Məzmuna keç

Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur/Üçüncü məclis

Vikimənbə saytından
İkinci məclis Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur Üçüncü məclis (1850)
Müəllif: Mirzə Fətəli Axundzadə
Dördüncü məclis
Sister Projects. Həmçinin baxın: Şəkilləri • Mənbə: Mirzə Fətəli Axundov. Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhurazadliq.org saytı. Yayımlanıb: 05.03.2011


ÜÇÜNCÜ MƏCLİS

Üçüncü məclis yenə orada vaqe olur. Damın bir tərəfində Şəhrəbanu xanım oturubdur. Bir tərəfdə Şərəfnisə xanım yun darayır. Bu halda birdən qapı açılır, Şərəfnisə xanımın dayəsi Xanpəri içəri girir.

Xanpəri. Səlam-əleyk!
Şəhrəbanu xanım. Əleykəssəlam! Xanpəri, bilirsən, iş necə keçdi? (Şərəfnisə xanım qulaq asır). İş belə keçdi ki, Şahbaz gedir Parisə. İndi səni ondan ötrü çağırdım ki, əgər bir əlacın var isə eylə. Hatəmxan ağa, özün bilirsən bir xamırağız kişidir. Əvvəldən yaxşı danışdı, amma sonra birdən boşaldı. Müsyö Jordanın və Şahbazın bir para ağılsız sözlərindən yerdən oldu. Amma mən gərək ya öləm, ya Şahbazı qoymayam getməyə. Doğrusu, Şərəfnisəni gözüyaşlı görə bilmənəm! Allah götürərmi Şahbaz getsin Parisdə kef etsin, on beş yaşında gül üzlü uşağım ah çəksin, qan tüpürsün, saralıb sapa dönsün, incəlib ipə dönsün?
Xanpəri. Xanım, əlac odur ki, bayaq sənə deyirdim. Nə lazımdır ki, Hatəmxan ağadan və ya özgəsindən minnət çəkəsən. Göndər qonşuluqdan, Ağcabədi kəndindən, Qızılbaşdan gələn dərviş Məstəli şahı gətirib necə ki, sənin muradındır, bu işi elə düzəltsin. Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar.
Şəhrəbanu xanım. Xanpəri, mən də onun cadusunun gücünü eşitmişəm. Amma genə bir az səksəkəliyəm; o etdiyi işlərdən heç bilirsənmi? De görüm ürəyim dürüst qızasıdırmı? Çünki bu iş çox çətin işdir. Xanpəri. Xanım, ağcabədili Kərim koxanın arvadı Səlminazı o boşatdırıb oynaşına verdirmədimi? Muğanlı Səfərəli kişinin qızını sevgilisinə qovuşdurmadımı? Dədəsinin ki, qızı verməyə razı olmurdu, cadu ilə öldürmədimi? Cavadlı kərbəlayı Qənbər qızı Şahsənəmin ərini, bir illik yoldan arvad almasın deyə, qaytarıb gətirmədimi? Onun əlindən heç zad qurtarmaz!
Şəhrəbanu xanım. Gözüm Xanpəri, bəs tez oğlun Əlmərdanı bu saatda göndər Məstəli şahı Ağcabədi kəndindən alıb gətirsin! Desin, xanım çağırır. Hər nə istəsə vəd eləsin. Xülasə, axşam çıraq yanan vaxtda gərək Məstəli şah bizim evdə hazır olsun!
Xanpəri. Baş üstə, xanım, bu saatda göndərrəm! Amma gərək Məstəli şah Hatəmxan ağadan, Şahbaz bəydən xəlvət bura gəlsin. Allax eləməmiş, əgər Şahbaz onu burda görsə, onu da öldürər və məni də sağ qoymaz.
Şəhrəbanu xanım. Əlbəttə, mən indi bu saatda çıxaram. Hatəmxan ağanı da, Şahbaz bəyi də ilxıya baxmağa göndərrəm və tapşırram ki, gələndən sonra Şərəfnisənin evində yıxılsınlar-yatsınlar ki, gecə bu damda su qoyub Şərəfnisənin başın yuyub çimdirəcəyəm. Sən dur get, dərvişin dalınca oğlunu göndər.

Hər ikisi gedir. Sonra Şərəfnisə xanım yalqız ayaq üstə..

Şərəfnisə xanım. Ux, allah, kərəminə şükür, bir az ürəyim dincəldi! Yox olsun o ölkə ki, onda cadu, pitik olmaya! Əgər məməm deyən dərviş olmasaydı, şəksiz, müsyö Jordan Şahbazı aparacaqdı, günümü göy əskiyə tikəcəkdi.

Bu halda qapı açılır, Şahbaz bəy içəri girir.

