Məzmuna keç

Hədiqətüs-süəda/Babi-əvvəl/Fəsli-ibtilayi-Adəm əleyhissəlam

Vikimənbə saytından
Babi-əvvəl. Bəzi ənbiyayi-izam və rüsuli-giram surəti-əhvalların bəyan edər Hədiqətüs-süəda.
Babi-əvvəl. Bəzi ənbiyayi-izam və rüsuli-giram surəti-əhvalların bəyan edər
Fəsli-ibtilayi-Adəm əleyhissəlam

Müəllif: Məhəmməd Füzuli
Fəsli-ibtilayi-Nuh əleyhissəlam
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, “Şərq-Qərb”, 2005, səh. 33-41

Möhnətsərayi-xilqət və darülbəlayi-fitrətdə müsibətzədələr pişvası və dilşüdələr müqtədası Həzrəti-Adəmi-Səfidir, əleyhissəlam. Şе’r:

Adəm ki, fəzayi-aləmə basdı qədəm,
Ənduhü bəlaya oldu əvvəl həmdəm.
Məxsusdur Adəmə bəlayi-aləm,
Aləmdə bəla çəkməyən olmaz adəm.

Hənuz Adəmi-Səfi təngnayi-ədəmdən fəzayi-vücudə gəlmədin və xəl’əti-xilqət geyüb əfsəri-kəramət birlə sərəfraz olmadın məla’ikə zəbani-tə’n uzatdılar və anı hədəfi-tiri-tə’n etdilər ki, "Ə’təc’əlu fiha mən yufsidu fiha?"[1] Rəvayətdir ki, ibtidayi-xilqətdə həzrəti-Məliki-Cəlil Əzrailə hökm etdi ki, cəmi’i-cəzayizəminin hər cüzvindən bir qəbzə xak alub Bətni-Nü’mandə cəm’ qıla və bir səhabə əmr etdi ki, qırx gün ol toprağın üzərinə baran töküb tərbiyətinə məşğul ola. Və bu xidmətə mə’mur olan səhab otuz doqquz gün dəryayi-ələm və çeşmeyi-qəmdən nəm çəkərdi və ol toprağə barani-möhnət tökərdi. Qırxıncı gün ki, möv’idi-itmam idi, bir neçə qətrə bəhri-fərəhdən götürüb, üzərinə saçub surəti-təxmirin itmamə yetürdi və peykəri-itmamın zühurə gətürdi. Bu səbəbdən müqərrər oldu ki, tinəti-bəşəriyyət əksəri-övqat mənbəti-riyahiniqəm ola və həqiqətdə asari-sürur nihayəti-nüdrət və kamali-qillət bula. Şе’r:

Adəmin qəm birli toprağın müxəmmər qıldılar,
Anda dərdü möhnətə mənzil müqərrər qıldılar.
Mövqidi-nirani-ənduh eyləyüb tərkibini,
Səfheyi-canində nəqşi-qəm müsəvvər qıldılar.

Əlqissə, Adəm vücudə gəlüb, "Ya Adəm uskun əntə və zövcükəlcənnətə"[2] işarətilə sakini-behişt oldu və miveyi-şəcəruyimənhiyyədən qeyr cəmi’itənə’ümatın təsərrüfünə rüsxət buldu. İblis ol halə vaqif olub, bünyadi-həsəd qılub vəsileyi-marü tavusilə behiştə girdi və Adəmə vəsvəsə verdi və rahi-zəlalət göstərdi. Və Adəmin İblisə məğlub olduğuna səbəb oldu ki, məzhəri-əf’alisütudə və məsdəri-xisali-həmidə idi, kizbü xilafə imkan verməyüb İblisin sözün məhzi-nəsihət təsəvvür etdi. Şе’r:

Еy xoş ol safi-təbiət kim, zəmiri-pakinə
Yetməyə mütləq bu kim, aləmdə məkrü hiylə var.
Ey xoş ol sahibsəxavət kim, dəmi-izhari-cud,
Düşmənin məqsudin öz nəf’inə eylər ixtiyar.

