Məzmuna keç

Həmədan kəndinin hekayəsi

Vikimənbə saytından
Həmədan kəndinin hekayəsi
Müəllif: Seyid Əzim Şirvani


Həmədan ölkəsində xud əlan
Vardı bir qəryə, xəlqi çox nadan...
Bir il ol qövmə rəht olur baran-
Ki, qalırlar səfilü sərgərdan.
Edir ol qövmi-zar cəmiyyət-
Ki, gərək tanrıya verək rüşvət,
Ta bizə göydən endirə baran.
Bir qədər simü zər qılıb saman,
Bağlayıb dəstmalə simü zəri.
Kətxuda azim oldu mövlayə,
Düşdü biçarə kuhü səhrayə.
Gəzdi səhrani zarü sərgərdan,
Əldə rüşvət, özü xuda-cuyan.
“Rəbbi ərni” deyib gəzirdi rəvan,
Nagəhan bir səvarə oldu əyan.
Demə kim, bir əmiri-şahsəvar
Eyləyibmiş o gündə əzmi-şikar.
Əldə şahini-ahənin mixləb,
İki tazi yanında tövqi zəhəb.
Görcəyin ol əmiri-zişani,
Tutdu heyrət o mərdi-nadani.
Belə fikr etdi kim, xudadır bu,
Dedi kim, dərdimə dəvadır bu.
Yürüyüb səcdə qıldı ol kövdən,
Dedi: - Ey xaliqi-zəminü zəmən!
Məni göndərdi bir bölük füqəra,
Ərz edirlər ki, ey şəhi-vala,
Bu qədər simü zərdi rüşvətimiz,
Yoxdu bundan füzunə qüdrətimiz.
Bizə barani-rəhmət eylə əta,
Nari-rəht ilə yanmasın füqəra.
Ol əlün üstə Cəbrailə qəsəm,
Bu iki şux Əzrəailə qəsəm.
Bizi rəhmətdən eyləmə növmid,
Qifli-məqsudə şəfqətindü kilid.
Bildi kim, əqli yoxdu, müxtəsəri,
Aldı, etdi qəbul simü zəri.
Dedi: - Oldu qəbul rüşvətüvüz,
Yaxşı niyyətdü, qorxma, niyyətüvüz.
Bu gələn cümə biqüsuru güman
Sizə nizal eylərəm baran.
Şad olub gəldi ol fəqir, səhər,
Verdi bu macəranı xəlqə xəbər.
Dedi: - Gördüm xudayi-ərşi-bərin,
Əlinin üstə Cəbraili-əmin,
İki Əzraili yanında əyan,
Tizçəngalü ahənindəndan.
Görcəyin səcdə eylədim bünyad,
Eylədim rüşvətimi pişnəhad.
Gərci bir töhfeyi-mühəqqər idi,
Leyk ikram ilə qəbul elədi.
Ruzi-cümə o mənbəyi-ehsan
Bizlərə vədə eyləyib baran.
Əzqəza, ruzi-cümə yağdı yağış,
Mürtəfe oldu seyl yeddi qarış.
Qəryə heyvanları həlak oldu,
Xəlq tufanla zəhrəçak oldu.
Dedilər: - Ol xudayi-biminnət
Harda görmüşdü min tümən rüşvət?
Pulu çox gördü, eylədi ifrat,
Deyəsən ki, atıbdı həbbi-nişat.