqətini özünə cəlb etmək istəmişdir. Ancaq Əkrəm Əylisli bunu unudub ki, “Koroğlu” ləqəbi qazanmaq üçün öz atasının gözünü çıxaran adamlara Koroğlu yox, “Kor kişinin oğlu” deyiblər.
Əkrəm Əylisli son əsərində ermənilərin bizim xalqa qarşı törətdikləri cinayətləri nəinki elə ermənilərin özləri kimi ört-basdır etməyə çalışır, hətta azərbaycanlıların, onun öz sözü ilə desək, “yerazların” guya heç bir səbəb olmadan ermənilərə vəhşicəsinə divan tutmasından danışır. Yəni o, hadisələri tamamilə tərsinə çevirərək, erməni təcavüzünün nəticələrini konfliktin səbəbi kimi qələmə verməyə çalışır və bununla da əslində öz əsərini Azərbaycan xalqına qarşı yazılmış “Böhtannamə”yə çevirir. Bu cür birtərəfli ermənipərəst mövqe əsərin əvvəlindən sonunadək davam edir.
Ə. Əylislinin “Böhtannamə”si birdən-birə “yerazların” görünməmiş bir vəhşiliklə “günahsız” erməniləri qırması səhnələri ilə başlanır. Ancaq bunun səbəbləri barədə heç nə deyilmir. Halbuki nəinki adi məntiq, həqiqət və vicdan hissi, hətta adi oxucu qavrayışı da tələb edirdi ki, bu cür şişirdilmiş “vəhşiliklərindən” əvvəl “yerazların” kimliyi və qəzəblərinin səbəbləri barədə danışılsın. Onda hadisələrin mahiyyəti barədə oxucuda lazımi təcəvvür yaranardı və oxucu hər şeyi ətraflı və düzgün anlya bilərdi. Ancaq ermənilər kimi, Əkrəm Əylisli də bu konfliktdəki həqiqətlərin açılmasına qətiyyən yol vermək istəmir, təcavüzkarla təcavüzə məruz qalanın yerini dəyişərək, belə qələmə verməyə çalışır ki, bütün hadisələr məhz azərbaycanlıların ermənilərə vəhşicəsinə divan tutmasından sonra başlayıb. Halbuki hər kəs bunu yaxşı bilir ki, hadisələr əvvəlcə Ermənistandan və Dağlıq Qarabağdan başlanmışdır. Məhz ermənilər “yerazların” xeyli hissəsini öldürüb, qalan hissəsinin də evlərini, var-yoxlarını əllərindən aldıqdan sonra onları əzilmiş, qolu-ayağı sınmış, qulağı kəsilmiş, gözü çıxarılmış halda qaçıb Azərbaycana getməyə məcbur etmişlər. Azərbaycanda da yüz minlərlə qaçqına dərhal sığınacaq vermək, onları yerləşdirmək mümkün deyildi. Onların çoxu açıq havada yatır, aclıq çəkirdilər. Bir sözlə, onlar dözülməz vəziyyətə düşmüşdülər. O zamankı hakimiyyətin onların vəziyyətinə biganə münasibət göstərməsindən də qəzəblənən qaçqınlardan bəziləri çıxış yolunu Azərbaycanda rahat yaşayan ermənilərin evləri ilə özlərinin Ermənistanda qoyub gəldiyi evləri dəyişməkdə görürdülər. Bu məsələnin özü də əksər hallarda dinc yolla həll edilirdi. Ancaq bəzən erməni ailələrini zorla evlərindən çıxaranlar da olurdu. Hər bir xalqın içərisində müəyyən qədər qəddar adamlar olduğu kimi, “yerazlardan” da bəziləri erməniləri Ə.Əylislinin yazdığı kimi, balkondan ata və ya digər üsulla öldürə bilərdilər. Ancaq hətta qəzəblənmiş bu adamların törətdikləri belə hadisələri də heç vaxt erməni qəddarlığı ilə müqayisə etmək mümkün deyildir. Çoxlu dəqiq faktlar məlumdur ki, ermənilər öz dini mərasimlərində əsir düşmüş azərbaycanlıların başını kəsir, dərisini soyur və s. ağlasığmaz işgəncələrlə öldürürdülər. Bəs Azərbaycanlıların ermənilərə qarşı bu cür vəhşiliklər törətməsinə dair Əkrəm Əylisli hər hansı bir fakt söyləyə bilərmi? Sözsüz ki, yox, çünki azərbaycanlıların içərisində hətta təbiəti etibarilə cinayətkarlığa meylli olan ayrı-ayrı fərdlər də bu dərəcədə qəddarlığa, vəhşiliyə qadir deyillər. Bundan əlavə, ermənilər içərisində belə qəddar, vəhşi təbiətli insanlar başqa xalqlarla müqayisədə on dəfələrlə çoxdur. Çünki ermənilərin əksəriyyəti öz uşaqlarını hələ körpə yaşlarından millətçi ruhda böyüdür, xüsusilə də onlara türklərə qarşı nifrət hissləri aşılayırdı. Bəs onda nəyə görə Əkrəm Əylisli öz “Böhtannamə”sində əvvəldən axıra qədər erməniləri “mələk” sifətində, azərbaycanlıları isə qaniçən, zülmkar kimi göstərməyə çalışıb?