Rəvayətdir ki, şəcəreyi-mənhiyyə meyvəsin Adəm və Həvva tənavül etdikdən sonra gərdi-idbar çehreyi-etibarlərin dutub və əfsəri-izzət fərqiiqtidarlərindən düşüb və xəl’əti-kəramət bədənlərindən intiza bulub və surətihalləri digərgun olub müztərib və mütəhəyyir qaldılar və məsnədi-izzətdə ikən mö’təkifi-zaviyeyihirman oldular. Xidmətlərinə Rizvan mə’mur ikən onlardan nifrət qıldı və sərayi-sürurləri mə’mur ikən seyli-hadisədən viran oldu. Ol biçarələr məkşufuləvrə qalub həya qılmağın hər dirəxtə ki, pənah üçün mütəvəccih olurlardı, anlardan fərar edərdi. Bu halətdə Həzrətiizzətdən nida gəldi ki, "Ya Adəmu ə’fərarə minna"[3]. Adəm ayıtdı: "Bəl həyaən minkə"[4], yə’ni səndən fərar etməzəm, kəndü fe’limdən şərməndəyəm. Şе’r:

Büzürgvar Xudaya, isaəti-əməlim
Bəni mükərrəm ikən xarü xaksar etdi.
Budur cəzası anın kim sana müxalif olub,
Həvayi-nəfs müraatin ixtiyar etdi.

Aqibət bərgi-əncirdən setri-övrət edüb fərmani-qəza cərəyanilə behiştdən çıxmağa əzm etdilər. Adəm Həvvanın əlin dutub behiştdən dişrə qədəm basdıqda bir saət yəminü yəsarə baxub təvəqqö’ edərdi ki, məşriqi-kərəmdən afitabi-əfvü əta tülu edüb zülməti-hirmanə iza’ət verə və övci-inayətdən səhabi-atifət peyda olub gülzari-ümidə təravət yetürə. Heç bir canibdən rayiheyi-murad istişmam etməyüb və heç bir tərəfdən dərdinə dərman yetməyüb naümid qədəm dişrəyə basdıqda lisaninə kəlimeyi-Bismillahir-rəhmanir-Rəhim cari oldu. Cəbrail ayıtdı: "Ya Adəm, bir dəm təvəqqüf et, ola ki, bu kəlimeyitəyyibə bərəkatindən əbvabimərhəmət iftitah bula və şəqavət səadətə mübəddəl ola". Xitab gəldi ki, "Ey Cəbrail, Adəmə nişə mane’ oldun?" Cəbrail ayıtdı: "İlahi, səni Rəhman və Rəhim ismilə yad etdi. Nola ki, dəryayi-rəhmətin mövcə gəlüb və bəhri-inayətin mütəlatim olub bu sərgəştəyi vərteyi-bəladan bir kənarə çəksə və gülzariümidinə səhabi-məkrümətün barani-rəhmət töksə". Nida gəldi ki: "Ey Cəbrail, bənüm rəhmətim ammdır, əgər bu gün Adəmə təəllüq olsa, bir nəfsə məxsus olmuş ola. Səbr et ki, ərseyi-dünyadan mülki-üqbayə təvəccöh qıldıqda və darifənadən mə’mureyi-bəqayə racе’ olduqda, kəndüyə və bin-bin övladinə izharikəmali-tərəhhüm qılam və hövli-Qiyamətdə cəmi’i-mücrimlərinə pənah olam". Şе’r:

Zəhri kərim ki, hər dəm ümumi-mərhəməti,
Ətayə cümleyi-xəlqi ümidvar eylər.
Zəhi cəvad ki, mücrimləri təsəlli edüb,
Həmişə əfvi-günahilə iftixar eylər.

"Kənzül-həqayiq"də məsturdur ki, Adəm behiştdən ixrac olduğuna səbəb bu idi ki, mütəərrizi-eşq iqtizayi-darül-məlam edüb mülazimi-ərbabi-məlamətdir, ana darüssəlam münasib olmaz və əhlisəlamət ixtilatilə rövnəq bulmaz. Şе’r:

Əgər məlamətə səbr eyləməzsən, ey qafil,
Məlamət eyləmə eşqi, yürü səlamət ilə.
Kəmali-eşq məlamətdədür, xəyal etmə
Ki, eşq zövq verə, olmasa məlamət ilə.

