Görünmür (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Görünmür Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 56-57 |
Bir maralı əldən gedən səyyadam,
Hey gəzirəm bu dağları, görünmür.
Həsrətindən çox qəmginəm, naşadam,
Var sinəmdə nə dağları, görünmür.
Firqətli Məcnunam, Leyli sorağım,
Ləhcəli bülbülüm, zinətli bağım,
İstəkli cananım, işrətli çağım
Unudubdu yaylaqları, görünmür.
Xudaya, rəhm eylə, özün təhrə çək,
Zikr olur kalamın dilimdə tək-tək.
Belə intizarlı Novrəs İman tək
Gözü yolda var ağları, görünmür.