Biz “Azadlıq” radiosu vasitəsilə Ə. Əylislinin müsahibəsini dinlədik. O, ona verilən sualların, deyilən ittihamların heç birinə səmimi və düzgün cavab vermədi, əksinə, hiyləgərliklə onlardan uzaqlaşmağa, dinləyiciləri aldatmağa çalışdı. Məsələn, “nəyə görə onun əsərində birtərəfli surətdə azərbaycanlılar mənfi, ermənilər isə yalnız müsbət surətdə təqdim edilirlər?” sualına cavab verərkən o, dedi ki, “mənim yazdıqlarım bədii əsərdir, tarixi əsər və ya məqalə deyil ki, mən orada həqiqətləri olduğu kimi yazım”. Ancaq böhtan və təhqir hansı formada deyilməsindən asılı olmayaraq, onlar öz mahiyyətini dəyişmir. Digər tərəfdən, heç kəsin ixtiyarı yoxdur ki, istər elmi, publisist, istərsə də bədii əsərdə məlum həqiqətləri, hadisələri tamamilə tərsinə şərh etsin. Bədii əsərdə də tarixi hadisələri təhrif etmək olmaz. Yalnız onlara müəllifin özünün şəxsi münasibəti müxtəlif ola bilər. Həmişə ədəbiyyat sahəsində öz biliklərini nümayiş etdirməyə çalışan Ə.Əylisli elə bir bədii əsər göstərə bilər ki, orada məlum tarixi hadisələr, faktlar tamamilə tərsinə təsvir edilsin? Sözsüz ki, yox! O, öz müsahibəsində də öz “Böhtannamə”sinə bənzər başqa bir əsər göstərə bilmədi.
Əkrəm Əylisli həmin müsahibəsində öz iftiralarını əsaslandırmaq üçün deyirdi ki, Lev Tolstoy da ruslarla mübarizə aparan Hacı Muradı müsbət surət kimi təsvir edib. Ancaq burada heç bir təəccüblü şey yoxdur, çünki Lev Tolstoy öz yazıçı borcuna sadiq qalaraq, hadisələri saxtalaşdırmadan, obyektiv şəkildə təsvir etmişdir. Əkrəm Əylisli isə tamamilə əksinə, təcavüzkarı haqlı, təcavüzə məruz qalmış Azərbaycan xalqını isə günahkar kimi təqdim edir. Əgər rus işğalına məruz qalmış Qafqaz xalqlarının içərisindən çıxmış hansısa bir yazıçı öz xalqını vəhşi, mədəniyyətsiz, “günahsız rusların qanını içən”, işğalçı rus əsgərlərini isə mələk sifətli insanlar kimi təsvir etsəydi, məhz onun “əsərini” Ə.Əylislinin “Böhtannamə”si ilə müqayisə etmək olardı. Ancaq nə Qafqaz xalqlarının, nə də digər dünya xalqlarının arasından hələlik belə bir “yazıçı” çıxmayıbdır. Ona görə də Ə. Əylislinin “əsəri” sözün həqiqi mənasında Azərbaycan xalqına qarşı ağır bir zərbə və dünya ədəbiyyatı tarixində görülməmiş bir rəzalətdir.
Böyük şəxsiyyətlərin həmişə haqqın, ədalətin tərəfində durması tamamilə təbiidir. İngilis yazıçılarından da bəziləri öz dövlətlərinin başqa xalqları əsarət altına alıb, istismar etməsinə etiraz bildirmişlər. Bəs Ə. Əylisli kimin tərəfindədir: Xeyirin, yoxsa şərin? Haqqın, yoxsa haqsızlığın? Qoy o, özü bu barədə düşünsün. Əgər hər hansı bir erməni yazıçısı belə bir əsər yazıb, erməni təcavüzünü pisləsəydi, o zaman onun əsəri həqiqətə, haqqa, ədalətə xidmət etmiş olardı.
Əkrəm Əylislinin öz “Böhtannamə”sini M. F. Axundovun komediyaları, Mirzə Cəlilin əsərləri ilə müqayisə etməsi də tamamilə yersizdir. Bu böyük mütəfəkkirlər o dövrdəki cəhaləti aradan qaldırmaq, xalqı oyatmaq məqsədilə ona öz eyiblərini açıb göstərməyə çalışırdılar. Onlar nə öz xalqına nifrət edir, nə də “düşmən dəyirmanına su tökürdülər”. Ə.Əylislinin “Böhtannamə”si isə tarixi hadisələri saxtalaşdırmış, Azərbaycan xalqını təhqir etmiş və onun hiyləgər, yağı düşmənlərinin əlinə beynəlxalq aləmdə Azərbaycana qarşı işlədəcəkləri ən kəskin silahı vermişdir. Ermənilər hələ 50-100 il sonra da ondan bizə qarşı istifadə edəcəklər. Ə.Əylislinin bu “Böhtannamə”sini oxuyan erməni gəncləri də onu həqiqət kimi başa düşərək, gələcəkdə baş verə biləcək müharibələr zamanı azərbaycanlılara qarşı daha qəddar olacaqlar. Öz müsahibəsində Ə.Əylisli bu məsələ ilə bağlı belə bir iddia da irəli sürürdü ki, guya onun “Böhtannamə”si zamanı 50-60 il qabaqlayır və ermənilərlə azərbaycanlıların barışığına hesablanıb. Birinci, bu qətiyyən belə deyildir və onun bədiilikdən və həqiqətdən uzaq olan bu əsərinin yalançı erməni təbliğatına xidmətdən başqa heç bir mənası yoxdur. İkinci isə, özünü “hikmət xəzinəsi” hesab edən Ə.Əylisli məgər ən adi bir həqiqəti də bilmir ki, hər sözün öz yeri, öz zamanı vardır. Məlumdur ki, ermənilər artıq iyirmi ildir ki, Azərbaycan torpaqlarının iyirmi faizini işğal ediblər və danışıqlar yolu ilə qaytarmaq fikirləri də yoxdur. Əsas bəhanələri də budur ki, “azərbaycanlılar vəhşi millətdir, bizi qırırlar və biz daha onlarla birlikdə yaşaya bilmərik”. Belə məqamda tamamilə aydındır ki, Ə.Əylislinin “Böhtannamə”sində xalqımıza qarşı uydurulmuş iftiralardan erməni təbliğat maşını öz əsassız iddialarına konkret bir sübut kimi istifadə edəcəklər. Çünki onların əlində öz iftiralarını “sübut edə biləcək” başqa faktlar yoxdur. İndi qoy Ə.Əylislinin özü desin görək, hətta onun yazdıqları düzgün olsaydı belə, bütün bunları indiki zamanda rus dilində çap etdirib internetə qoymaq nə dərəcədə düzgündür? Sözsüz ki, əgər Məşədi İbad sağ olsaydı, hətta o da başını tutub, deyərdi: “Heç hənanın yeridir?”. Göründüyü kimi, Ə.Əylislinin “Böhtannamə”si Azərbaycan xalqına qarşı nifrətlə və qərəzlə yazılmış bir kitab, daha dəqiq desək, ona arxadan vurulan bir xəncərdir. Bəs o, Azərbaycan xalqına qarşı belə qəfil zərbəni nə üçün vurmuşdur? Axı Azərbaycan xalqı və dövləti ona həmişə hörmətlə yanaşmış, ona layiq olduğundan da qat-qat artıq qiymət vermişlər.