Və ol nihali-dilrüba ki, şəcəreyi-münhiyyə surətində Adəmə göründü, şahidiməhəbbət idi və ol nəhyi tənzihindən qərəz izdiyadi rəğbət idi ki, "Ən-nəfsu hərisun əla-ma muni’ə yümkün"[5] ki, əgər ol şəcərə mən’ ilə ixtisas bulmasaydı və nəhy ilə məmnu’ olmasaydı, Adəm kəsrəti-ləzzatitənə’ümatdan ana pərva qılmayaydı və şiddətiiştiğali sairi-əzvaqdən ana mültəfit olmayaydı. Şе’r:

Lütfdür hər cövr kim, üşşaqinə ol mah edər,
Qılmağa nəzzarə qafil olanı agah edər.
Hər cəfasində həbibin bin inayətdür nihan,
Kim ki, qafildir, cəfasindən anın ikrah edər.

Aşiqə mə’şuqdən cəfa eyni-vəfadür, andan qafil olmaq ana bir çəfadür. Şе’r:

Nə xoşdur ol ki, məhbub ola pürfən,
Könüldə dost ola və dildə düşmən.
Cəfasində vəfalər ola məzmun,
Olub eyni-tələb mən’inə məqrun.
Fəraqə ola zahirdə tələbkar,
Vüsalə ola batində xəridar.

Əlqissə, Adəmə hökm oldu ki, "Ey Adəm, əgər muradın behişt isə, müyəssər oldu. Qənaət qıl və şəcəreyi-münhiyyə ətrafinə gəlmə, mütləq ana mail olma və mühəqqəq bil ki, anın meyvəsi ənduhü möhnət və sayəsi zülmətü heyrətdir". Adəm təbiəti müqtəzasincə behişti çün görmüşdü, andan rəğbət götürüb şahidiməhəbbətə könül vermişdi, lacərəm ləşkəri-bəla ki, lazimeyi-eşqdir, ana mülazim oldu və girdabi-möhnət ki, eyni-dəryayi-məhəbbətdir anı əhatə qıldı. Şе’r:

Еşq də’vadır cəfa çəkmək günah,
Gər güvah olmazsa də’vadır təbah.

Sultanül-Arifin, qüddisə sirrəhu, buyurmuş ki, xilqəti-Adəmdən müqəddəm şahidi-məhəbbət cilveyi-zühur etməgə bir məzhər istərdi və ol zəman ki, dəbdəbeyi-ibadəti-İblis mülk və mələkutu dutdu, şahidi-məhəbbət anın ittisalinə meyil etdi. Əmma sultani-qeyrət ol ittisalə rüxsət verməyüb və anın zövqi-vüsalın İblisə layiq görməyüb həmişə pərdeyi-xəfa və xəlvəti-ğəbadə saxlardı, ol vəqtədək ki, dəsti-qüdrət rüxsareyi-Adəmdən niqabi-ədəm götürüb anı məscudi-məlaik qıldı və Adəm şərəfi-kəramət bulub mənzuri-eyni-ə’yanimümkinat oldu. Şе’r:

Münəvvər oldu cəhan pərtövi-cəmalindən,
Müşərrəf oldu zəman dövləti-vüsalindən.

Şahidi-məhəbbət nüzhətsərayi-behiştdə şəcəreyi-münhiyyə surətində kəndüsin ana ərz etdi və Adəm ixtiyarsız valeh olub, həm anda təmənnayimüvasilət damənin dutdu. Əmma pərdədarihərəmsərayi- iradeyi-Rəbbani və hacibi-dərgahi-bargah məşiyyətitə’yidi- Sübhani mən’ etdi ki: "Ey Adəm, bu ərusi-zibanın hilyeyizinəti gövhəri-əşki-çeşmi-pürnəm və bu müxəddəreyirə’nanın zivəri-behcəti yaquti-şö’leyi-ahi-dəmadəmdir və cənnət fəzayifərəhəfzasində bu müyəssər olmaz və behişt sərayında bu hüləl surət bulmaz. Təhəmmül et ki, dari-dünyada bu zinətlər ilə müzəyyən olduqdan sonra anın əqdi-təzvici sana müyəssər olur və ol zinətlər bu ərusin rövnəqi-cəmalın ziyadə qılur". Şе’r:

Ərusi-eşqə zivər ruyi-zərdü əşki-gülgundur,
Dili-suzanü cismi-dərdnakü çeşmi-pürxundur.
Bu zivər hasil olmaz bəzmgahi-səhni-cənnətdə,
Mətai-xaneyi-möhnətfəzayi dünyəyi-dundur.

