Elmi mübahisələr/Yalançı elmin iflası (İ.Kazımova və “İks” cənablarına cavab)
←Elmdə populizm – saxtakarlıq və cinayətdir (T.Hacıyevin həmyerlilərinə cavab) | Elmi mübahisələr. Yalançı elmin iflası (İ.Kazımova və “İks” cənablarına cavab) Müəllif: Kamil Allahyarov |
Şıltaq şöhrətpərəstliyin acı nəticələri (Ə.Əylisliyə cavab)→ |
Yalan və iftira yazmağı özlərinə peşə etmiş, opponentlərinə qarşı böhtan və təhqirlər yağdıran adamlarla həqiqət uğrunda mübahisəyə girişməyin nə qədər çətin bir iş olduğunu, yəqin ki, hamı bilir və hər kəs belə adamlardan uzaq olmağa çalışır. Ancaq biz Azərbaycan elminin inkişafı və Azərbaycan xalqının gələcəyi naminə, təəssüf ki, yalançı elm nümayəndələri ilə yenidən mübahisəyə girişməyə məcburuq. Çünki hər bir xalqın gələcəyi ilk növbədə onun elminin və təhsilinin səviyyəsi ilə bağlıdır. Böyük Nizami demişkən: «Qüvvət elmdədir, elmsiz heç kəs, // Heç kəsə üstünlük edə bilməz».
Öz populist uydurmalarına saxta vətənpərvərlik donu geyindirən yalançı türkçülərlə mübahisə etməyin ən çətin cəhəti isə ondadır ki, özlərini «milli düşüncəli ziyalı», Sabirin, Mirzə Cəlilin davamçılarını isə «xalq düşməni», «antitürk», «qeyri-türk» kimi qələmə verməyə çalışan bu cığal adamlar özlərinin söyüş və təhqirlərlə dolu yazılarında nəinki elementar elmi mübahisə prinsiplərinə, hətta ən adi mənəviyyat normalarına belə riayət etmirlər. AMEA-nın müxbir üzvü, prof. Nizami Cəfərov tamamilə haqlı olaraq göstərir ki, mənasız mədhiyyəçiliklə məşğul olan yalançı türkçülər Vətən və dil tariximizi bütün sivil dünyada qəbul edilmiş elmi prinsiplər əsasında yazmağa çalışan savadlı alimlərə, həqiqi vətənpərvərlərə qarşı «ideoloji provokasiya ilə məşğul olurlar» və tariximizlə bağlı yazdıqları cəfəng uydurmalarla əslində «bütövlükdə Azərbaycan elmi ictimaiyyətinə hörmətsizlik edirlər». Onun savadsız və yalançı vətənpərvərlərə aşağıdakı iradı da tamamilə düzgündür. Professor yalançı türkçülərə müraciətlə yazır ki, həqiqəti söyləyən alimləri «antitürkçülükdə ittiham etmək əvəzinə, öz «tənqid metodologiyanıza» diqqət yetirib, onun nə qədər mürtəce, nə qədər antitürk və antielmi olduğunun fərqinə varsaydınız, daha yaxşı olmazdımı?».
Elmi mübahisə əvəzinə opponentlərinə böhtan və iftira yağdıran yalançı alimlərin əsas səciyyəvi cəhətlərindən biri də budur ki, özlərini gah tayı-bərabəri olmayan dilçilər, gah da «milli təfəkkürlü ziyalılar» adlandıran bu adamlar onlara ünvanlanan konkret suallara cavab vermək əvəzinə, əvvəlki böhtan və iftiralarını müxtəlif formalarda yenidən təkrar edir və yeni saxtakarlıqlara əl atırlar. Məsələn, keçən cavab məqaləmizdə biz AMEA-nın müxbir üzvü, prof. T.Hacıyevin və onun həmyerlilərinin bizə şamil etmək istədikləri konkret böhtanları göstərərək, onlardan cavab istəmişdik ki, yazsınlar görək, biz hansı əsərimizdə demişik ki, «Dədə Qorqud» dastanı XV əsirdən sonra yaranıb və ya biz hansı əsərimizdə yazmışıq ki, «Əzəldən Azərbaycan ərazisində türklər deyil, irandilli tayfalar yaşayıblar»? Bütün belə sualların üstündən sükutla keçən dilçi-professorlar «Kredo» qəzetinin 29 sentyabr 2007-ci tarixli nömrəsində yeni saxtakarlıqlara, yeni böhtanlara əl atıblar. Düzdür, professorların əvvəlki məqalələri ilə müqayisədə bu sonuncuda ağlasığmaz böhtanlar və küçə-bazar söyüşləri azalıbdır. Görünür, bu onunla bağlıdır ki, bizim əvvəlki cavablarımızdan sonra yalançı professorların başı bizim haqqımızda böhtanlar uydurmaqdan daha çox Hacıyevin alim olmasını «sübut etməyə» qarışmışdır. Ancaq özlərini «milli ziyalılar» adlandıran (və bununla da xalqımızı təhqir edən) bu professorlar öz təbii xislətlərindən də tam yaxa qurtara bilməyiblər: onların yeni məqaləsində də iftira və təhqirlər az deyildir. Bunun səbəbi də başa düşüləndir: elm sahəsindəki yalanlarının və kələkbazlıqlarının ifşa olunduğunu görən professorlar acıqlarını söyüşlə, böhtanla çıxmağa çalışırlar.
«Milli təfəkkürlü ziyalıların» budəfəki məqaləsində belə bir yenilik də vardır: əgər əvvəlki məqalələr ya Hacıyevin öz üslubu və öz imzası ilə (birinci məqalə), ya da onun üslubu ilə, ancaq başqa adamların imzası ilə çap olunurdularsa, bu dəfə məqalənin mənasız «nəzəriyyəçilikdən» ibarət olan birinci hissəsi İ.Kazımovun, qədim dövr məsələlərindən bəhs edən qalan hissəsi isə Hacıyevin üslubu ilə yazılmışdır. Ancaq məqalə təkcə Kazımovun imzası altında çap olunmuşdur. Görünür Kazımovun əvvəlki «həmmüəllifi» Nuridə Novruzova onun imzası altında saysız-hesabsız böhtan və söyüşlər yazıldığını gördükdən və bizim cavab məqaləmizlə tanış olduqdan sonra öz adından çirkin məqsədlərlə istifadə edilməsinə icazə verməmişdir. Yalançı türkçülərin öz adlarını cidd-cəhdlə gizlədərək, oxucuları çaşdırmaq istəməsini gördükdə, istər-istəməz, yadımıza belə bir lətifə düşür:
Çuqça Amerikaya gəlir və geri qayıdan zaman aeroportda görür ki, sərnişinlər buradakı bir kompüterin qabağına keçirlər və kompüter onlara deyir ki, sən filankəssən, filan yerə uçursan və sənin təyyarən filan saatda uçur. Bundan təəccüblənən çuqça gəlib kompüterin qabağında dayanır. Kompüter ona deyir ki, sən çuqçasan, Moskvaya uçursan və sənin təyyarən filan vaxtda uçur. Çuqça gedib paltarını dəyişib, yenidən gəlib kompüterin qarşısında dayanır və kompüter yenə ona eyni sözləri təkrar edir. Bu dəfə çuqça gedib saçın-saqqalın da qırxdırır və yenidən gəlib kompüterin qabağında dayanır. Kompüter ona deyir ki, sən çuqçasan, Moskvaya uçursan, ancaq sən bu hoqqabazlıqlarla məşğul olana qədər təyyarən uçub getdi.
Elə yalançı türkçülər də belə hoqqabazlıqlarla məşğul olana qədər yalançı elmin qatarı keçib getdi. İndi hamı onları tanıyır və onların elm adı altında yazdıqları cəfəng uydurmalara gülür. Bizim əleyhimizə yazılmış sonuncu məqalədə İ.Kazımov yazır ki, «mənim və Nuridə xanımın sənin yazıların haqqında məqaləmizdən Tofiq müəllimin sözün həqiqi mənasında xəbəri yoxdur». Ancaq cümlə üslub baxımından düzgün qurulmadığı kimi, orada deyilən fikir də düzgün deyildir. Birinci ona görə ki, sizin özünüzün də yazdığınız kimi, Hacıyevin «xüsusi üslubu» vardır və adi danışıq dili ilə publisistik dil arasında yer tutan bu üslub dərhal tanınır. İkincisi, nə sən, nə də Nuridə xanım heç vaxt qədim dövr məsələləri ilə məşğul olmamısınız və həmin məsələlərdən tam xəbərsizsiniz. Elə buna görə də indi sənin imzanla çıxa məqalənin sənə məxsus olan ilkin hissəsi ümumi sözçülükdən və dilçiliyə dair mənasız sayıqlamalardan ibarətdir. Sən hətta qədim dövr məsələləri ilə məşğul olan müasir tədqiqatçıları da yaxşı tanımırsan və bu səbəbdən onların sırasında Əkrəm Cəfərin də adını çəkirsən. Hamı bilir ki, sonuncu bütün ömrü boyu yalnız əruz vəzni ilə məşğul olmuşdur və heç vaxt yalançı türkçülük etməmişdir. Üçüncü isə sizin imzanızla çap olunmuş məqalədəki mətləblərin çoxu ondan əvvəl Hacıyevin öz adı altında çap etdirdiyi məqalədəki məsələlərin təkrarıdır.
Kazımovun adı ilə çap olunmuş indiki məqalənin beşinci sütununda da Hacıyevin sevimli «büntürk» mövzusu başlanan kimi dərhal üslub da dəyişilir. Və məsələdən hali olan hər bir adam asanlıqla başa düşə bilər ki, «ol şəxs ki, söyüş və iftira aləminin sultanıdır, üslub onun üslubudur, bütün bu saxtalıqlar onun fərmanıdır».