Bu barədə müxtəlif ehtimallar, yozumlar mövcuddur. Bəziləri belə fikirləşirlər ki, o, bununla xaricə gedib, orada siyasi sığınacaq almaq üçün zəmin, əsas əldə etmək istəyir. Ancaq o xasiyyət, mentalitet ki, Ə.Əylislidədir, çətin ki, o xaricdə insanlarla normal münasibətlər qurub, rahat yaşaya bilsin. Çünki o, kələkbazlıq, dicəllik etməsə yaşaya bilməz (onun xisləti belədir) və təbiidir ki, belə “vacib əməllərinə” görə orada onu dərhal həbsxanaya göndərəcəklər.
Bəziləri isə belə düşünürlər ki, o, Orxan Pamukun yolu ilə gedərək, erməni diasporunun köməyi ilə Nobel mükafatı almaq istəyir. Ancaq bu iş də çətin ki, baş tutsun, çünki birincisi, O.Pamukun “Qar” romanında “erməni qırğını” məsələsinə ötəri olaraq çox qısa şəkildə toxunmuşdur (burada həm də nəzərə alınmalıdır ki, Azərbaycandan fərqli olaraq, ermənilər Türkiyənin torpaqlarını işğal etməyiblər). Ə.Əylislinin “Böhtannamə”si isə dünya ədəbiyyatında analoqu olmayan bir hadisədir: burada bütün tarixi həqiqətləri tərsinə yazan müəllif əsərinin əvvəlindən sonuna qədər özünün təcavüzə məruz qalmış xalqının ünvanına ağlasığmaz iftiralar, təcavüzkarın şəninə isə ağlasığmaz təriflər söyləməklə məşğuldur. Ona görə də Nobel mükafatı münsiflər heyətinin tanınmış ədəbiyyatşünaslardan ibarət olan üzvləri yaxşı bilirlər ki, belə sayaqlamanın müəllifi Nobel mükafatına yox, tamamilə başqa mükafata – məhkəmənin təyin edəcəyi mükafata (ərəb dilində “mükafat” sözünün ikinci mənası “törədilmiş əməlin cəzası” anlamına gəlir) layiqdir. Hələ XVI əsrdə məşhur fransız mütəfəkkiri Mişel Monten yazırdı ki, “tarixi saxtalaşdıranları da saxta pul kəsənlər kimi dar ağacından asmaq lazımdır”. İkincisi isə, Nobel mükafatı almaq üçün heç olmazsa orta səviyyəli yazıçı olmaq lazımdır. Ə.Əylislini yazıçı edən isə əslində Sovet hökuməti olub. Sovet hakimiyyəti kolxozçulardan, kənd həyatından, sadə insanların həyatından yazan istənilən adama yüksək qiymət verir, onun əsərlərini də müxtəlif dillərə tərcümə etdirərək nəşr edirdi. O zaman sənətkarlıq, bədiilik mühüm deyildi, mühüm dövlətə lazım olan mövzulardan yazmaq idi. Yazıçı, şair adına layiq olmayıb, ancaq qazanc məqsədi ilə bu işi özlərinə peşə etmiş bir çox adamlar o dövrdə şair və yazıçı kimi “məşhurlaşdılar” ki, Ə.Əylisli də onlardan biri idi. Onun əsərləri əsasən gündəlik həyatın, adi məişət səviyyəsində olan hadisələrin sadəcə təsvirindən ibarətdir ki, bunu da yazıçılığı özünə peşə edən istənilən savadlı adam edə bilərdi. Sadəcə ədəbiyyata dair müəyyən qədər kitablar oxumaq və həyatda müəyyən müşahidələr aparmaq bunun üçün yetərli idi. Məsələn, əgər Nemət Pənahlı da yazıçılıq iddiasına düşsəydi, o da ədəbiyyata dair müəyyən kitablar oxuduqdan sonra eynilə Ə.Əylisli kimi “bədii əsərlər” yaza bilərdi. Biz ona görə Ə.Əylislini Nemət Pənahlı ilə müqayisə edirik ki, tip baxımından onların hər ikisi eyni psixoloji tipə mənsub insanlardırlar. Nemət Pənahlı kələkbazlıqla siyasətə soxulmaq istədiyi kimi, Ə.Əylisli də eyni üsulla yazıçılığa soxulmuşdur. Çünki sovet dövründə bu yolla siyasətə soxulmaq mümkün deyildi. O dövrdə ən pullu və tanınmaq üçün münasib yer məhz yazıçılıq idi. Sovet hökumətinin istədiyi mövzularda “əsərlər” yazıb, bir az da demoqogiya ilə məşğul olmaqla bu sahədə asanlıqla tanınmaq mümkün idi. Ə.Əylisli də məhz bu yolun yolçusu olmuşdur.