Pəs, Adəm ki, aşiqi-biqərar idi, naçar və’deyi-vüsal və ümidi-ittisal ilə tərki-behişt edüb, möhnətxaneyi-dünyayı ixtiyar etdi və həvayiməhəbbətdə zövqilə daməni-səbr dutdu. Hökm oldu ki: "Ey Adəm, Həvvadən mübaidət ixtiyar et və mülki-fərağətdən təcavüz edüb sərikuyi- bəladə qərar et ki, həngami-vüsal münqəzi oldu və əyyami-fəraq gəldi və zəmani-müsahibət əncam bulub əvanimüfariqət oldu". Şе’r:

Еy maili-rahət, qəmə həmrah olğıl,
Dəm zövqdən urma, həmdəmi-ah olğıl.
Ey came’i-hər sifət, vüsali buldun,
Hicran ələmindən dəxi agah olğıl.

Əlqissə, miqrazi-inqirazi-müddət rişteyi-müvafilət peyvəndi qət’ edüb və Adəm Həvvadən müfariqət qılub hər biri bir diyarə düşdü və hər biri yüz bin bəlaya sataşdı. Adəm vadiyi-Sərəndib sərgərdanı olub, Həvva sahili-dəryayi-Hində düşdü. Şе’r:

Nə işdir, ey fələk, dildari dildarindən ayırmaq,
Cəfakeş aşiqi yari-vəfadarindən ayırmaq.

Adəm və Həvva kəndü halətlərinə giryan və cəmi’ i-məlaik onların vaqiələrinə heyran olub, iki yüz il bu növlə pərişanlıq çəkdilər və əşki-nədamət tökdülər. İbn-Əbbasdən nəqldir ki, hərgah ki, Adəm yadi-behişt edərdi, bihuş olub özündən gedərdi. Həzrəti-İzzətdən nida gəldi ki: "Ey Cəbrail, Adəm qəribdir, anınla müanisət qıl". Bir gün Adəm Cəbraildən sual etdi ki, "Ey ənisü cəlisüm, Həvvadən nə xəbərin var?" Cəbrail ayıtdı ki, "Ol sakini-sahili-dəryayi-Hind olub, sənin fəraqinlə giryandır və işi həmişə ahü fəğandır". Adəm ol xəbər istima’indən bihuş olub aləmi-müraqibətdə gördü ki, Həvva sahilidəryadə əbrvar seylabi-sirişki dəmadəm töküb der ki: "Ya həbibi Adəm ə’ca’iun əntə əm şəb’anun ə’labisun əntə əm uryanun ə-naimun əntə əm yəqzanun"[6]. Adəm cəvab vermək tədarükündə ikən özünə gəlüb Həvvayi görməyüb bir növhə qıldı ki, Cəbrailə təzəlzül düşüb sual etdi ki: "Ey Adəm, bu nə halətdir?" Adəm surətivaqiəsin bəyan etdikdə Cəbrail ol xəbərdən mütəəssir olub münacat etdi ki: "Ya Rəb, bu qəribi-biçarəyə rəhm et". Xitab gəldi ki: "Ey Cəbrail, vəqt oldu ki, gülzari-ümidə nəsimi-məqsəd güzar qıla və ol nəsimlə qönçeyi-məqsud açıla". Şе’r:

Ahi-atəşbari üşşaqın sirayətsiz degil,
Aqibət hər qəm yetər payanə, qayətsiz degil.

Əlqissə, Adəmin tövbəsi qəbul olub, duası icabət buldu. Mühəqqiqlərdən nəqldir ki, səbəbi-qəbuli-tövbeyi-Adəm üç nəsnə idi: biri həya və biri büka və biri dua. Əmma həyası ol qayətdə idi ki, ibtidai-xilqətdə üç yüz il baş qaldırub yuxarı baxmadı və yəminü yəsarə nəzər buraxmadı. Əmma bükası ol mərtəbə bulmuşdu ki, hücumi-seylabi-əşkdən rüxsarində cuybarlər əyan olub və Fərat və Dəclə kibi ondan vühuş və tüyur təməttö’ bulub derlərdi ki: "Nə xoş abi- xoşgüvar və nə şərbəti-sazgardır". Adəm ol sözü istehzayə həml edüb bir gün münacat etdi ki: "Ya Rəb, vühuşü tüyur bənim abi çeşmimə təməsxür edərlər və abi-şura şərbəti-xoşgüvar derlər". Nida gəldi ki: "Ey Adəm, heç cövhər gövhəri-əşki-əhli-niyazdan ə’la və heç şərbət zülali-sirişki-mərdümi-pakbazdən əclə degil". Filvaqe’, bir gövhər ki, mə’dəni dideyi-ərbabi-nəzərdir, xaki-məzəllətdə qalmaz və bir cövhər ki, bənim töhfeyi-dərgahimdir, mühəqqər olmaz. Şе’r:

