Gəl yetiş
Görünüş
Gəl yetiş Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.50-51 |
Bir hökmü-xudanın elmin açarı,
Nəzər eylə bu cavana, gəl yetiş.
Külli–məsəvanın tək şahsuvarı,
Dönübdü ciyərim qana, gəl yetiş.
Şiri-pərvərdigar, vəliyyi-rəhman,
Cəmi müşgül işə verənsən dərman.
Sızıldar cəsədim, gözüm ağlar qan,
Qəddim əyib bu zamana, gəl yetiş.
Bir yaralı qulam, düşmənəm çölə,
Bülbül kimi həsrət olmuşan gülə.
İman deyər, işim dönüb müşgülə,
Rəhim eylə mən cavana, gəl yetiş.