Ə. Əylislinin iddiasında olduğu böyük yazıçı statusu üçün isə xüsusi istedad, dərin təfəkkür, həyatın fəlsəfi mənasını anlamaq, güclü ümumiləşdirmə qabiliyyəti və s. kimi çoxlu amillər lazımdır. Məhz belə yazıçılar insanın mənəvi aləminə, psixologiyasına nüfuz etməyə, onları həyatın fəlsəfəsi fonunda göstərməyə, güclü xarakterlər yaratmağa qabildirlər. Əgər Ə.Əylislinin əsərlərində kim isə belə bir şey görmüşdürsə, qoy desin. Ancaq çətin ki, bunu demək mümkün olsun. Çünki onun özünün düşüncə tərzi olduqca səthidir, o, yalnız üzdə olan şeyləri görüb təsvir edə bilər. Hadisələrin mahiyyətinə varmaq və onları daxildən açıb göstərmək qabiliyyəti isə, elə onun sonuncu “əsərindən” də göründüyü kimi, Ə.Əylisli üçün yaddır. Ancaq o, özü haqqında çox yüksək fikirdədir və onun əsas problemləri də elə, bizim düşüncəmizə görə, məhz buradan başlanır.
Əslində, kolxoz həyatının öz ömrünü başa vurması ilə Ə. Əylislinin yaradıcılığı da öz ömrünü başa vurmuşdur. Ancaq o, bununla barışa bilmir və öz şöhrətpərəstliyindən əl çəkmək istəmirdi. Onunla eyni zamanda ədəbiyyata gəlmiş bəzi yazıçılar yeni şəraitdə də öz yazıçılıq fəaliyyətini müəyyən uğurlarla davam etdirirdilər və hətta Anar, Çingiz Abdullayev kimi yazıçılar məşhurlaşa da bildilər. “Birincilik” iddiasında olan Ə.Əylisli isə yerində sayır, oxucuların diqqətini heç cür özünə cəlb edə bilmir, həsəd apardığı “rəqiblərini” tənqid etməkdən, aşağılamaqdan başqa əlindən heç nə gəlmirdi. Rəqiblərinin uğurları Ə.Əylislini daha da qəzəbləndirir və ondakı paxıllıq hisslərini daha da alovlandırırdı. Çünki şöhrətpərəstliklə paxıllıq əkiz bacılardır. Ə.Əylislinin yuxarıda adı çəkilən yazıçıları həmişə kəskin tənqid etməsi, onlara son dərəcə qısqanclıqla yanaşması da məhz bu fonda baş verirdi. Ümumiyyətlə, şöhrətpərəstlik və paxıllıq çox dəhşətli hisslərdir və bu hisslər tarixdə çoxlu fəlakətlərə, faciələrə səbəb olmuşdur. Şöhrətpərəstlik və paxıllıq hisslərinin nəyə qadir olmasını başa düşmək üçün təkcə böyük Avstriya bəstəkarı V.Motsartın ona paxıllıq edən şöhrətpərəst həmkarı A.Salyeri tərəfindən zəhərlənməsi faktını göstərmək kifayətdir. Belə hisslər həddindən artıq coşub, xəstəlik səviyyəsinə yüksəldikdə isə Ə.Əylisli kimi emosional adamları hər bir ağlasığmaz hərəkətə təhrik edə bilər. Elə onun sonuncu “qəhrəmanlığının” səbəblərini də biz bu amillərlə əlaqələndirməyə meyilliyik.
İstənilən təcrübəli psixoloq və ya psixiatr “Daş yuxular” sayaqlamasını oxuduqdan sonra müəllifin yazı tərzindən, üslubundan və “əsərin” məzmunundan çox asanlıqla müəyyənləşdirə bilər ki, bu cəfəng sayaqlamalar psixi durumu yerində olmayan bir insanın qələmindən çıxmışdır. Əslində müəllif özü də elə “əsərinin” ən çox hissəsini özünün prototipi kimi yaratdığı Saday Sadıqlı obrazının sözün həqiqi mənasındakı sayaqlamaları əsasında yazmışdır. “Əsərin” uyarsız kompozisiya quruluşunda, mətnin kələ-kötür nəqletmə tərzində nəinki heç bir bədiilik hiss olunmur, əksinə, oxucu sanki özünü narahat, qarmaqarışıq və səs-küylü bir şərq bazarında hiss edir. Saday Sadıqlının ruhi vəziyyətinin qeyri-normal olması da “əsərdə” gizlədilmir (Bax: s. 47-49). Məsələn, müəllif yazır: “Azadə xanım ərinin dəlilik həddində olduğunu başa düşüb, susdu” (s. 49).
