Məzmuna keç

Ey vay ki, heysiyyəti-millət götürüldü!

Vikimənbə saytından
Ey vay ki, heysiyyəti-millət götürüldü!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Ey vay ki, heysiyyəti-millət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

Yetməzdi bu kim, millətin əhrarı ayıldı,
Arif denilən bə’z füsunkarı ayıldı,
Məcmuə yazan bir para biarı ayıldı,
Şair ləqəbində neçə idbarı ayıldı,
Yə’ni ki, bu əsrin bütün əşrarı ayıldı,
Derdim, bəcəhənnəm, elin əfkarı ayıldı,
Torpaq başıma, indi də tüccarı ayıldı!
Hər bir işə əl qatdı, mürüvvət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

Var idi bu millətdə qabaq bir gözəl adət:
Bir şəxsi-müsəlman eləyən vəqtdə rihlət,
Meyyit hələ bəstərdə uzansın deyə rahət,
Qüsl etmədən əvvəl olunurdu ona hörmət,
Yüzlərcə edərdik ona siparə tilavət,
Hər cüzvdə bir rublə çatardı bizə ücrət,
Bir hörmət idi bu bizə, həm meyyitə nisbət;
Heyfa ki, əvaxirdə bu hörmət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

Tacirlərin indi dəyişib tiynəti yekca,
Duymuşlar olar bizdəki niyyətləri guya,
Ehsanlar olub tərk, qazanlar sönüb, ey va!..
Nə molla payı var, nə qonaqlıq, nə müsəmma,
Bişmir tarının bir tikə halvası da hətta,
Hər fənn ediriksə işimiz tutmayır əsla,
Ax!.. Ax!.. О keçən günlərimiz noldu, xudaya?!
Küfran elədik sanki bu ne’mət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

Kim getsə idi həccə və ya Kərbübəlayə,
Züvvar idi əvvəlcə о biz əhli-duayə,
Mail о duayə, vəli biz simü tilayə,
Görcək onu ünvan edərək bir neçə ayə,
Derdik ki, gərək pak ola həmyandakı mayə,
Bir xeyrli əmr idi bu biz mollanümayə,
Heyfa ki, baxılmır dəxi nə’leynə, əsayə,
Birləşdi hamı, sidqü sədaqət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

Şadəm gələcək günlərimiz keçsə bu nisbət,
Qorxum bu ki, gündən-günə bədtər ola halət,
Bir gün gələ bidar ola bilcümlə cəmaət,
Təzviri ibadətdən edə fərq bu millət,
Meydanə çıxa bizdəki hər dürlü xəyanət,
Nə töhfə gələ bizlərə, nə nəzr, nə rüşvət,
Hörmət yerinə el bizə izhar edə nifrət,
Hətta deyələr: – Molla, ziyafət götürüldü!
Dolma və tərək, firniyü şərbət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!