Yalançı elm xadimləri ilə elmi prinsiplər əsasında və mədəniyyət normaları çərçivəsində polemika aparmağın heç cür mümkün olmadığını gördükdən sonra biz keçən cavabımızda onlara belə bir təklif etmişdik: «Cənablar, elmi məsələlər iftira və söyüşlə həll edilmir... Əgər özünüzü haqlı sayırsınızsa, onda bütün bu qarmaqarışıq halda yazdığınız məsələlərdən yalnız ikisini seçib, onların məhz sizin dediyiniz kimi olmasını elmi prinsiplər və ilkin mənbələr əsasında sübut etməyə çalışın. Sonra bu məqalənizin bir nüxsəsini mənə verin ki, mən sizin yazdıqlarınıza cavab hazırlayım. Daha sonra isə hər iki məqaləni «Elm» qəzetinin eyni nömrəsində, qoşa səhifələrdə dərc etdirək. Qoy oxucuların özləri onları müqayisə edərək, kimin haqlı olduğunu görsünlər. Belə halda hansı tərəfin saxtakarlığa yol verdiyi də dərhal üzə çıxacaqdır. Əgər siz Hacıyev başda olmaqla öz yazdıqlarınızı elmi şəkildə əsaslandıra bilsəniz, biz elə öz cavabımızda sizi təbrik edəcəyik. Yox, əgər biz sizinlə razılaşmasaq, nəyə görə razılaşmadığımızı, nəyə görə sizin «tədqiqat metodlarınızı» qeyri-elmi hesab etdiyimizi bir-bir göstərəcəyik. Oxucular da kimin haqlı olduğunu özləri başa düşəcəklər və bununla da hər şey aydınlaşacaq. Ancaq bir daha təkrar edirik ki, siz ya ilkin mənbələrə, ya da beynəlxalq elmdə qəbul edilmiş ciddi tədqiqatlara əsaslanmalısınız, bir-birinizin uydurmalarına yox. Məsələn, şumer dilinin guya türk dili olmasını əsaslandırmaq üçün siz, heç bir filoloji təhsili olmayan aptekçi Taryel Nüvədilinin kitablarına yox, şumer dilini bilən mütəxəssislər tərəfindən (belələri isə bütün dünyada cəmi bir neçə nəfərdən ibarətdir) hazırlanmış lüğətlərə istinad etməlisiniz...
Əgər siz öz yazdıqlarınızı düzgün hesab edirsinizsə, onda bizim yuxarıda yazdığımız təkliflə razılaşın; əgər siz bu təklifə müsbət cavab verməsəniz, onda bununla da bütün yazdıqlarınızın yalan olduğunu etiraf etmiş olacaqsınız».
Bizim bu təklifə psevdoalimlərin cavabı isə bundan ibarətdir: «Və millətimizin içərisindən elə «mütəxəssislər», müştəbehlər də tapılır ki, o ilkin mənbəni əldə bəhanə gətirir, gözə soxmaq istəyir ki, dəlili, sübutu oradan gətir. Yəni əsl mütəxəssisi çıxılmaz vəziyyətə salır, bilir ki, hər bir problemdə ilk mənbə anlayışı onsuz da mümkün deyil. Oxucuları və mütəxəssisləri bu fakt qarşısında qoymaq istəyənlərdən biri Allahyarov kimi şübhəli məqsədlərə xidmət edən, əsassız özündən razılar əfsus ki, bu gün tapılır. Oxucu onun hədyanlarından sözsüz ki, şübhəyə düşür, bu adam əsl azərbaycanlıdırsa, nə üçün bizim ziyanımıza olan qeyri-ciddi, bir çox halda yalançı mənbələrə əsaslanmağa cəhd göstərir».
Hər şeydən öncə qeyd edək ki, sitatda rast gəlinən orfoqrafik, qrammatik və üslub səhvləri dilçi–professorun öz səhvləridir, yəni biz sitatı olduğu kimi vermişik. Bu professorlardan soruşmaq lazımdır ki, əgər «ilk mənbə axtarışı» sizin üçün mümkün deyilsə, bəs onda siz öz mədhiyyələrinizi, «Şumernamə»lərinizi və s. «cahanşümul» əsərlərinizi nəyin əsasında yazırsınız? Sözsüz, onlar deyəcəklər ki, özlərinin məhşur «samovar metodu» əsasında (Bu «metoda» əsasən, «samovar» sözü üç sözün birləşməsindən yaranıb: «se» farsca – «üç», «ma» ərəbcə – «su», «var» türkcə – «var». Yəni, «üç su var».)
İlkin mənbə tanımayan dilçi-professorlar elm adı altında yazdıqları mədhiyyələrdə məhz bu «saqqallı uşaq» metoduna əsaslanılar. Başqa sözlə, psevdoprofessorlar Avropa alimləri tərəfindən ilkin mənbələr əsasında Yaxın Şərq tarixinə dair yazılmış kitablardan bir-ikisini çətinliklə başa düşdükləri rus dilində oxuyurlar və orada rast gəldikləri adları zahiri səs bənzərliyi baxımından Azərbaycan dilindəki sözlərlə müqayisə etməyə başlayırlar. Belə zahiri bənzərlik isə bütün dünya dillərində vardır. Çünki dünya dillərindəki milyardlarla sözlərin hamısı orta hesabla təqribən 35–40 eyni səsin bir-biri ilə müxtəlif kombinasiyalarda birləşməsindən yaranmışdır və onlardan yaranan çoxsaylı sözlər arasında təsadüfü səs bənzərliklərinin olması labüddür. Belə bənzərliklərin təsadüfi yox, həqiqi olmasını sübut etmək üçün isə bunu təsdiq edən çoxlu tarixi, arxeoloji və s. faktlar, məlumatlar gətirmək lazımdır. Yalançı türkçülər isə savadsızlıqları üzündən bunu etmək iqtidarında deyillər və heç nəzəri-metodoloji baxımdan da belə mətləbləri bilmirlər. Ona görə də onlar qədim dövr tarixinə dair yazılmış kitablarda rast gəldikləri adları yalnız zahiri səs bənzərliyi baxımından müasir Azərbaycan sözlərinə oxşadaraq, «samovar metodu» əsasında Azərbaycan tarixi yazmağa çalışırlar.
Bu «metodun» və onun əsasında yazılan «tədqiqatların» mahiyyətini daha aydın başa düşmək üçün belə bir analogiya aparaq. Fərz edək ki, psevdoalimlər oxuduqları kitablarda «Paris», «adyutant», «Harvard», «Madaqaskar» kimi adlara rast gəlirlər. Onda onlar «samovar metodundan» çıxış edərək deyəcəklər ki, «Paris» adı türkcə «parıltı» sözündəndir. Bu isə onların düşüncəsinə əsasən o deməkdir ki, ya Fransa qədimdə türk ərazisi olub, ya da Paris şəhərini fransızlar nə vaxtsa Azərbaycandan aparıb özlərinə paytaxt ediblər. Buna sübut kimi isə yalançı alimlər fransızların «adyutant» sözünün də türkcə «at tutan» ifadəsindən yarandığını göstərə bilərlər. Bu «daşdankeçən metod» əsasında yalançı türkçülər Harvard universitetinin adını da «hər arvad», Madaqaskar adasının adını isə «Məşədi Əsgər» kimi izah edərək, keçmişdə türklərin Amerikada və Afrikada məskunlaşdıqlarını da asanlıqla «sübut» edə bilərlər.
İndi isə bu məşhur metod əsasında yalançı türkçülərin etdiyi konkret kəşflərdən birinə nəzər salaq. Bu kəşfə onların çoxunun əsərlərində rast gəlmək mümkündür.
Yalançı türkoloqların, o cümlədən də T.Hacıyevin yazılarında daima təkrarlanan mülahizələrdən biri lullubelərin türk olması fərziyyəsidir. Lullubelər Mavərannəhrdən şərqdəki dağlarda məskunlaşmış və b.e. əvvəl. III-I minilliklərində Yaxın Şərq mənbələrində adları «lullube» və «lullu» şəklində çəkilən bir etnik qrup olmuşdur. Məlumdur ki, tarix kitablarında etnos və sülalələrin adları adətən cəm halında işlədilir (məs, skiflər, qızılbaşlar, səfəvilər və s.). Bu səbəbdən də rus dilində nəşr olunmuş kitablarda lullubelərdən söhbət gedəndə bu sözün sonuna rusların «i» cəm şəkilçisi də əlavə edilir və belə halda bu ad «lullubei» (lullubelər) forması alır. Bir qayda olaraq, Azərbaycan dilindən başqa heç bir dil bilməyən, rus dilində isə «höccələyə-höccələyə» oxuyan savadsız psevdoalimlər isə həmin adın sonundakı «bei» səs birləşməsini «bəy» sözü kimi başa düşərək, hay-küy qaldırmışlar ki, onlar Yaxın Şərqdə çox qədim bir türk xalqı tapıblar. Əslində isə göründüyü kimi, onların bu növbəti tapıntısı da Ə.Haqverdiyevin «Bomba» novellasındakı qaradavoy Kərbəlayi–Zalın bomba əvəzinə qarpız tapmasından başqa bir şey deyildir. Bu da maraqlıdır ki, belə üsullarla yeni-yeni türk xalqları «kəşf» edən psevdoalimlər görəsən, hazırda Mikroneziyada yaşayan truk xalqı (dilləri Avstroneziya dil qrupuna aiddir), Kolumbiyada yaşayan tukano hinduları, Mavritaniyada yaşayan tükuler xalqı (zənci irqinə mənsubdurlar), Keniya və Həbəşistanda yaşayan tukana xalqı barədə xəbər tutsalar, onda onların etnik mənşəyi barədə nələr yaza bilərlər.
