Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur/Dördüncü məclis

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Üçüncü məclis Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur Dördüncü məclis (1850)
Müəllif: Mirzə Fətəli Axundzadə
Sister Projects. Həmçinin baxın: Şəkilləri • Mənbə: Mirzə Fətəli Axundov. Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhurazadliq.org saytı. Yayımlanıb: 05.03.2011


DÖRDÜNCÜ MƏCLİS

Məstəli şah. Səlam-əleyküm!
Şəhrəbanu xanım (başın yuxarı qovzuyub). Əleyküməssəlam, baba dərviş, xoş gəldin! Gəl otur. Məstəli şah (oturub). Xanım, mənə nisbət nə qulluğunuz var? Buyurun, can-baş ilə bitirməkdə müzayiqə yoxdur!
Şəhrəbanu xanım. Baba dərviş, bir cüzvi, yüngül işdən ötrü sənə zəhmət vermişəm! Mətləb budur ki, bizim Şahbaz lap yolundan azıb: bir firəngi qonağımız var, xəyalındadır ki, ona qoşulub Paris şəhərinə getsin, mənim bu oturan, gül üzlü uşağımı ki, onun adaxlısıdır, iyirmi gündən sonra toyu başlanacaq, ağlar-sızlar qoysun. Mən və Hatəmxan ağa nə qədər yalvardıq, söylədik, qulaq asmadı; gərəkdir ki, bir iş edəsən ki, bizim Şahbaz Parisə gedə bilməsin və müsyö Jordan ondan əl çəksin, aparmasın.
Məstəli şah. Xanım, bu cüzvi, yüngül iş deyilmiş; bəlkə çox böyük və çətin iş imiş. Gərəkdir ki, bu işdə mənim cadumun əsəri ya Parisin, ya müsyö Jordanın başında çatlasın?
Məstəli şah. Xanım, məsələn, əgər Şahbaz bəyə əl vursam, lazım olar ki, onun bədəninə bir cin müsəllət edim ki, bu səfərin xəyalını onun başından çıxarsın. Amma olar ki, bu işdən o qorxsun, ağlına rəxnə yetişsin, ya azarlasın, ya çollaq olsun, çünki çox uşaqdır, cavandır.
Şəhrəbanu xanım. Bıy, allahı sevirsən, baba dərviş, belə danışma, bu işlər tamam ondan ötrüdür ki, Şahbaz bir gün gözümüzdən uzaqlaşmasın. Necə olar ki, onun canına cin müsəllət olmağa razı olar!
Məstəli şah. Bu surətdə gərəkdir ki, divlərə ifritələrə əmr edim ki, Parisi xarab etsinlər, altını üstünə çevirsinlər ki, Şahbaz bəy dəxi ora getmək niyyətindən düşsün, yainki Mərrix ulduzuna hökm edim ki, müsyö Jordanın boynunu vursun ki, Şahbaz bəyi aparan olmasın. Bu işin bundan başqa heç çarəsi yoxdur.
Şəhrəbanu xanım. Bu necə mümkün şeydir, baba dərviş, belə iş eləmək olarmı?
Məstəli şah. Pəh, bu mənim işimdir, xanım, nə şübhə yeridir! Məgər eşitməmisiniz ki, bir neçə şəyatinə əmr etmişəm ki, həmişə Şişə qalasında üsuli və şeyxi mollalarının arasında fitnə və fəsad salıb heç vaxt onları dinc qoymasınlar! Ondan ötrü ki, onlar minbərə çıxıb aşkara xalqa vəz edirmişlər ki, cadukunə və sairə inanmayın. Aya, mən deyiləm ki, Kilcan adlı ifritin ruhunu ki, şeytənətdə və məzərrətdə fəridi-əsrdir, Ağa Vəli Əliqulu oğlunun bədəninə müntəqil edib Səlyan xalqının canına müsəllət etmişəm ki, gecə-gündüz onun qorxusundan evlərində rahat yata bilməzlər! Hələ Səlyan xalqına az qisas etmişəm. Ondan ötrü ki, olar bildir məni Səlyana qoymayıb qovdular ki, bura darülmöminindir. Sən dərviş və cadukunsən, bura ayaq basma! Hansı işlərimi söyləyim? Bu işlər yaxın zamanda etdiyim əməllərin əlamətidir. On bir il bundan irəli Araz qırağına gəlmişdim; istəyirdim ki, Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana gedəydim. Hər iki mahalın xalqı mənə mane oldular ki, səni qoymanıq bu torpağa keçəsən. Ondan ötrü ki, əlində təzkirən yoxdur. Naməlum, təzkirəsiz adamlara yol vermək, bu tərəfə keçirmək qanun ilə qadağandır. Bavücudi ki, əlləm-qəlləmlər özləri gecə-gündüz qaçaq mala gedən təzkirəsiz adamları o yana, bu yana bələd olub keçirirdilər. Nə qədər yalvardım-yapışdım, sözümə qulaq asmadılar. Aşağı getdim, yuxarı getdim, olmadı; axırda lap acığım tutdu. Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının damlarını qaldırıb yer ilə yeksən etdilər ki, zərbindən Ağrı dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı. Oranın biçarə erməniləri də yaman qonşularının səbəbindən fənaya getdilər. xülasə, Murova desəm, yerindən qop, qopmazmı? Araza desəm, axma, axarmı?
Şəhrəbanu xanım (təəccübdən əlin dodağına aparıb). Allah, dərdini əsirgə...
Məstəli şah. Xanım, gecə keçir, durmaq vaxtı deyil. İndi siz mənə buyurun görüm, müsyö Jordan havaxt gedəcək?
Şəhrəbanu xanım. On gündən sonra.
Məstəli şah. Çox yaxşı, indi mən bu saatda, xanım, sizin gözünüzün qabağında Parisin heykəlin bərpa edib, burda onu pozacağam. Və divlərə və ifritələrə hökm edəcəyəm ki, haman dəqiqə Parisi yıxsınlar və on günə qədər xəbərini müsyö Jordana çatdırsınlar ki, Şahbaz bəyi aparmaq fikrindən düşsün; yainki bir böyük xoruzu qabağında tutub adın qoyacağam müsyö Jordan, bu saatda onun boynunu vurub Mərrix ulduzuna əmr edəcəyəm ki, bu tövr ilə o da on günədək həqiqətdə müsyö Jordanın boynunu vursun; taki Şahbaz bəy ondan xilas olsun. İndi buyurun görüm, cənabınız Parisin xarab olmağınımı istəyirsiniz, ya müsyö Jordanın boynunun vurulmağın?
Xanpəri (tez əlin yuxarı qovzuyub, çalıb). Hər ikisini, baba dərviş! Firənglərə yazığımızmı gələcək?
Şəhrəbanu xanım. Bıy, arvad, sənin ürəyin daşdır, nədir? Biçarə parislilər bizə nə eləyiblər ki, evlərin, imarətlərin başlarına yıxaq, min-min adamın qırılmağına bais olaq? Bu qalmaqala bizi ancaq o çör-çöp döşürən müsyö Jordan salıbdır. (Üzün Müstəli şaha tutub). Baba dərviş, hər nə bilirsən ona eylə! Burada xoruzun boynunu vur, Mərrix ulduzuna hökm et ki, o da müsyö Jordanın Arazdan keçəndən sonra boynun vursun. Şahbaz yalqız qalsın. Genə bu taya keçsin, qayıtsın gəlsin. Bir təqsirli adamın ölməyi çox yaxşıdır min-min günahsız xalqın qırılmağından isə.
Şərəfnisə xanım. Can ana, elə demə, müsyö Jordan yazıqdır! Çox yaxşı adamdır. Bu yaylaq hər gün qəribə güllərdən, çiçəklərdən dəstələr bağlayıb Şahbaz bəylə mənə göndərdi ki, apar adaxlına ver, görsün neçə ildir bu yaylaqları gəzirlər, heç bu gülləri və çiçəkləri görübdürmü və mənə bir güzgü bağışlayıbdır ki, Parisin əcaibat bağında bitən Yengi Dünya güllərin surəti dalısında çəkilmiş. Məni öz qızı kimi istərdi. Mən özümü öldürrəm, qoymaram müsyö Jordanın boynu vurulsun! Paris dağılsın, bizə nə? Əgər orda qızlar, gəlinlər üzüaçıq gəzməsəydilər, Şahbaz heç vaxt ora getməzdi. Paris yıxılsın, qız-qəlini də qırılsın!
Şəhrəbanu xanım. Vallah, bilmirəm hansına razı olam? Amma dəxi necə eyləyək? Şərəfnisə də doğru deyir, müsyö Jordan yazıqdır, yaxşı adamdır, hələ bircə bu işdə təqsirlidir ki, Şahbazı yoldan çıxarıb Parisə getməyi beyninə salıbdır. Məlum ki, Parisdə yaman adamlar var imiş. Qəza bu dərvişi bizə yetiribdir ki, bunun cadusu ilə oranı yıxdırıb xarab edirik. (Üzün Məstəli şaha tutub). Baba dərviş, buyur divlərə, ifritələrə Parisi qaldırıb altını üstünə çevirsinlər!
Məstəli şah. Baş üstə, xanım! (Üzün Xanpəriyə tutub). Xanpəri xala, çıx çölə, mənim şagirdim Qulaməliyə de ki, mənim xurcunumu tez atın üstündən alsın, gətirsin gəlsin.

