Məzmuna keç

Eylə bilirdim ki, dəxi sübh olub

Vikimənbə saytından
Eylə bilirdin ki, dəxi sübh olub
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Eylə bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız banladım.

Səng şikəst eylədi balü pərim,
Banlamağın hasilini anladım.

Övci-fəzadə görərək bayquşu
Səhn də qaqqıldayıram indi mən.

Bir də məni vurma, aman, səngdil,
Rəhm elə, nıqqıldayıram indi mən.

Ay çalağanlar, məni qorxuzmayın,
Mən sizə tərk eyləmişəm lanəni!

Seyr eləyiz, övci-həvada uçuz,
Mən də gəzim səhnəçəyi-xanəni.

Ağlamayın, ağlamayın, cücələr,
Banlamaram, banalamaram bir daha.

Banlamamaqdır sizə əhdim mənim,>
Söyləmirəm: anlamaram bir daha!

Mənbə

[redaktə]
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 47