Ümumiyyətlə, Ə. Əylislinin təsvir tərzinin bəzi adamlara qeyri-adi, başqalarından fərqli və bununla da guya yaxşı mənada “xüsusi”, “seçilən” kimi görünməsinin səbəbləri də onun düşüncə tərzinin xəstə olması ilə bağlıdır. Ancaq psixopat düşüncə tərzi (buna pozğun tərbiyə nəticəsində formalaşmış iyrənc düşüncə tərzi, xasiyyət forması da deyilir) həmişə eqoist məqsədlərlə, iyrənc “amallarla”, hiylə və məkrlə bağlı olduğuna görə sağlam düşüncəli və mədəni insanlarda yalnız ikrah və narahatlıq hissləri yarada bilər. Elə bu yazısında da müəllifin çox aydın şəkildə sezilən konkret məkrli və iyrənc məqsədləri vardır. Müəllif bilir ki, onun bu yazıda Azərbaycan xalqı əleyhinə söylədiyi böhtanlar ermənilər üçün “göydən düşmə” olacaqdır və onlar özlərinin güclü diaspor təşkilatları vasitəsilə bu yazını müxtəlif dünya dillərinə tərcümə edib yayacaqlar. Bütün bunların Azərbaycana necə zərbə vuracağı Ə.Əylislini qətiyyən maraqlandırmır. Onun üçün mühüm olan budur ki, bu “Böhtannamə” ilə birlikdə onun adı da dünyaya yayılacaq və beləliklə də “məşhurluq” dərəcəsinə görə o, özünün əzəli və əbədi rəqibləri – yağı düşmənləri hesab etdiyi Anarı və Ç.Abdullayevi kölgədə qoyacaqdır. Bu baxımdan Ə.Əylislinin xəyanət yoluna qədəm qoymasında Anarın və Ç.Abdullayevin də müəyyən “günahları” vardır. Ə.Əylisli öz içərisində bu yazıçılara qarşı alovlanan kin-kidurət, paxıllıq hisslərini uzun müddət onları tənqid və təhqir etməklə söndürməyə çalışırdı. Ancaq görəndə ki, onlar bu saqqallı uşağın haqsız tənqidlərinə, biədəb sözlərinə heç məhəl də qoymurlar, ona “it hürər, karvan keçər” prinsipi ilə yanaşırlar, bu, Əylislinin qəzəbini son həddə çatdırdı. O, nəyin bahasına olursa olsun, məşhurluqda onları üstələmək qərarına gəldi. Namuslu rəqabətlə, sağlam yaradıcılıq yolu ilə bunun mümkün olmamasını başa düşən Ə.Əylisli uzun müddət “götür-qoy” etdikdən sonra, nəhayət, “Daş yuxular” macərasına əl atmaq qərarına gəlir.
Çıxış yolu tapılandan sonra öz “müqəddəs amallarına” yetmək üçün artıq Ə. Əylisli ermənilərin ayağından öpməkdən tutmuş öz xalqını, vətənini satmağa qədər hər şeyə hazırdır. Bu məqsədlə o, bütün “əsər” boyu özünün uydurduğu dəhşətli hadisələr əsasında azərbaycanlılar tərəfindən ermənilərin diri-diri yandırılmasından, soyuq suya salınıb öldürülməsindən, balkondan atılmasından və s. dəhşətli hadisələrdən danışır və ermənilərə yas tutur: “Əgər hər bir öldürülmüş erməni üçün bir şam yandırılsaydı, bu şamların parıltısı ay işığından da güclü olardı” (s. 67). Bütün “əsər” boyu təkidlə oxucunun beyninə yeridilən fikir bundan ibarətdir ki, mələk sifətli ermənilər çox mərhəmətli və mədəni insanlardırlar, onlar azərbaycanlılara əllərindən gələn yaxşılıqları etdikləri halda, vəhşi və nankor azərbaycanlılar və türklər erməniləri qırmaqla, evlərini, torpaqlarını ələ keçirməklə, kilisələrini yandırmaqla məşğuldurlar. Halbuki reallıqda bütün bunlar əksinə olmuşdur: məhz ermənilər azərbaycanlıları qırıb və ya qovub, evlərini və torpaqlarını ələ keçirib, məscidlərini dağıtmış və ya donuz tövlələrinə çevirmişlər. Başqa sözlə, Ə. Əylisli məlum tarixi faktları 180 dərəcə tərsinə çevirməklə təsvir edir. O, ermənilərin qəlbinə azacıq toxunacaq bir söz belə işlətmir, çünki qorxur ki, birdən bu ermənilərin xoşuna gəlməz və onlar Ə. Əylislinin “Böhtannamə”sini dünyaya yaymazlar. Hər bir vəchlə ermənilərə yaltaqlanan müəllif öz iyrənc məqsədlərinə çatmaq üçün bəzən hətta onlara kələk də gəlmək istəyir: Bütün əsər boyu o, dəfələrlə təkrar edir ki, müəllifin prototipi kimi verilən Saday Sadıqlı obrazının yatanda belə yuxusundan çıxmayan ən böyük və müqəddəs arzusu Eçmiədzinə gedib, orada xristian dinini qəbul etməkdən, katolikosun əlindən öpməkdən və orada qalıb, erməni kilisələrinə xidmət etməkdən ibarətdir. Ə.Əylislini tanıyan hər bir kəs bilir ki, bütün ömrünü kələkbazlıq, demoqogiya ilə keçirmiş bu adam qətiyyən dindar deyildir və “əsərində” islam dinini ələ saldığı kimi, xristian dininə də onun heç bir etiqadı yoxdur. Erməniləri ələ almaq məqsədilə hətta o, yazır ki, Saday Sadıqlı “öz içərisində sanki adsız bir erməni gəzdirirdi” (s. 48).
Ancaq belə sözlər çətin ki, ermənilərdə Ə. Əylisliyə qarşı rəğbət yarada bilsin. Onlar onun “Böhtannamə”sindən öz xeyirlərinə mümkün qədər istifadə edib, özünə isə axmaq və xəyanətkar bir adam kimi güləcək və nifrət edəcəklər. Biz əminik ki, başqa ölkələrdə də o, “məşhurluq” əvəzinə nifrət qazanacaqdır.