Biz yalançı türkçülərin iftira və böhtanlarına tuş gələn «Qədim Turan: mifdən tarixə doğru» (Bakı, 2006) adlı kitabımızın metodoloji məsələlərdən bəhs edən birinci fəslində yalançı dilçilərin «samovar metodundan» danışarkən həmçinin qeyd etmişik ki, «onlar 4-5 min il öncə müxtəlif ölü dillərdə (şumer, aşşur və s.) yazıya alınmış sözləri müasir türk sözləri ilə müqayisə edərkən qətiyyən nəzərə almırlar ki, istənilən dildə hər min il ərzində sözlər o qədər dəyişilir ki, onlar tamamilə başqa formalar alırlar və dil də öz kökündən uzaqlaşaraq, başqa dilə çevrilir. 4-5 min il ərzində isə belə dəyişikliklər o qədər çoxalır ki, vaxtilə eyni kökdən olan dillər daha qohum dillərə yox, ayrı-ayrı dil qruplarına və hətta müxtəlif dil ailələrinə mənsub dillərə çevrilirlər. Dilçilik elmində müasir sözlərin qədim formalarını bərpa etmək üsulları vardır… Müasir sözləri bir neçə min il əvvəl yazıya alınmış və həmin dövrdəki formasında «donub» qalmış sözlərlə müqayisə edərkən əvvəlcə hökmən həmin üsullarla müasir sözlərin müvafiq qədim formalarını bərpa etmək, yalnız bundan sonra həmin sözləri müqayisə etmək lazımdır. Yalançı dilçilər isə heç vaxt bu tələbə riyaət etmir və müasir sözləri birbaşa 4-5 min il əvvəl yazıya alınmış sözlərlə müqayisə edirlər: «Ona görə də metodoloji cəhətdən düzgün olmayan belə «tədqiqatlar» nəzəri cəhətdən də elə əvvəlcədən uğursuzluğa məhkumdur» (səh. 16-17).
Göründüyü kimi, burada biz özümüz yalançı alimləri bərpa (rekonstruksiya) metodundan heç vaxt istifadə etməməkdə günahlandırırıq və onları bu elmi metod əsasında tədqiqat aparmağa dəvət edirik.
İndi görək İ.Kazımov bu barədə nə yazır və bizim fikri necə tərsinə çevirir: «Sual oluna bilər, bəs sən dilçi olmaya-olmaya, dilçiliyin ənənəvi metodlarına baş vurmaq istəyirsən. Rekonstruksiya-bərpa metodunun üstündən xətt çəkməyə sənə kim icazə verib? Yazırsan ki, dilçilik elmində müasir sözlərin qədim formalarını bərpa etmək üsulu vardır. Əgər biz həmin üsullardan istifadə edərək, üç min il bundan əvvəl yazıya alınmış hər hansı bir ada bənzəyən müasir sözün üç min il əvvəlki formasını bərpa etsək, onda görərik ki, müqayisə edilən sözlər arasındakı əvvəlki oxşarlıqdan heç bir əsər-əlamət qalmayacaqdır. Ona görə də metodoloji cəhətdən düzgün olmayan belə «tədqiqatlar» nəzəri cəhətdən də elə əvvəldən uğursuzluğa məhkumdur.
Diqqət edilsə, dilçiliyimizdəki mühüm bir tədqiqat metodunu «həyasızcasına» «darmadağın etmək» niyyətin görünər» («Koredo» qəzeti, 29 sentyabr 2007-ci il, s. 2, 3-cü sütun). Möhtərəm dilçi-professor, məhz elə bu cür həyasızlıqlarına görə hələ keçən cavab məqaləmizdə biz sənə müraciətlə yazmışdıq ki, «siz yəni o dərəcədə savadsızsınız ki, bildiyiniz yeganə dil olan müasir Azərbaycan dilini də düzgün anlaya bilmirsiniz?». İndiki məqalədə yazdıqların cəfəngiyyatlar bir daha təsdiq edir ki, sən nəinki Azərbaycan dilində düzgün yazmağı bacarmırsan, heç oxuduqlarını da düzgün başa düşmək qabiliyyətində deyilsən. Sənin elə bu məqaləndəki orfoqrafik, qrammatik və üslub səhvlərini göstərmək üçün bir kitab yazmaq lazım gələr. Elə Hacıyev kimi akademikin sənin kimi də tələbəsi olar.
Bundan sonra İ.Kazımov bərpa üsullarını izah etməyə çalışaraq, F.Sössürün N.Cəfərov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş «Ümumi dilçilik kursu» kitabından geniş sitatlar verir. Halbuki həmin sitatlarda bərpa metodunun ümumi səciyyəsi və məqsədlərindən danışılır və bərpa üsulları barədə heç bir söz deyilmir. Tamamilə aydındır ki, Kazımov bu üsullardan tam şəkildə xəbərsizdir. Çünki o, guya həmin metodla «qoyun» və «qoç» sözlərinin qədim formalarını bərpa etmək istəyir və bu məqsədlə bərpa üsullarına yox, Mahmud Kaşğarinin orta əsrlər, daha dəqiq desək, XI əsr dilini əks etdirən lüğətinə müraciət edərək yazır: «Bu sözün ən qədim forması «koy»dur (M.Kaşğarlı lüğətində). Bu söz tarixən inkişaf edərək koyun/qoyun şəklinə düşmüşdür. Deyin görək, koy sözü ilə qoyun sözü arasında əvvəlki oxşarlıqdan bir əsər-əlamət var, ya yox. Allahyarov yazır ki, əvvəlki oxşarlıqdan heç bir əsər-əlamət qalmayacaq. Və yaxud «qoç» sözü tarixən «koçkar» şəklində (bax: M.Kaşğarlı lüğətində) olmuşdur».
Ay opponentini əsassız olaraq «qanmazlıqda» günahlandıran professor, axı elə sənin özünün bizdən gətirdiyin sitatdan da göründüyü kimi, biz müasir sözün aşağısı üç min il əvvəlki formasının bərpasından danışarkən demişik ki, müqayisə edilən sözlər arasındakı əvvəlki uyğunluqdan heç bir əsər-əlamət qalmayacaqdır. Sən isə müasir sözləri onların cəmi 900 il əvvəl M.Kaşğari tərəfindən yazıya alınmış formaları ilə müqayisə edirsən. Həm də ona görə bunu demişik ki, sən və sənin həmkarların beş min il bundan əvvəl yazıya alınmış şumer sözlərini müasir sözlərlə müqayisə edəndə bərpa metodu heç sizin yadınıza da düşmür. Bərpa üsulları isə müasir sözlərin qədim lüğətlərdəki sözlərlə müqayisəsini yox, hansı səslərin neçə əsrdən sonra hansı səslərə çevrilməsini hesablamağı nəzərdə tutur. Məqalənizdən də göründüyü kimi, nə sənin, nə də müəlliminin bu üsullar barədə anlayışınız belə yoxdur. Bəs onda nəyə görə bizim haqqımızda yazırsan ki, «opponentlərini tez-tez yalanda suçlayır, özü isə qanmadığı, əhəmiyyətini dərk edə bilmədiyi üçün «bərpa metodunu» öz ağlı ilə izah etməyə çalışır». Əgər siz bərpa metodunu və onun əhəmiyyətini bilirsinizsə, onda bəs nəyə görə hətta bu sonuncu «Böhtannamə»nizdə belə «şumer sözləri» hesab etdiyiniz sözləri müasir Azərbaycan sözləri ilə müqayisə edərkən sonuncuların 5 min il əvvəlki formasını bərpa etmədən müqayisələr aparırsınız? Məqalənizin Hacıyevin üslubunda yazılmış hissəsində yazırsınız: «Sənin təsadüfü səs uyğunluğu adlandırdığın sözlərə diqqət edək: ama (ana), uz (uzun), gi (get,) ma (mən), lu-lu (lilipud), aga (ama), bilgə (əcdad) … uğul (oğul) və s. Allahyarov, göründüyü kimi, təkcə dinqir-tanrı eyniliyi deyil, yüzlərlə yuxarıdakı tipli leksik vahidlər türk və şumer dillərinin eyni köklü olduğunu göstərir. Bunlar uydurmalar deyil, sənin kimisi kor ola gərək ki, bu sözləri görməyə, kar ola ki, eşitməyə».
Möhtərəm «şumeroloqlar», birincisi, əgər bunlar uydurma deyilsə, bəs onda nəyə görə onları götürdüyünüz mənbələri – şumer lüğətlərini göstərə bilməmisiniz? İkincisi, siz o qədər savadsız dil tarixçilərisiniz ki, hətta bunu da bilmirsiniz ki, yuxarıda sizin türk sözü kimi qəbul etdiyiniz və «şumer sözləri» ilə müqayisə etmək istədiyiniz «lilipud» sözü bizim dilə rus dilindən, «əcdad» sözü ərəb dilindən («cədd» sözünün cəm formasıdır) son minillikdə keçmişdir. Şumer dili isə 4 min il bundan öncə tarix səhnəsindən çıxmışdır. Sizin yazdıqlarınızdan belə çxır ki, şumer dilində rus və ərəb sözləri də olubdur. Axı biz keçən məqaləmizdə sizi elmi prinsiplər əsasında diskusiyaya dəvət edərkən (siz isə bundan qaçdınız) bunu da yazmışdıq ki, şumer dilinin guya türk dili olmasına dair fikirlərinizi əsaslandırarkən heç bir filoloji təhsili olmayan, şumer dilini bilməyən yalançı həmkarlarınızın kitabçalarına yox, şumerologiya mütəxəsisləri tərəfindən hazırlanmış lüğətlərə əsaslanmalısınız. Siz isə bunu edə bilmədiyinizə görə bizim bu təklifimizin də üstündən sükutla keçmisiniz. Bu isə o deməkdir ki, sizin «şumer sözləri» kimi qələmə verdiyiniz sözlər də sizin və sizin həmkarlarınızın uydurmalarıdır. Yazdıqlarınızın həqiqiliyinə dair heç bir sübut, mənbə göstərə bilmədiyiniz halda, yenə məqalənizin ikinci hissəsində yazırsınız ki, «şumer dilinin məhz prototürk, proto Azərbaycan dili olduğunu görkəmli alimlərimiz tam şəkildə əsaslandırmışlar». Əgər bu doğrudan da belədirsə, nə üçün bu «görkəmli alimlərin» əsaslarının, sübutlarının nədən ibarət olmasını göstərmirsiniz? Nə üçün belə «sübutlarınızı» beynəlxalq elmə çıxarıb, Nobel mükafatı almaq istəmirsiniz?