Vəh nə mə’dəndir səvadi-çeşmi-tər kim, andadır
Daneyi-dürri-sirişkü ləm’еyi-nuri-bəsər.
Ol birində rütbeyi-me’paci-dərgahi-qəbul,
Bu birində qüvvəti-keyfiyyəti-feyzi-nəzər.

Əmma duayi-Adəm bu idi ki, "Ya Rəb, Məhəmməd və Ali-Məhəmməd həqqi üçün tövbəmi qəbul et". Bir gün bargahi-İzzətdən nida gəldi ki: "Ey Adəm, Sən Məhəmmədi nə bilürsən ki, zeylişəfaətinə mütəməssik olursan?" Adəm ayıtdı: "Ya Rəb, Məhəmmədin ismi-şərəfin səfheyi-saqi-ərşdə sənin nami-lətifinə müqarin gördüm və bildim ki, andan əşrəf və əfzəl xəlqin yoxdur, ana təvəssül edərəm". Şе’r:

Əsəri-nuri-Mustafayi görün,
Xatəmi-хеyli-ənbiyayi görün.
Nuri-rə’yi çiraği-aləmdir,
Abi-ruyi şəfi’i-Adəmdir.

Və Adəmin bir müsibəti dəxi qətli-Habil idi. Rəvayətdir əhlitəfsirdən ki, qəbuli-tövbədən sonra Adəm Həvvayə mülhəq oldu və igirmi növbət Həvva hamilə olub, hər növbət bir qulam və bir cariyə ondan zühurə gəldi. Və şəriəti-Adəmdə hər bətnin cariyəsi qeyri bətnin qulaminə verilmək adət ikən, İttifaqən Habilin həmzadı olan İqlimya nam cariyə Qabil həmzadı olan Yəhuda nam cariyədən əcməl vaqe’ oldu və Adəm Habil həmzadı olan cariyəyi Qabilə hökm qıldı və Qabil adəti-məsnunəyə qail olub, qəbul etmədi ki, İqlimyayı Habilə verüb kəndü Yəhudayə qənaət qıla və sayir övladi-Adəm kibi müti’ və münqadişər’ ola. Mükabirə qıldı ki: "Ey Adəm, bu müddəa əsəri-məhəbbətindir, nə ki müqtəzayi-şəriətin". Adəm ayıtdı: "Əgər bənim səlahimə razı olmazsan, mürafiənizi Qaziyi-hacatə rücu edüb anın əmrinə razı olun və anın hökmünə mütabiət qılun". (Anların) biri müzare’idi, məzru’atindən bir qaç xuşə hazır edüb və biri çoban idi, bir qoyun mühəyya qılub bir ərsədə qoyub şərt etdilər ki, hər kimin qurbanı məqbul olursa, Iqlimayı ol təsərrüf qıla. Mütərəssidi-hökm olduqda aləmi-qeybdən bir bərqi-lame çıxub Habilin qurbanın təsərrüf qıldı və Qabilin qurbanı məəttəl qaldı. Bu vasitədən atəşihəsəd Qabilin binayi-ixtiyarın yaxub və seylabi-rəşk mə’mureyiqərarın yıxub Habilin həlakinə əzm etdi və himmət dutdu. Adəm mütəvəccihi-ziyarəti-Beytül-müqəddəs olduqda fürsət bulub, məşğuli-xab ikən anı həlak edüb, qırx gün başı üzərinə götürüb gəzdirdi, zira bilməzdi ki, nə etmək gərək. Bir gün gördü ki, bir qürab bir hüfrə məhfur edüb bir qürabi-meyiti dəfn etdi. Andan irşad alub, Habili dəfn edüb üzərindən getdi. Şе’r:

Rəşkdir canə iztirab salan,
Rəşkdir aləmi xərab qılan.
Rəşkdir mövcibi-cəfayi-Yəzid,
Rəşkdir kim, Hüseyni etdi şəhid.

