Məzmuna keç

Gəlib gedib

Vikimənbə saytından
Gəlib gedib
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.48

Ovçuyam, yolunda gəzirəm naşı,
Neçə belə dağlar, düz gəlib gedib.
Yandırır cismimi eşqin ataşı,
Yaralı qəlbimdə köz gəlib gedib.

Oyur ciyərimi sanki bir almas,
Viranə könlümdən açılmadı pas.
Ələsgərlə Qasım, Şikəstə Abbas,
Qalan şair hamı üz gəlib gedib.

Qumru tək ləhcəli xoşdandı Qurban,
Türfə gözəllərdi dərdinə dərman,
Nə olsa dilində hazırdı fərman,
Ləfzi, həm mənası düz gəlib gedib.

Yaxşı bəyənmişəm Misgin Abdalı,
Cəm imiş başında huşu, kamalı.
Vaqif qarışdırıb çox qilü-qalı,
Sözlərində gəlin, qız gəlib gedib.

Novrəstə İmanam, huşum dolaşıq,
Heyif ki, nəzmimdə yoxdu yaraşıq,
Bəyənməz nə seyid, molla, nə aşıq,
Dərd olub sinəmdə söz gəlib gedib.