Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 187-188
|
İman
Məzlumlar ağası, mərdin mövlası,
Şəninə zikr olan hələtası, gəl!
Xəstələr bənası, din müdərası,
Aya, taha, yasin, qülkəfası, gəl!
Əhməd
Bey bir Allah, mim Məhəmməd, ya Əli,
Səndədi müşgülün var şəfası, gəl!
Qəribi-xəstənin mərizi-dili,
Mənim tək qulların sən ağası, gəl!
İman
Göstərən dəryada rahi-Cəbrail,
Yunisi bəlada qoymayan zəlil.
Al gətir əlindən Abi-Səlsəbil,
Şirindi qullara hər badası, gəl!
Əhməd
Hüseynin dəstində bir badə yetir,
Rey rəviyə gələr, nun nida yetir,
Hey haray eyləyər, sin səda yetir,
Almamış cismimi sin sədası, gəl!
İman
Ahu tək mələrəm mən, dağ-daş ağlar,
Didəmdən tökülən qanlı yaş ağlar,
Nə ana can dəyər, nə qardaş ağlar,
Novrəs imanda var eşq havası, gəl!
Əhməd
Axdı dərdim, oldu dəryayü ümman,
Zamanə Əhmədə tuş tutub kaman.
Mehdi zühur eylə, sahib əz-zaman,
Aləmin imdadı, Mustafası, gəl!