Şahbaz bəy. Şərəfnisə, qadan alım, gilirsən ki, əmidostum bu gün nə tufan elədi? Müsyö Jordanın yanında əmimin üstünə çır-çır çığırdı, məni də hədələdi.
Şərəfnisə xanım. Şahbaz, heç özün etdiyindən xəbərin yoxdur, əmidostunun çığırmağı gözünə görükür. Şahbaz bəy. Qadan alım, Şərəfnisə, mən özüm nə eyləmişəm?
Şərəfnisə xanım (tez yeriyib, əlin uzadıb hanasının dalısından bir neçə yarım səhifə kağız çıxardıb açır). Şahbaz, bu şəkilləri bəs mənə kim gətirdi? Bunları sən gətirib demədinmi ki, Paris qızlarının, gəlinlərinin şəkilləridir, gör Parisdə necə gözəl qızlar var? Bu qızlar, gəlinlər tamam üzləri açıq məclislərdə, yığıncaqlarda oğlanlar ilə bir yerdə oturub-dururlar? Hələ mən bu şəkilləri utandığımdan əmidostuma göstərməmişəm.
Şahbaz bəy. Bıy, Şərəfnisə, necə uşaq-uşaq danışırsan? Bu şəkillər müsyö Jordanın kitablarının içində idi. Müsyö Jordan kitablarını açıb baxanda gözü bunlara sataşdı, çıxardı, mənə verdi, apar adaxlına göstər və dedi ki, bu il Parisin qızları və gəlinləri belə paltar geyirlər. keçən il ayrı tövr paltarları var idi. Gələn il bir özgə qayda ilə paltar geyəcəklər. Hər il Parisdə libas geymək sayağı dəyişilir. Mən də gətirdim sənə verdim; bundan gələsi nə var?
Şərəfnisə xanım. Bundan gələsi o var ki, sən bu qızların havasına yellənib uçursan, istəyirsən Parisə gedəsən!
Şahbaz bəy. Şərəfnisə, bu nə sözdür deyirsən? Tamam Parisin qızları qurban olsun sənin bir tükünə! Mənim ki, sənin tək gözəl yarım var, behişt huriləri gözümə görükməz. Sənsiz mənim bir günüm olmasın! Şərəfnisə xanım. Bəsdir, allahi sevirsən, bu bazıları bizə az gəl, sənsiz bir günüm olmasın deyən oğlan burdan Parisə getməz. Sən məni heç sevmirsən!
Şahbaz bəy (uzanıb onun boynundan qucaqlayıb öpür). Şərəfnisə, doğrudan, sən məndən belə bədgüman olubmuşsan! Mənim ürəyimə bir ox vursaydın yaxşıdı ki, bu sözü üzümə dedin. Axır bir soruş gör ki, Parisə nə səbəbə gedirəm?
Şərəfnisə xanım (ağlaya-ağlaya Şahbaz bəyin əlin boynundan qopardıb). Nə işim var soruşum; səbəbini özüm çox yaxşı bilirəm. Səbəbi bulardır ey! (Şəkil kağızların dişin-dişinə qısıb əlində bərk-bərk övkələyir, salır ayağı altına).
Şahbaz bəy. Vallah, yox, səbəbi olar deyil, sən bilmirsən. Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət-izzət tapıb, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqla adsız, sansız. Şərəfnisə xanım. Əvvələn, bu yalandır ki, deyirsən, kim bizlərdən mərifət ilə, qulluq ilə xoşbəxt olubdur? Bu gördüyünüz xoşbəxtlər tamam özgə yol ilə bəxtə yetişiblər. İkinci, əgər qulluq etmək istəyirsən, get Tiflisə, orda qulluq elə. Bir azdan sonra əgər istəyirsən, get başqa şəhərlərə ki, əl çatsın, ün çatsın. Parisə bizlərdən nə gedən var, nə gələn var!
Şahbaz bəy. Doğru deyirsən, amma adamın hər işdə gərək vasitəsi olsun. Tiflisdə və o biri şəhərlərdə məni tanıyan yoxdur. Mənə kim vasitə olub məni qulluğa qoyduracaq və hörmət tapdıracaq? Amma bu firəngi bir yaxşı adamdır, məni də sevir, ocağımızı tanıyır. Bu məni Parisə aparıb firəng dilini öyrətməkdən və krala tanıtmaqdan məşhur ollam, qayıdandan sonra hər yerdə yerim olar.
Şərəfnisə xanım. Bu sözlər tamam fənn və feldir. Məni aldatmaq üçün bəhanədir. Nə sözdür ki, sənin kimi cavan, kamallı oğlan Tiflisdə qulluq tapmaz?
Şahbaz bəy. Parisdən qayıdandan sonra genə gedib Tiflisdə qulluq edəcəyəm.
Şərəfnisə xanım (ayağı ilə şəkil kağızlarını itələyib). Parisdə sənin kimi oğlan bu poşaların əlindən sağ qurtara bilərmi ki, qayıdıb gələndən sonra adam kimi durub-otura? Heç vaxt sən Parisə gedə bilməzsən. Ha vaxt getsən, öyün!

Bu halda Hatəmxan ağa qaim səs ilə Şahbaz bəyi çöldən çağırır. Şahbaz bəy tez damdan gedir.

Pərdə salınır