Ona görə bu haqda danışmaq istəmirsiniz ki, özünüz də bütün bunların yalan olduğunu, yalnız Azərbaycan daxilində sizin populist məqsədlərə xidmət etdiyini çox yaxşı bilirsiniz.
İndi isə eyni sözlərin nəinki 3-5 min il ərzində, hətta cəmi 2 min il ərzində dilin inkişaf prosesi nəticəsində tanınmaz dərəcədə dəyişilməsinə dair konkret faktlar göstərək. Bunu da nəzərdə saxlayaq ki, yuxarıda yalançı şumeroloqlardan gətirilən sitata əsasən müasir dilimizdəki «oğul» sözünün şumer və ya onların fikrincə, proto-Azərbaycan dilindəki 5 min il əvvəlki forması «uğul» şəklində olmuşdur. Fikrimizi izah etmək üçün indi dilimizdə işlətdiyimiz «oğul» və «işıq» sözlərini onların cəmi 2 min il öncə hun dilində mövcud olmuş formaları ilə müqayisə edək. Yəqin ki, yalançı türkçülər təəccüblənəcəklər ki, ilk türk xalqı olmuş hun dilindən hansı sözlər məlumdur? Ancaq belə sözlər vardır və yalançı dilçilər məhz onları tapıb ortaya çıxarmaq əvəzinə, tanınmış dünya alimlərinin şumerlər barədəki kitabları üzərində «saqqallı uşaq oyunları» çıxarmaqla məşğul olurlar. Çünki birinci məsələnin həlli savad, zəhmət və qabiliyyət tələb edir. İkinci üsul isə xaltura yolu ilə «əsərlərinin sayını artırmaq», populist yazılarla Azərbaycan daxilində özünə ucuz imic qazanmaq üçün gözəl vasitədir.
Çin tarixçisi Pan Qu özünün «Xan sülaləsinin tarixi» (e. ə. 206 – b.e. 8-ci illərini əhatə edir) adlı kitabının hunlara aid bölməsində yazır ki, hunlar öz şanyularını (başçılarını) «çanq-uli», yəni «işıq oğlu» adlandırırdılar. Çin dilində «r» səsi olmadığına görə xarici adlarda olan bu səs Çin dilinə bir qayda olaraq «l» səsi kimi transliterasiya edilir. Ona görə də «uli» sözündəki «l» səsini «r» səsi ilə əvəz etsək, onda erkən orta əsirlərdə də bir sıra türk xalqlarının dilində «oğul» mənasında işlənən «uri» sözü alınacaqdır (Bax: «Qədim türk sözlüyü». L - 1969, s. 614). «Çanq» sözü də bir sıra türk abidələrində, o cümlədən də «Oğuz-xaqan» dastanında (Bax: «Qədim türk sözlüyü», s. 139) «səhər işığı», «şəfəq» mənasında işlənmişdir. Ancaq erkən orta əsrlərdə sonuncu bəzi türk dillərində öz əvvəlki mənasını saxlamaqla «tanq» formasına düşür (bax: «Qədim türk sözlüyü», s. 532). Hunların «çanq-uri» ifadəsi isə Göytürk dövründə semantikasını genişləndirərək, həmçinin «səma» (səmaya isə türklər Allah kimi baxırdılar) mənası da alır və «Tənqri» şəklində tələffüz edilir. Beləliklə, hunlarda müqəddəs sayılan və dəyişilməz söz kimi qorunan «çanq-uri» istilahı hazırda bizim dilimizdə «Tanrı», «çanq» sözü – işıq, «uri» sözü isə «oğul» forması almışdır. İndi, cənab Kazımov, baxaq görək müasir dilimizdəki «işıq» və «oğul» sözləri ilə onların iki min il bundan əvvəlki formaları – «çanq» və «uri» sözləri arasında oxşarlıq varmı? Əgər bu sözlər iki min il ərzində formasını bu qədər dəyişibsə, təsəvvür etmək çətin deyil ki, beş min il ərzində nə qədər dəyişə bilərdilər. Siz isə heç bir əsas, sübut göstərmədən iddia edirsiniz ki, müasir dilimizdəki «oğul» sözü beş min il əvvəlki şumer dilində «uğul» şəklində olub. İndi gördünüz ki, sizin yazdıqlarınızın hamısı yalan və cəfəngiyyatdır? Ona görə də qanmadığınız mətləbləri alimlərə, mütəxəsislərə «qandırmağa» çalışmayın. Məhz sizin kimi şəxsi mənafeyi naminə elmi cəfəngiyyata çevirən, savadlı alimlərə böhtan atan istedadsız, əyalət səviyyəsində düşünən məhdud düşüncəli «alimlərin» üzündən Azərbaycan elmi müasir beynəlxalq elmi ictimaiyyət arasında tanınmır və beynəlxalq elmdə onun sözü eşidilmir. Kazımovun fikrincə isə «o alim alimdir ki, orta və ali məktəb şagirdləri, tələbələri onu tanısın». Görünür, Hacıyevin onu hansısa universitetdə kafedra müdiri vəzifəsinə işə düzəltməsini Kazımov özü üçün «elmin son nailiyyəti» hesab edərək forslanır. Ancaq heç düşünmür ki, onun və Hacıyev kimi savadsız adamların kafedra müdiri vəzifəsində işləmələri, dərsliklər yazmaları Azərbaycan gənclərini elmdə kor etmək deməkdir. Təəssüf ki, bizim universitetlərdə sizin kimi, hətta sizdən də betər müəllimlər çoxdur. Alim isə özünün elmi prinsiplərə cavab verən əsərləri ilə tanınır.
Ümumiyyətlə, Kazımovun imzası ilə çap olunmuş bu məqalənin əsas məqsədi Hacıyevin alim olmasını sübut etməyə, onun şəninə təriflər deməyə yönəlib. Bunun üçün Kazımov hətta belə bir «nəzəriyyəbazlığa» da əl atır: «Dilçi üslubu. Bu üslubu mənim müşahidələrimə görə bir sıra qruplara ayırmaq olar: 1) Rus və Avropa dillərindəki dilçilik ədəbiyyatından tərcümə edilib özününküləşdirilmiş üslub. 2) Sırf istedadın nəticəsi kimi ortaya çıxan üslub. 3) Zəif təsir bağışlayan üslub… Amma Tofiq Hacıyev ikinci sırada göstərilən xüsusiyyətə malik alimlərimizdəndir».
Yaxşı olardı ki, cənab Kazımov, üslubiyyət tarixinə qızıl hərflərlə yazılacaq bu taysız təsnifatınıza «hər cümləsində orfoqrafik, qrammatik və ya üslub səhvləri olan dilçi üslubu» adlı bir bənd də əlavə edib, öz yerinizi də müəyyənləşdirərdiniz. Tanınmış fransız filosofu Mişel Monten elə sizin kimilər haqqında yazmışdır ki, «məhz alimlər arasında biz daha tez-tez əqli cəhətdən elə şikəst adamlarla rastlaşırıq ki, onlardan yaxşı əkinçi, sənətkar, tacir çıxa bilərdi. Elm güclü ağıllar üçündür, belələri isə olduqca azdır». Cənab «üslub nəzəriyyəçisi», məlumdur ki, elm beynəlxalq hadisədir və dünya elmi dünyanın hər yerində yaranan həqiqi elmi əsərlərin ümumiləşdirilməsi əsasında inkişaf edir. Həqiqi alim olmaq üçün isə dünya elmindən mümkün qədər çox öyrənmək lazımdır. Çox sürətlə və dinamik şəkildə inkişaf edən qabaqcıl dünya elminin nailiyyətlərini əks etdirən kitablar Azərbaycan dilində, demək olar ki, yox dərəcəsindədir. Sovet dövründə isə rus dili bizim üçün dünya elminə «pəncərə» rolunu oynayırdı və bu dili yaxşı öyrənib, onun vasitəsi ilə beynəlxalq elmlə tanış olanlar həm elmi biliklərə yiyələnirdi, həm də elmi üslubda yazmağı öyrənirdi. Sizin kimi istedadsız adamlar isə bunu bacarmadıqlarına görə adi danışıq dilində, ən yaxşı halda isə publisistik üslubda yalançı elmlə məşğul olmağa məcbur olurdular. Elmi üslubdan, dəqiq mürəkkəb cümlələrlə mücərrəd elmi fikirlər ifadə etmək bacarığından məhrum olmağın başqa bir səbəbi isə məntiqi təfəkkürün zəif olması ilə bağlıdır. Belə adamlar ən yaxşı halda publisistik üslubda təsvirçiliklə məşğul ola bilirlər. Kazımov yenə bizə müraciətlə yazır ki, «sən təkcə T.Hacıyevə qarşı deyilsən, bütün dilçiləri ələ salmaq istəyirsən».
