Məzmuna keç

Həccac ilə dərvişin söhbəti

Vikimənbə saytından
Həccac ilə dərvişin söhbəti
Müəllif: Seyid Əzim Şirvani


Bir duası qəbul olan dərviş
Saldı Bağdad şəhrinə təşviş.
Hər nə hacətçün eyləsəydi dua,
O duanı qəbul edərdi xuda.
Onu xəccac eylədi ehzar,
Dedi: - Qıl bir duayi-xeyr izhar.
Əl götürdü, dedi: - Xudavənda.
Cismdən canını sən eylə cüda!
Dedi həccac: - Ey məlaikxu,
Səni tari, nə bəd duadır bu?
Dedi: - Bu bir duayi-əhsəndir.
Həm sənə, həm bizə mühəssəndir.
Sən ölüb etməsən günahi-ziyad,
Sitəmindən cahan olur azad.
Nə gərəkdir sənə bu təxtü, bu tac –
Ki, olub payimal hər möhtac.
Mərdümazarlıq yaman işdir,
Belə qalmaqdan ölməyin xoşdur.