Eylə (qoşma, Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Eylə Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 42 |
Dinin yarpaqları firudindir,
Oruc tut, namaz qıl, ibadət eylə.
Beşdən bir xüms ver, ondan bir zəkat,
Zəlilə, müztərə inayət eylə.
Şərə fitva verib, saxlama dildə,
Qəlbdə möhkəm ol bu doğru yolda.
Məişətdən artıq var olsa əldə,
Həcc qıl, nəfsinə əmanət eylə.
Təvəlla - Əlinin dostunu tanı.
Təbərra - seçgilən küfri-düşmanı.
Qəsb olan yerlərdən dolan pünhanı,
Təmiz tut libasın, xoş adət eylə.
Haqqa tərəfdar ol, nahaqdan-kənar,
Şər işə qarışan axır olar xar.
Haqq səni yaradıb faili-muxtar,
Nə kin saxla, nə də xəyanət eylə.
Novrəs İman, sözün eylə müxtəsər,
Hər işin haqq bilir, olma mükəddər.
Dəşti - Kərbəlaya eylə bir səfər,
Öp qədəmgahını, ziyarət eylə.