Məzmuna keç

Hekayət (Var idi bir maral çox ətşan)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Hekayət
Müəllif: Seyid Əzim Şirvani


Var idi bir maral çox ətşan,
Gəldi bir çeşmə üstə ol heyvan.
Bu təmənna ilə ki, su içsin,
Su içib, çeşməsardən keçsin.
Çün nəzər qıldı suyə ol heyvan,
Baxıb öz əksin onda gördü əyan.
Gördü nazik ayağın, ol dilxun,
Tutulub könlü, oldu çox məhzun,
Gördü buynuzların fəxamətlə,
Xatiri şad olub, fəxarətlə -
Ki, bu əsnadə bir neçə səyyad
Düşdülər ol maral qəsdinə şad,
Binəva görçək onları qaçdı,
Leyk təqrir öz torun açdı.
Qovdu səyyadlar onu çox tul,
Olmadı leyk bir murad hüsul.
Oldular ol şikardən məyus,
Etdilər çox təəssüfü əfsus,
Gəldi nakəh qabağə bir bişə,
Çox qalın bişə idi, pür rişə,
Ovçulardan o gün qurtarmağa can
Girdi ol bişə içrə ol heyvan.
İlişib buynuzu budaqlarə,
Olmadı bəs nicatına çarə.
Tutdular ovçular o heyvanı,
Düşdü dama-həlakətə canı.
Dedi ol binəvayi-xatirdağ:
Ey həqarətlə baxdığım əl-ayaq!
Sən məni xoş nicatə catdırdın,
Ölmüş idim, həyatə çatdırdın.
Et fəxarətlə baxdığım buynuz,
Övci-çərxə buraxdığım buynuz,
Saldın axır məni həlakətə sən,
Vərteyi-möhnətü məlalətə sən...