Məzmuna keç

Gözəl (Novrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözəl
Müəllif: Növrəs İman
müxəmməs
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 158-160

Bir ilahim xəlq eləyib
Tək gəlib cahana Gözəl;
Hüsndə şəbahətdi
Yusifi-Kənana Gözəl.
Ariflər, huş yetirin,
Nə gəlir dastana Gözəl;
Qamətin ər-ər kimi,
Duruşun məstana, Gözəl!
Əhsən, əhsən deyirəm
Sən kimi cavana, Gözəl!
 
Çəkilib əbrulərin
Qüdrəti-xudadı, yəqin;
Qumru tək lisanının
Ləfzi tamaşadı, yəqin;
Afərin ustadına!
Çox kamil ustadı, yəqin;
Ləblərin yaqut kimi,
Gözlərin şəhladı, yəqin;
Vəsfinə nəzmə deyib,
Yazaram hər yana, Gözəl!

Boy-büsatın nəqş olub,
Dəndanın dürr dənəsidi.
Süzülüb şəhdi-şəkər,
Dahanın mey xanəsidi.
Bir dinib danışmağın
Gövhərin xəzanəsidi.
Cismimə zərbət vuran
Eşqinin pərvanəsidi.
Xəstəyəm, insafa gəl,
Bir yetir dərmana, Gözəl!

Yanağın təşbih olur
Dağların gül, lalasına.
Bəstəyəm Məcnunsifət
Çeşminin piyalasına;
Lütf qıl, mərhəmət et,
Bax könlümün nalasına.
Hər kimə nazınan baxsan,
Düşər eşqin bəlasına;
Kəfər baxsa, gələr dinə,
Sən kimi insana, Gözəl!
 
Cisminə bir ləhzədə
Nəzər salıb kərəmkanı;
Xoş bilib, əndamına
Nəqş eləyib zərəfşanı.
Bimürvət, bir dön bəri,
Gör bircə bu binəvanı;
Sən niyə tənə qılıb,
Görmürsən Novrəs İmanı?!
Utanmadınmı, bəs necə
Sanırsan divanə, Gözəl!?