Möhtərəm «məlik ül–üləma», birinci, biz yalnız səninlə Hacıyevin bizə qarşı yazdığınız böhtan və saxtakarlıqlara cavab veririk. Başqa dilçilərlə bizim heç bir işimiz yoxdur. Ona görə də onları aldadıb bizə qarşı qaldırmaq istəyiniz çətin ki, baş tutsun. İkincisi, biz heç sizi də «ələ salmaq» niyyətində deyilik, sadəcə, siz özünüz özünüzü komik vəziyyətə salırsınız: bu qədər savadsızlığınıza rəğmən özünüzü Azərbaycan elminin və «milli təfəkkürünün işığı» kimi qələmə verməyə çalışırsınız. Şəxsi mənafeyiniz naminə hər işdə xalq mənafeyini tapdaladığınız halda özünüzü «böyük vətənpərvər», həqiqi alimləri isə gah «antitürk», «qeyri-türk», gah «ermənipərəst», gah «ruspərəst», gah da «farspərəst» adlandırırsınız. Başdan ayağa böhtan, iftira və təhqirlər yazdığınız halda özünüzə «milli düşüncəli ziyalı» adı qoyursunuz. Biz hər şeyi öz adı ilə deyəndə, sizin yalanlarınızı konkret faktlar əsasında ifşa edəndə isə gülünc vəziyyətə düşürsünüz. Ona görə də aynada özünüzü eybəcər şəkildə görəndə aynanı sındırmağa yox, özünüzü düzəltməyə çalışın. Artıq qeyd edildiyi kimi, Kazımovun imzası ilə çap olunmuş bu məqalənin təxminən yarısı, daha dəqiq desək, qədim dövr məsələlərinə həsr olunmuş hissəsi başqa üslubda yazılmışdır. Orada danışılan məsələlərin çoxuna biz əvvəlki məqalələrimizdə cavab yazmışıq. Buna görə də onların üzərində dayanmayacağıq. Ancaq bilavasitə bizə müraciətlə yazılmış elə abzaslar vardır ki, onlara münasibət bildirməyi zəruri sayırıq. Cavab prosesində, sözsüz ki, biz də bu üslubun sahibinə müraciətlər etməli olacağıq. Ancaq məqalənin sonunda yalnız Kazımovun adı yazıldığına görə ikinci üslubun sahibini biz burada şərti olaraq «İKS (X) cənabları» adlandırmağa məcburuq. Yuxarıda qeyd edilən «lullube» tayfa adını yenidən samovar metodu əsasında «Ulu bəy» kimi izah edən «X» cənabları bizim keçən cavab məqaləmizdəki bir fikrə də münasibət bildirməyə çalışmışdır. Əvvəlki məqaləsində T.Hacıyevi «ona çatan heç bir dilçi yoxdur» epiteti ilə mədh edən «mister X»-ə biz belə bir təklif etmişdik ki, əgər Hacıyevin çoxsaylı kitab və məqalələrində doğurdan da elmi yeniliklər varsa, onda yaxşı olar ki, onları siz yığcam halda, müddəalar şəklində göstərəsiniz. Buna cavab olaraq «mister X» yazır: «Onun yenilikləri fikrimizcə, bir kitaba da sığmaz.
1. Heç bir dilçidə olmayan üslub yeniliyi.
2. Hacıyevin elmi yeniliklərindən biri onun yetirmələridir. Onun rəhbərliyi altında yüzlərlə aspirantı və dissertantı yetişmişdir («aspirantı və dissertantı» ifadəsi «aspirant və dissertant» formasında olmalıdır – K.H.)…
3. Azərbaycan ədəbi dili tarixi barədə elmi yenilikləri…»
Göründüyü kimi, əvvəlki iki punkt əslində bizim təklifin cavabı deyildir. Ancaq «X cənabları» bunları yazıbsa, biz də onlara öz münasibətimizi bildirməliyik.
Cənab «X», biz artıq demişik ki, Hacıyevin üslubu elmi üslüb olmadığına görə alim adı daşıyan adam üçün belə üslub ancaq mənfi hal kimi dəyərləndirilə bilər. Fikrimizcə, Hacıyevdə elmi-məntiqi təfəkkür çox zəif, savad səviyyəsi aşağı olduğuna görə o, elmi üslub üçün zəruri sayılan mürəkkəb cümlələrdən yayınmağa çalışır və sadə, bəsit cümlələrlə, adi danışıq dilində (loru dildə) yazmağa üstünlük verir. Hətta onun sadə cümlələri də çox vaxt anlaşıqsız, qrammatik və üslub baxımdan səhv olur. Məsələn, nümunə üçün onun «Kitabi-Dədə Qorqud» eposu haqqında «şah əsəri» sayılan, əslində isə xeyli hissəsi səhv, qalan hissəsi isə elmi ədəbiyyatda dəfələrlə yazılmış, çeynənilmiş köhnə, primitiv fikirlərdən və təsvirçilikdən ibarət «Dədə Qorqud: dilimiz, düşüncəmiz» (Bakı, 1999) kitabına müraciət edək. Həmin kitabın 96-cı səhifəsində deyilir: «Məsələn, oğuldan Dirsə xana böhtan atanda bir dəstə namərd Buğacın ata-anasını təhqir etdiyini söyləyir: «Ağsaqqallı qocanın ağzını sögdi, Ağbirçəkli (bu söz kiçik hərflə yazılmalıdır - K.H.) qarının saçın yoldı».
«Mister X», «oğuldan Dirsə xana böhtan atanda» ifadəsindən nə anlaya bilərsiniz? Cümlənin qalan hissəsi də məna və üslub baxımından düzgün deyildir. Yalnız məsələdən hali mütəxəsislər başa düşə bilərlər ki, burada Hacıyev belə demək istəyir: «Bir dəstə namərd Dirsə xanın oğluna böhtan ataraq, xana Buğacın öz ata-anasını təhqir etdiyini söyləyir». Göründüyü kimi, Hacıyev demək istədiyi fikri cümlədə düzgün ifadə edə bilmir. Buna görə də o, mümkün qədər sadə cümlələrdən istifadə edərək, danışıq dilində və ya ən yaxşı halda, publisist üslubda yazır. Elmi işlərdə belə üslubda yazmaq isə heç bakalavra da yaraşmaz. Ancaq məsələ təkcə üslubla bitmir: o, heç dastanın mətnini də düzgün anlaya bilmir. Belə ki, eposdan gətirdiyi həmin sitatdan göründüyü kimi, onun yuxarıdakı cümləsində verilən məlumat tamamilə səhvdir.
Məsələ burasındadır ki, «qoca» sözünü Hacıyev «ata», «qarı» sözünü isə «ana» kimi başa düşərək, onları Buğacın «ata-anası» kimi qələmə verir. Halbuki heç bir türk mətnində, həmçinin heç bir qədim türk sözlüyündə həmin sözlərin «ata» və «ana» mənasında işlənməsinə rast gəlinmir. «Qoca» sözü türk dilinə fars dilindən (xacə) keçmiş və həmişə yalnız «qoca» və «hörmətli adam» mənasında işlənmişdir. Elə «qarı» sözü də XII əsrədək türk dilində ancaq «qoca» mənasında (məsələn, «qarı dünya») işlənmiş və sonradan «qoca qadın» mənası almağa başlamışdır.
«Mister X», siz özünüz də yaxşı bilirsiniz ki, Hacıyev çox cığal və səhvlərini etiraf etməyən adamdır. Ona görə də biz sübutlarımızı «kor-kor, gör-gör» olana qədər davam etdirməyə məcburuq. Bu məqsədlə də həmin hadisənin dastanda necə verilməsinə nəzər salmalıyıq: «Əvvəlcə iyirmisi gedib, Dirsə xana bu xəbəri gətirdi: «Görürsənmi, Dirsə xan, nələr oldu. Yarımasın sənin bu oğlun, nankor və fərsiz çıxdı. Qırx igidini dəstəsinə qatıb, Qalın Oğuzun üstünə yürüş etdi. Harada gözəl vardısa, çəkib aldı. Ağ saqqallı qocanın (yəni, qocaların – K.H.) ağzına söydü, ağbirçəkli qarının (yəni, qarıların – K.H.) saçın yoldu… Xanlar xanı Bayandıra xəbər çatar… Bayandır xan səni çağırar, sənə ağır cəza verər».
Mətnin məzmunundan belə anlaşılır: Buğaca böhtan atılır ki, guya o, öz tayfasının qan qardaşı və müttəfiqi olan «Qalın Oğuza» hörmətsizlik edib, harda gözəl görübsə, tutub gətirib, ağsaqqal qocaların ağzın söyüb, ağbirçək qarıların saçın yolub. Özünü «baş qorqudşünas» elan edib, qorqudşünaslıqla bağlı bütün vəzifələri ələ keçirən bu «böyük alim» isə hətta ibtidai sinif şagirdləri üçün də tam aydın olan adi mətnləri belə düzgün anlaya bilmir. İndi isə adı çəkilən kitabda Hacıyevin gəldiyi nəticələrə nəzər salaq: 1) «Dədə Qorqud kitabı»nın sintaksisi ərəb-fars dillərinin Azərbaycanda dövlət dili olmasından, Azərbaycan yazılı dilinə təsir göstərməsindən qabaqkı dövrlərin məhsuludur. 2) «Kitab»ın intonasiya sintaksisinin təmiz türkcəliyi və bu cəhətdən XIII-XVIII əsrlərin yazılı nəsr kontekstinə düşməməsi onun XV əsrdə yazıya ilk dəfə alınmağına dəlalət edir («ilk dəfə» söz birləşməsi «XV əsrdə» ifadəsindən əvvəl olmalıdır – K.H.). «Kitab», görünür, daha qədim nüsxədən köçürülmüşdür» (səh. 167). Bu mətndəki fikirlərin qarmaqarışıqlığından baş açmaq çox çətindir: bir tərəfdən Hacıyev yazır ki, epos ilk dəfə XV əsrdə yazıya alınıb (bu elmə çoxdan məlumdur), digər tərəfdən iddia edir ki, dastanın mətni «təmiz türkcəliyinə» əsasən daha qədim nüsxədən köçürülüb. 1994-cü ildə nəşr etdirdiyi «Füzuli: dil sənətkarlığı» adlı kitabında isə yazır ki, «ilk təmiz Azərbaycan türkcəsi Füzulidən başlanır» (s. 3). Başa düşmək olmur ki, bu adam özünü ələ salır, yoxsa Azərbaycan elmini və Azərbaycan xalqını. Çünki sıravi şagird də bilir ki, klassik dövr Azərbaycan şairləri içərisində dil baxımından Füzulinin dili ən qəlizi və ən çətin başa düşülənidir. Birinci cavab məqaləmizdə biz konkret faktlar əsasında göstərmişdik ki, Hacıyev XVI əsrdə yaşamış Füzulinin dilini başa düşmədiyi halda, beş min il öncə yazılmış şumer dilindən dəm vurur. Onun tərəfindən «Dədə Qorqud»un başına açılan oyunların nəticəsi isə daha acınacaqlıdır: özü heç bir düzgün və ciddi fikir söyləyə bilmir, başqalarının yazdıqlarını da qəbul etmir. Beləliklə də o, Azərbaycan qorqudşünaslığını keçən əsirin 20–30-cu illərinin primitiv səviyyəsində saxlayır. Digər tərəfdən, «cənab X», siz yazırsınız ki, Hacıyev «ədəbi dilimizin təşəkkül və sabitləşmə dövrlərinin fonetik, orfoqrafik, morfoloji, sintaktik və leksik-terminoloji normalarını ilk dəfə olaraq müəyyənləşdirmişdir və bədii üslubu haqqında ən yeni fikir və mülahizələr» söyləmişdir. Ancaq yuxarıdakı sitatdan aydın görünür ki, o, hələ bilmir ki, əksər xalqlarda olduğu kimi, orta əsrlər Azərbaycan dilində də müxtəlif üslublar olmuşdur. Bəziləri ərəb-fars ədəbi ənənələrinə əsaslanan qəliz klassik üslubda, bəziləri xalq dilinə əsaslanmış sadə və təmiz üslubda, bəziləri isə bu iki üslubun hər ikisindən istifadə edərək, qarışıq üslubda yazmışlar. Hətta adi tələbələr də bir az düşünsələr, bunu asanlıqla başa düşə bilərlər. Hacıyevin fikrincə isə əgər dastan ilk dəfə XV əsrdə yazıya alınsaydı, onun «intonasiya sintaksisi» də klassik dövrün «yazılı nəsr kontekstində», yəni ərəb-fars yazı ənənələrinə əsaslanan klassik üslubda olmalı idi. Başqa sözlə, Füzulinin nəsr əsərlərinə oxşamalı imiş. Göründüyü kimi, bu adam sanki hər şeyi tərsinə yazmaq ustasıdır. O, eposun xalq dilinə əsaslanan üslubunu klassik yazı üslubundan fəqləndirmir.
