Ey on ki, ülumi-mədənidən xəbərin var
Ey on ki, ülumi-mədənidən xəbərin var Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 135. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Ey on ki, ülumi-mədənidən xəbərin var,
Yüz dərdi-sərin var;
Bica yerə hər ləhzədə min şurü şərin var,
Çox pis nəzərin var.
Bəsdir, az elə bizləri sən elmdə talib,
Axır nə münasib?
Gör milləti-bipavü sərü həm çü xərin var,
Bundan bətərin var!
Təsxiri-əcinnə ilə et kəşfi-kəramət,
Əhsən deyə millət;
Neylim oxuyub elmi-sənaye hünərin var,
Nəf’in, səmərin var?!
Buynuzlu ilan seydinə get yazgilə əfsun,
Etmə bizi məhzun!
Minlər bu əməldə görəsən simü zərin var,
Ali əsərin var!
Bəsdir dəxi millət qəmini eyləmə təkrar,
Olmaz belə israr!
Bir bax özünə, gör necə əşki-bəsərin var,
Həm çeşmi-tərin var!
Yüz elm oxusan, axırı avarə qalarsan,
Biçarə qalarsan;
Baxmazla sənin sinədə dürlü gühərin var,
Lö’löi-tərin var.
Bir tazə cavan olsan, əzizim, işin işdir,
Bu yaxşı rəvişdir;
Hər kəs görə söylər: necə lə’li-şəkərin var,
Incə kəmərin var.
Əlbət yeyib-içmək, keyf çəkmək ola karın,
Həm olmaya arın;
Bunda biləsən yaxşıca fəthü zəfərin var,
Hali-digərin var.
Getsə belə iş möhtəşəmi-xəlvət olursan,
Asudə qalırsan;
Boylə eləməzsən, bilirəm, çox xətərin var,
Həm şurü şərin var.
Yoxsa deyəsən milləti-biçarə qəmindən,
Hakim sitəmindən;
Bil sübhə kimi naleyi-mürği-səhərin var!
Ol dərbədərin var!
Etmə qəmi-millət,
Açma başa zəhmət,
Olsa belə möhnət
Xunin ciyərin var!