Sözsüz ki, Ə. Əylislinin özü də “Böhtannamə”sinin Azərbaycanda onun üçün müsbət heç nə gətirə bilməyəcəyini anlamaya bilməzdi. Ancaq psixopat təbiətli insanların əsas bədbəxtliyi də elə ondadır ki, onlar beynlərinə verən iyrənc ehtirasları, tamah hisslərini cilovlamaq iqtidarında deyillər və əksər hallarda elə bu səbəbdən də onlar sonda ya həbsxanaya, ya da dəlixanaya düşürlər. Belə hadisələr tarixdə də çox olmuşdur. Məsələn, ərəb ədəbiyyatına səxavətlik, mərdlik rəmzi kimi daxil olmuş Hatəmi-Tayi (bu şəxs Məhəmməd peyğəmbərin zamanında yaşamış və islam dinini də qəbul etməmişdir) səxavətdə, xeyirxahlıqda bütün ərəblər arasında çox məşhur olmuşdur. Onun bir avara, ancaq şöhrət arzusu ilə yaşayan qardaşı da var imiş. Sonuncu öz adının yayılması, məşhurlaşması üçün gedib Zəmzəm çeşməsində sidiyini boşaltmışdır. Onun da adı axmaqlıq, yaramazlıq rəmzi kimi tarixdə qalmışdır. Ancaq Hatəmi-Tayinin qardaşı öz rəzil hərəkəti ilə ərəb xalqını yox, özünü rüsvay etmişdir. Ə.Əylisli isə öz şöhrətpərəstlik ehtirası ilə bütün Azərbaycan xalqına ağır bir zərbə vurmuşdur.
Təəssüf ki, Ə. Əylislini müdafiə edən soydaşlarımız da tapılır. Çox güman ki, belə adamlar hələlik Ə. Əylislinin “Böhtannamə”sini oxumayıblar və elə bilirlər ki, Ə. Əylislinin yazısında azərbaycanlılar əleyhinə yalnız onların eşitdikləri ayrı-ayrı fraqmentlər vardır. Ancaq belə deyildir. Təəssüf ki, bu “əsər” əvvəldən axıra qədər ermənilərə sonsuz məhəbbət, azərbaycanlılara isə dərin kin və nifrət ruhunda yazılıbdır. Biz əminik ki, bu “əsəri” oxuyub, orada Azərbaycan xalqına qarşı olan təhqir və iftiraları, ermənilərə edilən yaltaqlıqları görən heç kəs Ə. Əylislinin yazdıqlarına biganə qala bilməz. Vaxtilə Zori Balayan, Silva Kaputyan kimi erməni yazarları da Azərbaycan əleyhinə kəskin kitablar yazmışlar. Ancaq Ə. Əylislinin kitabında Azərbaycan xalqına qarşı ifadə olunmuş nifrət və saxtakarlığın heç beşdə biri də erməni yazarlarının kitablarında yoxdur. Həm də bu nifrət ermənilərin dilindən yox, Ə.Əylislinin “müsbət surətlər” kimi göstərdiyi bir neçə azərbaycanlının dilindən səslənir. “Əsərdə” Azərbaycan xalqını tənqid etməyən digər azərbaycanlı obrazları isə yaltaq, mənəviyyatsız, rəzil insanlar kimi təsvir edilir. Hətta iranmənşəli dokrot Fərzanə də Moskvadan Bakıya köçməsinin səhərisi günü Azərbaycana gəldiyinə görə peşiman olur. Yəni burada tənqid və nifrət obyekti ayrı-ayrı fərdlər yox, açıq-aşkar bütün Azərbaycan xalqı və Azərbaycan cəmiyyətidir. Ə. Əylislinin heç özü də nə etdiyini başa düşmür; heç kəsin heç bir xalqı təhqir etməyə, onun ünvanına hədyanlar söyləməyə haqqı yoxdur. Sözsüz ki, ermənilərin də bir xalq kimi hamısını yaramaz adlandırmaq mümkün deyildir. Onların da içərisində vicdanlı, ədalətli adamlar vardır. Ə. Əylisli isə öz prototipi kimi verdiyi və ruhi cəhətdən xəstə olan Saday Sadıqlıdan və onun ətrafındakı bir neçə ona yaxın adamlardan başqa bütün azərbaycanlıları vəhşi, görməmiş və mənəviyyatsız məxluqlar kimi qələmə verir. Ermənilərə də elə bu lazım deyilmi? Ə.Əylisli azərbaycanlıların Allahını və peyğəmbərini də ələ saldığı halda, ermənilərin həm özləri, həm kilisələri, həm də Allahı qarşısında diz çökür, onlar haqqında mümkün olan bütün yüksək sözləri söyləyir. Onun azərbaycanlı “müsbət qəhrəmanları” nəinki ermənilərin özlərinə, hətta onların tarixinə də vurğundurlar. Əylis də tarixi erməni kəndi və ermənilərin dini mərkəzlərindən biri kimi qələmə verilir. O, albanları da erməni hesab edir. Bir sözlə, ermənilərin xoşuna gəlmək üçün o, əlindən gələn bütün şeyləri edir. Hətta “İctimai” televiziya kanalındakı debatda Zahid Orucun təkrar-təkrar ona verdiyi “Siz Əylisi, Naxçıvanı, Qarabağı Azərbaycan torpaqları hesab edirsiniz, ya yox” kimi konkret sualdan da o, hər vəchlə yayındı və heç cür “hə” demək istəmədi. Ə. Əylislinin “Böhtannamə”sini “yazıçı təxəyyülünün məhsulu” hesab edərək, onu müdafiə edənlər bəs buna necə haqq qazandıra biləcəklər? Bu ki, “bədii əsər” və ya “bədi təxəyyülün məhsulu” deyildir.