Əlqissə, Adəm Beytül-müqəddəsdən müraciət qıldıqda cəmi’iövladı istiqbal edüb, Habil anların silkində olmamağın istifsar etdikdə dedilər: "Bir neçə gündür ki, qayib olubdur". Adəm müztərib olub yeddi gün təcəssüsü təfəhhüs etdi, səkkizinci gün məlalətlə uyğuya getdi. Vaqiəsində gördü ki, Habil aiudeyi-xakü xun olub istiğasə edər ki: "Ya əbətah əl-qiyas!"[7] Adəm iztirab ilə bidar olub fəryad etdikdə Cəbrail hazır olub ayıtdı: "Ey Adəm, bu nə fəğandür?" Adəm surəti-vaqiəyi bəyan edüb Habilin halın sordu. Cəbrail ayıtdı: "Habili Qabil həlak edüb bir mövze’də dəfn etmişdir". Adəm bünyadi-növhə qılub təzərrö’ etdi ki: "Ey bəradər, anın məzarın bana göstər". Cəbrail Adəmi Habilin məzarı üzərinə gətürüb və Adəm anın məzarindən topraq hicabın götürüb gördü ki, peykəri pozulmuş və ə’zası parə-parə olmuş. Ağazi-növhə qılub ruyi-təzərrö’ bargahibiniyazə dutdu və münacat etdi ki: "Ya Rəb, Qabil sənin hökmindən təcavüz qılub və bənim hörmətim dutmayub, bu məzlumi qətl etmiş, cəzasın ver".

Həzrəti-İzzətdən nida gəldi ki: "Ey Adəm, müqərrər etdim ki, nisfiəzabiduzəx Qabilə mənsub ola və ol əzab içində müəbbəd qala". Ey əzizlər, hərgah ki, Adəm hörmətin dutmayub anın fərzəndin qətl edən bunca əzabə müstəhəqq olur, mə’lumdur ki, Həzrəti-Rəsulun ki, Adəmdən əşrəf və əfzəldir, hörmətin dutmayub əksər övladın şəhid edən bunca nə tə’zibə istehqaq bulub dəvamla nə üqubətdə qalur.

"Səhifeyi-Rəzəviyyə"də məsturdur ki, qatili-Hüseyn duzəxdə bir atəşin tabut içində məhbus ola ki, rayiheyi-kərihəsindən əhli-duzəx nifrət qıla. Bitəkəllüf, Hüseyni-məzlumin qətli vaqieyi-ə’zəm və hadiseyi-əkbərdir və ol çəkdigi möhnət Adəm çəkdigi möhnətdən betərdir. Əgərçi Adəm behiştdən cüda düşüb vadiyi-qürbətdə sərgərdan oldu, əmma Həzrəti-Hüseyn Mədineyi-mütəhhərə və Məkkeyi-mü’əzzəmə və Rövzeyi-Rəsulullahdən məhrum olub qürbəti-Kərbəlada azar və iza buldu. Və əgər Adəm bir fərzəndinin qətlindən münzəcir olub məlalət çəkdi, ol Həzrət övladi-mütəəddid şəhadətin müşahidə qılub əşki-nədamət tökdü. Şе’r:

Möhnəti-Adəm degil manəndi-ənduhi-Hüseyn,
Filməsəl bir şö’lədir bərqi-bəladan ol şərər.
Əşrəfi-xəlqi-cəhanın əksəri-övladını
Qətl edən dünyadəvü üqbadə olmaz bəhrəvər.

  1. Оrada fəsad törədənimi [xəlifə] tə’yin edəcəksən? (Quran, 2, 30)
  2. Ya Adəm, sən zövcənlə cənnətdə sakin ol! (Quran, 2, 35)
  3. Ya Adəm, bizdənmi qaçırsan?
  4. Bəli, sizdən həya etdiyimə görə.
  5. İnsanlar qadağan olunan şeylərə hərisdirlər.
  6. Еy dostum Adəm, acmısan, toxmusan, geyimlisən, çılpaqmısan, yatmışsan, yoxsa oyaqsan?
  7. Еy ata, yardım et.