Gənc sərxoş və abid

Vikimənbə saytından
Jump to navigation Jump to search
Gənc sərxoş və abid
Müəllif: Seyid Əzim Şirvani


Bir gecə bir cəvani-məstü xumar
Bir nəfər parsayə oldu düçar.
Oxuyurdu əlində həm bir saz,
Nəğməyi-Şur edirdi, gah Şəhnaz,
Görcəyin parsanı ol sərməst
Başını sazı ilə qıldı şikəst.
Dinməyib parsa keçib getdi,
Gəlibən sübh ona əta etdi.
Dedi ki, məst idin gecə, ey oğul,
Bir qədər mən sənə gətirdim pul-
Ki, sınan sazüvü dürüst eylə,
Xoş deyil ki, şikəst ola böylə.
Sağalıbdır mənim başımda yara,
Sən də qıl sazüvü dürüst-nəva.
Çün cavan onda gördü xülqi-həsən
Eylədi tövbə öz ədasindən.