Etdi bu fələk hər kəsə bir tövr yamanlıq

Vikimənbə saytından
Jump to navigation Jump to search
Etdi bu fələk hər kəsə bir tövr yamanlıq (1906)
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: M. A. Sabir. Şeirlər - Hophopnamədən: Satiralar.


Etdi bu fələk hər kəsə bir tövr yamanlıq,
Səd heyf, keçən gün!
Hər biş iş üçün xatiməbəxş oldu bu afaq,
Olduq yenə məmnun.
Şükr eylədik allaha yetişdikcə ziyanlıq,
Əfsürdə biz olduq.
Çaldı bizə bir özgə səyaq ilə fırıldaq,
Qəmli günə qaldıq.
Nə rəhm bilər, şərm qanar, ağlamaq anlar,
Böylə fələk olmaz!
Yox böylə iki dilli, yaman üzlü cəfakar,
Bir zərrə utanmaz!
Verdi bu hamı qonşulara sənətü dövlət,
Dünya, sənə lə'nət!
Səsləndi, gedək siz yatın həmmamdə rahət,
Bicadı bu zəhmət!
İslam uşağı yatsın ayağında fələqqa,
Bu növdi tə'lim.
Vursun buların başına həm mirzə tərəqqa,
Eylin onu təkrim.
Ey vay, bu fələk qoydu bizi löqməyə həsrət,
Qaldıq biz adamsız!
Verməz dəxi bir parça çörək tapmağa fürsət,
Get, yatgilə şamsız!
Öz bildiyini qıldı müsəlmanlara dövran,
Əl işdən üzüldü.
Çaqçaq başın ağrıtdı, kefin çəkdi dəyirman,
İş həcvə düzüldü.
Bu çərxi-sitəmkarın aman məsxərəsindən!
Bais, balan ölsün!
Baxmış bu müsəlmanlara qəm pəncərəsindən,
Çərxin üzü dönsün!
Əvvəl bu fələk cümlədən əymişdi damağı,
Qəm kasəsi daşdı.
Axırda bizim başımıza vurdu çanağı,
Su başdan aşdı.
Bir rus görəndə oluruq xar yanında,
Quzu, keçiyik biz.
Keçməz sözümüz bir pula sərdar yanında,
Çünki nəçiyik biz?!
Tanrı buna şahid -
Quzu, keçiyik biz...