Hayıf
Naviqasiyaya keçin
Axtarışa keçin
Hayıf Müəllif: Növrəs İman |
Mənbə: Növrəs İman (az). "Ozan dünyası" jurnalı (2010). Orijinal mənbədən 2016-08-11 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11. |
Dilimin əzbəri, könlüm imdadı,
Yad olan dilimdən Quranım hayıf!
Fələyin dolanan gəc ruzigarı,
Pozubdu işrətli dövranım, hayıf!
Əvvəl, zikrim idi mövlanın adı,
Axır, bu dünyanın zülmü qoymadı.
Sübhi-şəm çəkərəm ahü-fəryadı,
Kəsilən ümidim, gümanım hayıf!
Çox cəfalar çəkdim, axır puç oldu,
Hicrandan ürəyim gül kimi soldu.
Novrəs İman dərdü-qəmə tuş oldu,
Şad olmadı könlü-viranım, hayıf!