İndi “vətən”, “şərəf”, “ləyaqət”, “namus” kimi anlayışların Ə. Əylisli üçün heç bir mənası yoxdur; onun bütün fikri, zehni, düşüncəsi yalnız ermənilər tərəfindən onun adının dünyada “məşhurlaşdırılması” və “kitabın çapı” adı altında alacağı qonararlar üzərində cəmlənmişdir. Ona görə də o, özünün iyrənc psixopat ideallarına azacıq belə zərər gətirə biləcək heç bir söz demək istəmir. Ə.Əylislini müdafiə edənlər əsasən onun belə bir kələkbazlığına əsaslanırlar ki, guya bu yazı “bədii təxəyyülün məhsuludur”. Ancaq onun “Böhtannamə”sinə “yazıçı təxəyyülünün məhsulu” deməyin özü kökündən səhv fikirdir. Çünki, birincisi, “yazıçı təxəyyülü” olan əsərlərin mövzusu və predmeti də təxəyyülün məhsulu olmalıdır, yəni konkretlikdən uzaq mətləblərə aid olmalıdır. Ə.Əylislinin “əsərində” isə konkret zaman kəsiyində və konkret məkanda baş vermiş konkret tarixi hadisələrdən danışılır. Hətta “Böhtannamə”də Ə.Əylislinin özü də qeyd edib ki, onun “əsərində” 1988-1993-cü ildə baş vermiş hadisələrdən danışılır. Yəni müəllif özü də “əsər”ində deyir ki, burada tarixi hadisələrdən bəhs edilir. Ermənilərlə azərbaycanlılar arasında konkret mübahisə obyekti olan bu konkret hadisələr barəsində Ə.Əylislinin yazdıqları isə sırf ermənilərin dedikləri yalanlarla üst-üstə düşür və hətta ermənilərin dediklərindən də qat-qat artıq ermənilərin mənafeyini müdafiə edir. Burada hansı “təxəyyüldən”, obyektivlikdən, bitərəflikdən danışmaq olar. Burada yalnız formanın bəzi ünsürləri (məsələn, personajlar, onların adları və s.) təxayülün məhsuludur, mahiyyət, məzmun isə ermənilərin dedikləri ilə eynidir. Başqa sözlə, Azərbaycan tarixinin çox mühüm və həssas məsələləri ermənilərin xeyrinə saxtalaşdırılmışdır. İkincisi, Ə.Əylislinin yazısı mahiyyətcə bədii yox, publisistik əsərdir və əgər müəllif bu yazısını “təxəyyülün məhsulu olan bədii əsər” hesab edirsə, onda deməli onun təxəyyülü yalnız böhtan və iftira uydurmağa, saxtakarlığa qadirdir. Bunlar isə öz növbəsində bir daha təxəyyülün sağlam olmamasına dəlalət edir.
Üçüncüsü, hətta bu yazını bədii əsər hesab etsək belə, onu yalnız tarixi povest janrına aid etmək olar ki, bu janr da tarixi hadisələrin mahiyyətini təhrif etməyə, tarixi saxtalaşdırmağa icazə vermir. Ona görə də tarixi roman və ya povest yazmaq istəyən yazıçılar həmişə əvvəlcə həmin hadisələri diqqətlə araşdırıb öyrənirlər ki, öz əsərlərində hadisələrin mahiyyətinin təhrifinə yol verməsinlər. Xüsusilə də əgər bu hadisələr xalqın tarixinin çox həssas dövrlərinə aiddirsə, onu qətiyyən təhrif etmək, saxtalaşdırmaq olmaz. Burada yalnız müəllifin hadisələrə münasibəti sərbəst ola bilər ki, o da müəyyən ədalət və obyektivlik prinsipləri çərçivəsində. Ə.Əylisli isə hadisələri yüz faiz tərsinə çevirərək təsvir edib. Ona görə də bötüv bir xalqın müəyyən zaman kəsiyindəki tarixini saxtalaşdırdığına və bu xalqı çox kobud surətdə təhqir etdiyinə görə onu məhkəməyə də vermək mümkündür. Çünki “söz azadlığı”, “ifadə azadlığı” anlayışları kiməsə böhtan atmaq, onu təhqir etmək mənasına gəlmir. Böhtana və təhqirə görə dünyanın bütün ölkələrində cəza tədbirləri nəzərdə tutulur. Ən başlıcası isə, Ə. Əylisli müharibə vəziyyətində olan Azərbaycan xalqının qanuni haqlarını ermənilərin ayaqları altına atmış və davam edən qarşıdurmada Azərbaycanın mövqeyini zəiflətmişdir. Ermənilər artıq onun yazısından güclü bir təbliğat vasitəsi kimi istifadə etməyə başlamışlar. Ona görə də Ə. Əylisli Azərbaycan xalqına qarşı törətdiyi cinayətin miqyasını dərk etməlidir. Bu cinayəti isə heç bir bəhanə ilə ört-basdır etmək mümkün deyildir. Hətta məsələ Avropa məhkəməsinə gedib çıxarsa belə, orada da Ə. Əylisli məhkum ediləcəkdir. Bəlkə də elə bu ən düzgün sonluq ola bilər, çünki belə halda həm ermənilər onun “Böhtannamə”sindən bizə qarşı istifadə edə bilməzlər, həm də rəzalət üzrə Ginnesin rekordlar kitabına düşməklə Ə. Əylisli şöhrətlənmək barədəki öz “müqəddəs arzusuna” çatmış olar. Həm Ə. Əylislinin özü, həm də onun