Hacıyevin və onun bəzi həmkarlarının Azərbaycan dili tarixinə dair yazılarından aydın olur ki, onlar Azərbaycan dilinin tarixini də şumer dövründən başlayırlar. Halbuki müasir dünyada elə bir xalq yoxdur ki, öz ədəbi dilinin tarixini beş min il əvvəldən başlasın. Şumerlərin dövründə nəinki azərbaycanlılar, heç Azərbaycan, qaqauz, turkmən və türk xalqlarının ümumi əcdadı (atası) olan oğuzlar da, hətta oğuzların, göytürklərin, qıpçaqların, karluqların, xəzərlərin və başqa qədim türk xalqlarının ümumi əcdadı olmuş hunlar belə yox idi. O zaman yalnız hun, monqol, tanqus-mancur, yapon və Koreya xalqlarının ümumi əcdadı olmuş Altay tayfa birliyi mövcud idi. Əgər şumerlər onlarla eyni dövrdə Uzaq Şərqdə mövcud olmuş Altay tayfa birliyinin bir qolu olub, sonuncularla eyni dildə danışsaydılar, onda yapon və Koreya alimləri bunu çoxdan yazardılar və Hacıyev kimi «böyük dilçilərin» də nahaq yerə zəhmət çəkməsinə heç bir ehtiyac qalmazdı.
Məlumdur ki, müasir azərbaycanlılar oğuzların varislərindən biridir. Oğuzlarla və ya hunlarla Azərbaycan xalqını eyniləşdirmək müvafiq surətdə övladla atanı və ya babanı eyniləşdirmək kimi bir şeydir. Oğuzlarla onların varisləri olan azərbaycanlılar, qaqauzlar, türklər və türkmənlər arasında bərabərlik işarəsi qoymaq, riyazi hesablamalardan da məlum olduğu kimi, azərbaycanlılarla qaqauzlar, türklər və türkmənlər arasında bərabərlik işarəsi qoyub, onları eyni bir xalq hesab etmək deməkdir. Ona görə də yalançı türkçülərin belə eyniləşdirmələri obyektiv reallıqlara və elmi prinsiplərə ziddir. Dünyada heç bir xalq özünü əcdadları ilə eyniləşdirmədiyi kimi, öz dilini də əcdadların dili ilə eyni dil hesab etmir. Məsələn, ruslar, polyaklar, çexlər və başqa slavyan xalqları özlərini nə bu xalqların ümumi əcdadları olmuş slavyanlarla, nə də bir-biri ilə eyniləşdirirlər.
Göründüyü kimi, Hacıyevin nə xalqların və dillərin inkişaf qanunauyğunluqlarından, nə dil tarixinin dövrləşdirilməsi prinsiplərindən, nə də üslub qaydalarından xəbəri vardır. Bütün bu məsələlər onun kitablarında horra kimi bir-birinə qarışmışdır. Müasir musiqişünaslar hər şeyi bir–birinə qarışdıran müğənnilərə «bozbaş müğənnilər» deyirlər. Təəssüf ki, «bozbaşlar» həyatımızın bütün sahələrində vardır. Çox acınacaqlı haldır ki, əksər xalqlar öz dil tarixlərini çoxdan elmi prinsiplər əsasında yazıb ortaya qoyduqları halda, indi biz yalançı türkçülərin bu sahədə yazdıqları cəfəng kitabları və horra dərslikləri tarixin küllüyünə atıb, dil tariximizi yenidən yazmalı olacağıq. Halbuki yalançı alimlərin bu sahədə yazdıqları qalaq–qalaq kitablara nə qədər dövlət vəsaiti, nə qədər vaxt və nə qədər insan qüvvəsi sərf olunmuşdur. Yalançı türkçülər indi xalqımız və dövlətçiliyimiz qarşısında cavab verməlidirlər ki, nəyə görə onlar öz şəxsi mənafeləri naminə Azərbaycan elmində belə rüsvayçı vəziyyət yaradaraq, həqiqi filoloji elmin inkişafını 20-30 il geri atdılar. Budur yalançı elmin nəticələri.
«Cənab X», icazənizlə Hacıyevin elmi yenilikləri barədə sizin yazdığınız ikinci bəndə qayıdaq. Siz yazırsınız ki, Hacıyevin elmi yeniliklərindən biri də onun yetirmələri, «yüzlərlə aspirantı və dissertantıdır». Hər şeydən öncə qeyd etməliyik ki, bizə görə, buradakı «yüzlərlə» sözü həddindən artıq şişirdilmiş ağılasığmaz bir rəqəmdir. Bundan əlavə, Azərbaycanda elmi rəhbərliyin əksər hallarda formal səciyyə daşıması, aspirant və dissertantların hərəsinin öz bacarığı səviyyəsində sərbəst oxuyub-öyrənərək, dissertasiya yazmaları hamıya məlumdur. Çünki elmi rəhbərin özü bir şey bilməlidir ki, aspiranta da lazımi elmi məsləhətlər verə bilsin.
«X cənabları» üçüncü bəndin izahını Q.Kazımov, N.Xudiyev, N.Cəfərov, M.Cahangirov, Ə.Dəmirçizadə kimi dilçilərin adlarını çəkməklə başlayır və iddia edir ki, «bu müəlliflərin sağ qalanları inciməzlər yəqin hələ Tofiq müəllimdən bir çox məsələləri mənimsəyiblər və belə demək mümkünsə, ona oxşamaq istəyiblər» (Cümlədəki səhvlər yenə «X cənablarına» mənsubdur – K.H.) «Mister X», fikrimizcə, bu yalnız həmin alimlərin xoşbəxtliyidir ki, onlar Hacıyev kimi həqiqi elmə qənim kəsilən, obyektiv alimlərin başına bəla olan bir adama oxşamayıblar. Yəqin, hələ dualar etmək və qurbanlar kəsmək də lazımdır ki, həqiqi ziyalılarımıza qarşı 1937-ci ilin metodlarından istifadə edən «alimlər» bir də Azərbaycan elmində peyda olmasınlar.
«Mister X», öz aramızdır, deyəsən elə siz özünüz də dilçi-professorsunuz. Çünki siz də mürəkkəb cümlələr işlədən zaman Hacıyev kimi həm məzmun, həm də qrammatik baxımdan kobud səhvlərə yol verirsiniz. Bu nədir yazmısınız: «Allahyarov kitabında Sabirdən 7 misralıq bir şer verir, yalançı elmi tənqid etmək üçün və bilmir ki, daha dərin kökləri Sabiri sələfləri ilə – M.Füzuli ilə, M.F.Axundovla və həmçinin də «Mola Nəsrəddin»çilərlə qarşılaşdıran, bir sənətkardan danışıb, bir çoxunu o təhlilə cəlb edən və bir neçə qütbün müstəqil üslub yollarını ayıran və birləşdirən, onların estetik ideal ümumiliyini, üslub və ideya proqramını, üslub və əqidə birliyini ortaya çıxaran Tofiq Hacıyev olmuşdur… Tofiq müəllimin sırf qrammatikadan xaric köklərimizi dəyərləndirməsi, onların yaradıcılığını ələyib-ələkdən keçirməsi qarşısında Allahyarov kimilər diz çökməlidir».
«Mister X», sizin bu «sərrast» və «dərinmənalı» fəlsəfi fikirlərinizdən heç «Tarix-Nadir»i yarıya qədər oxumuş Məşədi İbad da baş çıxara bilməz. Ona görə də sizin qeyd etdiyiniz «7 misralıq bir şeri» (Sabirdən gətirilən həmin misralar bizim kitabda yalançı elmin metodologiyasının tənqidinə həsr edilmiş birinci fəslə epiqraf kimi verilmişdir) aşağıda göstərməklə, yazdıqlarınızın mənasını dərk etməyi oxucuların öz öhdəsinə buraxırıq:
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm yaxşı-pisi eyləyim izhar, yazım.