himayəçiləri iddia edirlər ki, o, bu “əsərini” guya ermənilərlə azərbaycanlılar arasında barışıq yaratmaq və “azərbaycanlıları ermənilərə sevdirmək” məqsədilə yazmışdır. Məgər barışıq üçün təcavüzkarın bütün mənfur əməllərinə haqq qazandırmaq, təcavüzün qurbanına isə nifrət və kin yağdırmaq lazımdır? Məgər barışıq yaratmaq və “azərbaycanlıları ermənilərə sevdirmək” üçün “yazıçı” ermənilərə və bütün dünyaya deməlidir ki, azərbaycanlılar vəhşi, mədəniyyətsiz və ermənilərin qanına susamış bir millətdir? Bu necə məntiqdir? Bu doğrudan da erməniləri bizimlə dostluğa çağırışdır, yoxsa bizimlə barışmaz düşmənçiliyə təhrikdir? Sözsüz ki, Ə. Əylislinin yazdıqları açıq-aşkar düşmənçiliyə çağırışdır və azərbaycanlılarla ermənilər arasında sülh yaranmasını istəməyən məlum xarici qüvvələrə, məsələnin sülh yolu ilə ədalətlə həllini istəməyən ermənilərə xidmətdir. Barışıq üçün neytral mövqe tutub, hər iki tərəfin günahını göstərmək, ədalətli mühakimələr yürütmək lazım idi. Ə. Əylisli isə sözün həqiqi mənasında özünü ermənilərdən də artıq erməni, daha dəqiq desək, qatı erməni millətçisi kimi göstərmişdir. Nəticədə isə “bir dəli bir quyuya daş atdı, yüz ağıllı yağışdı, onu çıxara bilmədi” məsəlindəki vəziyyət yaranmışdır.
Ə. Əylisli indi tərslik edib, özünü “saqqallı uşaq” yerinə qoymaqdan əl çəkməli, törətdiyi əməlin bütün ciddiliyini başa düşməli və “quyuya atdığı daşın” necə çıxarılması barədə düşünməlidir. Bunun üçün biz ona çox asan və onun heysiyyatına toxunmayan, yaranmış vəziyyətdən və məntiqi zərurətdən doğan, onun özünün dediklərinə zidd olmayan bir yol təklif edirik.
Ə. Əylisli öz şifahi müsahibələrində deyir ki, onun yazısı “bədii əsərdir və təxəyyülün məhsuludur”, yəni o, burada erməni-azərbaycanlı qarşıdurmasında baş vermiş həqiqi hadisələri yazmayıb. Onda qoy o, bu fikrini yazılı surətdə ifadə edib, həqiqətlərin nədən ibarət olmasını da yığcam halda göstərməklə onu “Drujba narodov” jurnalında çap etdirsin. Belə halda həm Azərbaycan xalqı onun günahlarından keçər, həm də ermənilər onun “Böhtannamə”sindən bir “dəlil” kimi bizim əleyhimizə istifadə edə bilməzlər. Əgər o bunu etməzsə, onda onun özünün etiraf edib-etməməsindən asılı olmayaraq, onun Azərbaycan xalqına qarşı düşmən mövqe tutmasına heç bir kəsdə şübhə yeri qalmayacaqdır. Digər tərəfdən də, əgər o, bizim təklifi qəbul etməsə, onda biz məcbur olacağıq ki, “Böhtannamə”nin yuxarıda göstərilən yazılma səbəblərini daha dolğun və daha sistemli şəkildə yazıb bir neçə aparıcı dillərə tərcümə etdirdikdən sonra, onu da internetdə yerləşdirək. Sözsüz ki, bu səbəbləri bildikdən sonra dünya xalqları “Böhtannamə”nin mahiyyətini düzgün başa düşəcək və ona nadir bir rəzalət nümunəsi kimi baxacaqlar. İndi seçim Ə. Əylislinindir.
Əlbəttə, biz inanmırıq ki, Ə. Əylisli bu məsləhətlərə qulaq asacaqdır. Belə xəstə düşüncəli adamlarda vicdan hissinin itməsi səbəbi üzündən onlar törətdikləri mənfur əməllərə görə nə peşmançılıq hissləri keçirir, nə də öz hərəkətlərinin məsuliyyətini qəbul edirlər. Ə.Əylislinin son zamanlarda verdiyi həyasız müsahibələrdən də bütün bunlar çox aydın görünür. O, xalq qarşısında xəcalət çəkmək əvəzinə hər cür hiyləyə, bəhanəyə əl ataraq öz iyrənc əməllərinə haqq qazandırmağa çalışır.
Sonda Ə. Əylisliyə bunu da xatırlatmaq istərdik ki, əgər belə bir “əsəri” Ermənistanda yaşayan hər hansı bir erməni yazıçısı yazsa idi, həmin yazıçı çətin ki, sağ qalardı. Ona görə də Ə. Əylisli başa düşməlidir ki, onun yazdıqlarının əksinə olaraq, Azərbaycan xalqı həqiqətən də tolerant xalqdır və bizim xalqın belə mənəvi keyfiyyətlərindən sui-istifadə etmək yox, onun qədrini bilmək lazımdır. Ə. Əylisliyə sonuncu məsləhətimiz isə budur ki, yaxşı olar ki, o yazıçılıqdan əl çəkib, başqa bir işlə məşğul olsun. Çünki onun yazıları ermənilərdən başqa heç kəsə lazım deyildir. Əgər bunu etmək onun üçün çətin olarsa, onda heç olmazsa, yazılarını əvvəlcə öz ailə üzvlərinə göstərib, onlarla məsləhətləşdikdən sonra çapa göndərsin.