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs böylə bərəldirsən, a qarə gözünü?
Yoxsa əyri görürsən bu ayinədə özünü?
Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram…
«Cənab X», siz Hacıyevin elmi yeniliklərinə dair yazdığınız üçüncü bənddə də heç bir konkret elmi yenilik, ayrıca müddəa göstərməmisiniz. Sizin yazdığınız «ən mühüm elmi yeniliklərdən biri Azərbaycan ədəbi dilinin monumental tarixini yaratmaq sahəsindəki çoxillik axtarışlardır» kimi ümumi, yayğın və konkret mənadan uzaq fikirləri oxuyanda isə heç bir yeniliyi olmayan dissertasiyaların «İşin elmi yeniliyi» bölmələrindəki ümumi və şablon sözlər yada düşür. «Elmi müddəalar» anlayışının mahiyyətini sizə başa salmaq üçün isə biz «Azərbaycan şeir sənətinin genezisi, təşəkkülü və təkamül yolları» mövzusunda yazdığımız dissertasiya işinin «Müdafiəyə aşağıdakı müddəalar çıxarılır» adlı bölməsində verilən 18 bənddən birini aşağıda göstəririk:
«Qədim türklər alliterasiyanı «qohumluq», «oxşarlıq», «yaxınlıq» əlamətlərini bildirən bir vasitə hesab etmişlər. «Dədə Qorqud kitabı» eposundakı bir çox personajların adından da (məsələn, Qaragünə oğlu Qarabudaq, Qanlı Qoca oğlu Qanturalı, Baybura oğlu Bamsı Beyrək və s.) görünür ki, bir-birilə qohumluq əlaqələri ilə bağlı olan adamların adları da alliterasiya vasitəsilə bir-birinə bağlanır. Poetik mətnlərdə də alliterasiya vasitəsilə əlaqələnən söz və ifadələrə nəzər salarkən açıq-aşkar görünür ki, onlar arasında da məna yaxınlığı, etimoloji, fonetik və qrammatik oxşarlıqlar nəzərə çarpır. Deməli, alliterasiyadan məna, məzmun və quruluş baxımından bir-biri ilə əlaqələnən və bir-birini tamamlayan sözlər, ifadələr, cümlələr və sətirlər arasında bağlılıq əlaqəsini göstərən bir vasitə kimi istifadə edilmişdir». «Cənab X», siz Hacıyevin elmi yaradıcılıgındakı yeni¬lik¬lər barədə bir dənə də olsun belə müddəa gətirə bilməmisiniz. Ona görə də sizin göstərdiyiniz «yeniliklər» bizi qane etmədi. Daha sonra «cənab X» yazır: «İlkin mənbə», «beynəlxalq elm», «qəbul edilmiş ciddi tədqiqatlara əsaslanmaq» prinsipini ortaya qoyan Allahyarovdan soruşmaq pis olmazdı ki, dəfələrlə deyildiyi kimi, özünün bunların hansından istifadə etməklə əsassız mülahizələri, elmi yenilikləri yaratmısan?» (Sitatdakı qrammatik və semantik səhvlərin hamısı «X cənablarına» məxsusdur – K.H.) «Mister X», bildiyiniz kimi, bizim kitabda yalançı elmin gülünc metodologiyasının ifşasına həsr olunmuş və sizin qəzəb və iftiralarınıza səbəb olan birinci fəsildən əlavə, daha yeddi fəsil vardır. Həmin yeddi fəsildən hər biri indiyədək dünya türkologiyasında və avestaşünaslığında öz həllini tapa bilməyən ən mürəkkəb problemlərdən birinə həsr edilmiş və onların həllinə səy göstərilmişdir. Siz isə «Böhtannamə»lə¬rinizin hamısında yalnız birinci fəsil üzərində dayanmış, sonrakı əsas məsələlər barədə bir söz belə yazmamısınız. Bu isə onu göstərir ki, həmin fəsillərdə bizim ilk dəfə irəli sürdüyümüz fikir və izahlar kifayət qədər əsaslandırılmışdır.
Yalançı alimlər yenə öz ənənəvi iftiralarına sadiq qalaraq, heç bir əsas göstərmədən bizi «erməniləri müdafiə etməkdə» günahlandırmağa çalışırlar. Halbuki onların gülünc cızma-qaralarından fərqli olaraq, biz ermənilərin Azərbaycana qarşı ərazi iddialarının əsassız olduğunu inkaredilməz sübutlarla və beynəlxalq hüquq normalarına tam uyğun prinsiplərlə əsaslandırmışıq. Əvvəlki yazılarında bu barədə heç nə yazmayan yalançılar bu sonuncu məqalədə həmin məsələ barəsind belə yazırlar: «Erməni onsuz da öz qədimliyini çoxdan sübut edib, heç sənin yalandan uydurduğun mülahizəni («heç» sözü burada olmalıdır – K.H.) vecinə də almır».
Bu sitatdan çox aydın görünür ki, «ermənipərəst» kimdir: ermənilərin yazdıqlarının yalan olmasına və onların özlərinin bu ərazilərə sonradan gəldiklərinə dair bizim faktlara əsaslanan fikirləri «yalan» və «uydurma» adlandıran «mister X», ermənilərin öz «qədimliyi» barədə dedikləri cəfəngiyyatları «çoxdan sübut olunmuş» faktlar hesab edir.
«X cənabları» məqaləsinin sonunda sanki öz şəxsiyyətini gizlətməsini unudaraq, birdən-birə Hacıyevin dili ilə belə yazır: «Mən Nizami Cəfərovdan, Elbrus Əzizovdan və digər alimlərimizdən umuram və öz müəllimlərini Allahyarov adlı birisi bu günkü səviyyəsiz mətbuatda «döyür», ona münasibət bildirmirlər, biganəlik göstərirlər».
«Cənab X», sizin yenə sintaktik baxımdan düzgün olma-yan bu cümləniz bizi təəccübləndirir və istər–istəməz A.Krılo-vun «Qurd və quzu» təmsilini yada salır: qurd və quzu axar çayın kənarında dayanıb su içirlər. Qurd yuxarıda, quzu isə on-dan aşağıda dayanmışdır. Quzunu yemək üçün bəhanə axtaran qurd ona deyir ki, sən mənim suyumu bulandırırsan. «Hey¬rət-lənən quzu deyir, ay ağa, // Mən ki səndən dayanmışam aşağa».
«Mister X», siz özünüz də gözəl bilirsiniz ki, biz öz kitabımızda heç kəsin adını çəkmədən son 20 ildə Azərbaycanda geniş yayılmış yalançı etimologiyanı və onun əsasında qurulmuş yalançı elmi tənqid etmişdik. Hacıyev isə bizim kitabda «samovar metodunun» ifşa olunmasından qəzəblənərək, əleyhimizə böhtanla dolu bir məqalə yazmışdı (Bax: «Elm» qəzeti, 20 mart 2007). Həmin məqaləsində o, bizi «xalq düşməni» elan edərək, 1937-ci ilin metodları əsasında bizə qarşı respublika səviyyəsində kampaniya təşkil etməyə cəhd göstərirdi və belə cəhdlərindən indi də əl çəkməyib. Bu hadisədən sonra biz həmişə yalnız cavab verən tərəf olmuşuq. Hətta keçən dəfə sizin on beşdən çox həmyerliniz tərəfindən imzalanmış üç «Böhtannamə»nizə bir cavab yazmışdıq. Buna görə də biz başa düşmürük ki, özünüz qoçuluq etdiyiniz halda öz adınızı bizə niyə qoyursunuz? Bir belə böhtan və yalanlarınız qarşısında sizə qarşı hansısa yalan, iftira yazmışıqmı? Əgər yazmışıqsa, keçən məqaləmizdə də təkid etdiyimiz kimi, gətirin, elmi ictimaiyyətin şahidliyi ilə bizə göstərin. Əgər bizim yazımızda belə şeylər tapa bilmirsinizsə, bəs onda nəyə görə yazırsınız ki, «sən böhtanlardan, söyüş və təhqirlərdən əl çəkməlisən» (Mister “X” yenə öz adını opponentinə qoymağa çalışır). Hər məqalənizdə təkrar olunan «bu yalançı, böhtançı alimçik» kimi ifadələrinizin müqabilində biz sizə qarşı «elmi şouya çevirən şoumen professorçiklər, akademikçiklər» kimi ifadələr işlətmişikmi? Biz heç vaxt yalan, böhtan yazmırıq, «cənab X». Çünki biz bilirik ki, belə işlər mənəviyyatsızlığın son həddidir. Ona görə sizi də belə «vacib əməllərdən» əl çəkməyə çağırırıq.
Bəzi istedadsız və fırıldaqçı adamların elmdə öz şəxsi mənafeyi naminə istifadə etdikləri populizmə, xaltura üsullarına qarşı isə biz ona görə çıxmışıq ki, bu üsul elmimizi cəfəngiyyata çevirərək onun gələcəyini «özü deyib, özü eşidən» mənasız mədhiyyəçilik istiqamətinə yönəldir. Bütün xalqların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycanda yalançı elmin geniş rəvac tapması xalqımızın gələcəyini fəlakətə sürükləyə bilər. Burada yenə Mirzə Cəlilin hekayələrindən biri yada düşür: inqilabi hərəkatdan qorxuya düşən polis ayrı-ayrı xalqların toplantılarında gedən söhbətlərə gizlincə qulaq asır. Aydın olur ki, ermənilərin və digər qeyri-müsəlman xalqların məclislərində söhbət təhsildən, inkişafdan, xalqın gələcək taleyindən gedir. Müsəlmanların toplantısına qulaq asan polis görür ki, burada da çox qızğın mübahisə gedir. Mübahisə isə bunun üstündədir: dəstamaz alanda suyu dirsəyin yuxarısından tökmək lazımdır, yoxsa aşağısından?
Təssüf ki, Hacıyev kimi alimlər indi də xalqın başını «dirsək» məsələlərinə qatmağa çalışırlar. Çünki bilirlər ki, həqiqi elm olan yerdə onlara yer yoxdur. İndiki şəraitdə isə onların çoxu yalançı elmdəki hegemonluqlarından istifadə edərək və hətta əmək məcəlləsi qanunlarını pozaraq, tam ştatla eyni zamanda bir neçə dövlət müəssisəsində müxtəlif vəzifələr tuturlar. Guya bunlar «əvəzolunmaz mütəxəssislər» kimi qanunların fövqündə dura bilərlər. Əslində isə hər yerdə onlar xaltura ilə məşğul olurlar. Bu cəhətdən Hacıyev xüsusilə seçilir. Deyilənlərə görə, hətta BDU-da müdiri olduğu «Türkologiya» kafedrasında işləyən müəllimlərin demək olar ki, hamısı onun qohumlarından və həmyerlilərindən ibarətdir. Görünür, «milli təfəkkürlü ziyalının» fikrincə, Azərbaycanda ən istedadlı türkoloqlar məhz onun həmyerliləri və qohum¬larıdır. Bu «istedadın» nədən ibarət olmasını isə biz onun başqa bir həmyerlisi İ.Kazımovun timsalında artıq gördük.
«Mister X» bizi həmçinin Hacıyevi «vəzifə düşkünü hesab etməkdə” suçlayır. Biz konkret olaraq bu ifadəni işlətməsək də, «X cənablarının» bu fikri ilə tam razıyıq. Çünki, eşitdiyimizə görə, həqiqətən də Hacıyeıv eyni zamanda və tam ştatla bir neçə vəzifə tutur. Onun ahıl yaşında belə iş qabiliyyətinə malik olmasına biz yaxşı mənada həsəd apara bilərdik, əgər o, tutduğu vəzifələrdə doğrudan da işlə məşğul olsa idi. Ancaq biz bilirik ki, onun iş fəaliyyəti də «böyük alimlik» iddiası kimi yalnız görüntü yaratmaqdan və xalturadan ibarətdir. Bu deyilənlərə əyani sübut kimi konkret bir misal da göstərə bilərik: Hacıyev 2000-ci ildə AMEA Folklor İnstitutunda «Qorqudşünaslıq» şöbəsinə müdir təyin edilmiş və şöbənin beşillik plan işi kimi «Kitabi-Dədə Qorqud» eposunun izahlı lüğətini hazırlamağı öhdəsinə götürmüşdür. Bununla biz onu demək istəmirik ki, şöbə səviyyəsində 1-2 ilə yerinə yetirilməsi mümkün olan bir iş üçün (çünki bu eposun mətni 100 səhifədən də azdır) o, nəyə görə beş il vaxt istəyib. Məsələ burasındadır ki, həmin izahlı lüğət o zaman artıq AMEA Dilçilik İnstitutunda hazırlanıb, 1999-cu ildə isə çap olunmuş-dur. Ona görə də soruşmaq lazımdır ki, qorqudşünaslığımız qarşısında öz həllini gözləyən çoxlu problemlər durduğu bir zamanda bu təkrar işə nə ehtiyac var idi? Ancaq bu da hələ hamısı deyildir; beş il keçdi, ancaq Hacıyevin lüğəti hazır olmadı. Bu işi tamamlamaq üçün Hacıyev daha beş il əlavə vaxt götürdü. Amma nə qədər qəribə görünsə də, ikinci beşillik bitdikdən sonra da Hacıyev ortaya heç nə çıxarmadı. Bizim bildiyimizə görə, bundan sonra da həmin işdən heç bir səs-səmir çıxmadı. Budur Hacıyevin ağız dolusu «müqəd¬dəs kitabımız» dediyi eposa əməli «xidməti». Çox güman ki, o, indi gülərək ürəyində deyir ki, «nə olsun ki, qorqudşünaslıq yerində sayır, müftə mayış ki, tam ştatla gəlir».
Bütün bu deyilənlərdən aydın olur ki, nəyə görə Hacıyev kimi savadsız alimlər yalançı elmdən əl çəkmək istəmirlər. Halbuki onlar heç vaxt öz sabitliyi və sadiqliyi ilə seçilmə¬miş¬lər və ictimai-siyasi vəziyyət dəyişdikcə, onlar da öz əqidələ¬rini konyekturaya uyğun dəyişmişlər. Məsələn, mərhum prezi¬dent Heydər Əliyevi indi «böyük, müdrik tarixçi» adlandıran Hacıyev vaxtilə (A.Mütəllibovun hakimiyyəti dövründə) onun əleyhinə aşağıdakı məzmunda bəyanatlar verirdi: «Biz… Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 8-də Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, eləcə də Naxçıvan Muxtar Respublikası Konstitu-siyasına zidd olan qərarını təəssüflə qarşıladıq. Nəyə görə bizim həmvətənlərimiz sözdə demokratiya uğrunda hay-küy salan, işdə isə totalitarizmin tarixin zibilliyinə atılmış element¬lərini dirildərək, qeyri-qanuni amirlik yoluna qədəm qoymuş Ali Məclis rəhbərliyinin Konstitusiyaya zidd qərarına tabe olub, öz hüquqlarından məhrum edilməlidirlər («Xalq qəzeti», 10 sentyabr 1991-ci il.)
1992-ci ildə Xalq Cəbhəsi A. Mütəllibovun hakimiyyətinə son qoyduqdan sonra isə Hacıyev dərhal «cəbhəçiyə» çevrilib, nazir vəzifəsini tutdu. Göründüyü kimi, bu adamın yalançı türkçülüyü, saxta vətənpərvərliyi yalnız onun şəxsi məqsədlərinə xidmət edir. Yoxsa özü də gözəl bilir ki, onun Azərbaycan dilində nəşr edilən və Biləcəridən uzağa getməyən sayıqlamaları ilə ermənilərin beynəlxalq səviyyədə apardıqları anti-Azərbaycan təbliğatının camabını vermək olmaz. O, öz əsərlərini heç bir xarici dilə də tərcümə etdirmir, çünki yaxşı bilir ki, onun sayıqlamaları xaricdə dərhal gülüş və istehza hədəfinə çevriləcəkdir. O, yalnız bizim xalqı aldadaraq özünə yalançı imic qazanmaqla məşğuldur. Ermənilərin cavabını isə onun həmişə məhv etməyə çalışdığı savadlı və namuslu alimlərimiz verə bilərlər. Belə həqiqi türkçülərin və həqiqi vətənpərvərlərin öz türklüyünü sübut etməsi üçün onların (son dövrlərdə «türkləşmiş» bəzi adamlardan fərqli olaraq) şovinistlik və yalançı türkçülük etməyə heç bir ehtiyacı yoxdur. Çünki həqiqi türklər tarixən həmişə humanist və tolerant olmuşlar.
Azərbaycan elmini cəfəngiyyata çevirməyə çalışan savadsız alimlərə, yalançı vətənpərvərlərə gəlincə, bütün yuxarıda deyilənlərdən də göründüyü kimi, bunlar istər elm, savad, istərsə də mənəviyyat və mədəniyyət baxımından o qədər səviyyəsiz adamlardırlar ki, əslində bunlara heç baş qoşmağa da dəyməz. Ancaq son 15-20 ildə onlar öz böhtan, iftira və təhqirləri ilə həqiqi alimləri qorxudaraq susdurub, elmi həyatda hege¬mon¬luq etdiklərinə və bununla da Azərbaycanda humanitar elmlərin dayaqlarını sarsıtdıqlarına görə, biz onların əsl mahiy-yətini və məqsədlərini açıb ictimaiyyətə göstərmək istədik. Artıq elmi ictimaiyyətə hər şey aydın oldu və daha yalançı alimlərin kələklərinə, uydurmalarına inanan yoxdur. Yuxarıda deyildiyi kimi, onlar elmi prinsiplər və mənbələr əsasında bi-zimlə elmi diskussiya aparmaq təklifindən qaçdılar və bununla da indiyədək yazdıqlarının hamısının yalan olduğunu boyun-larına almış oldular. Ayrı-ayrı savadsız, ancaq olduqca iddialı adamların şəxsi maraqlarına xidmət edən yalançı, populist el¬min öz-özlüyündə nə qədər gülünc, həqiqi elmin inkişafı və xalq mənafeyi baxımından isə nə qədər zərərli olduğunu artıq hamı başa düşür. Bütün bunlara görə biz bu sahədə xalqımız və elmimiz qarşısında öz borcumuzu əsasən yerinə yetirilmiş he¬sab edirik və bundan sonra yalançı alimlərin böhtan və iftira¬la¬rına cavab yazmaq niyyətində deyilik. Onların yazdıqları söyüş və təhqirlər də, sözsüz ki, özlərinə çatır. Çünki bizim yazılarda tənqid üçün heç bir şey tapa bilməyən bu «milli təfəkkürlü ziya-lılar» özlərindən böhtanlar uyduraraq, onları bizim adımızdan yazır (bu barədə biz əvvəlki məqalələrimizdə çoxlu kon¬kret faktlar göstərmişik), sonra isə həmin böhtanlar əsasın¬da söyüş söyməyə başlayırdılar. Sözsüz ki, belə söyüşlər həmin böhtanlarda deyilən fikirlərin müəlliflərinə çatır. Həmin fikir-lərin müəllifləri isə yalançı «milli ziyalıların» özləridir. Ona görə də bundan sonra biz özlərini söyən «alimlərə» baş qoşa¬raq, onlara yeni cavablar yazmaq niyyətində deyilik. Yaxşı olar ki, yalançı professorlar da bizimlə mübahisə zəmnində indiyə¬dək yazdıqlarından nəticə çıxarsınlar: onlar nə qədər çox «Böhtannamələr» yazırlarsa, o qədər də çox öz savadsız¬lıqlarını və mənəviyyatsızlıqlarını nümayiş etdirmiş olurlar.