Xanpəri tez qalxıb çıxır.

Məstəli şah. Xanım, Hatəmxan ağa, Şahbaz bəy indi haradadırlar?
Şəhrəbanu xanım. O biri damda. İlxıdan qayıdıb yatırlar.
Məstəli şah. Xanım, bu sirdən gərək olar və ya başqa adam nə indi, nə sonra xəbərdar olmasın ha! Və illah cadu heç əsər bağışlamaz!
Şəhrəbanu xanım. Bu cəhətdən xatircəm ol, baba dərviş!

Bu halda qapı açılır.

Qulaməli (əlində xurcun Xanpəri ilə məclisə daxil olur). Səlam-əleyküm!
Məstəli şah. Əleykəssəlam! Xurcunu yerə qoy, ağzının bağını aç, içində, üstündə əşkal çəkilmiş taxta parçaları çıxart!
Qulaməli (farsi dili ilə ki, oturan ünas tayifəsi anlamasın). Mixahi çe bekoni?
Məstəli şah. Mixahəm ki, heykəli-şəhri-Parisra bərpa nümudə, bədivhə və ifritha hökm günəm ki, dər türfətüleyi zirü zəbərəş künənd: misli onki əlan dər pişi-çeşmi-in xatun (gözü ilə Şəhrəbanu xanıma işarə edir) mən heykələşra zirü zəbər xahəm gərd.
Qulaməli (gülümsənmiş). Vase çe?
Məstəli şah. Vase səd danə bacaqluyi-tazə ki, hala əz in xatun bərayi-həmin mətləb xahəm gereft.
Qulaməli (gülümsənmiş). Xub, in xatun ba paytəxti-firəng və əhləş çe ədavət darəd?
Məstəli şah. İn hekayət xeyli dirazəst, tərqrirəş güncayişi in məqam nədarəd, təxtəparəhara əz xurcun birun gün!
Qulaməli. Həmin saət, əmma hiç əqləm bavər nəmikunəd ki, in əmri müşkil surətpəzir gərdəd; nəmidanəm şuxi mikuni, ya nə? Dər türfətüleyi Paris xərab şəvəd, yəni çe?
Məstəli şah (gülümsənmiş). Çera yəni çe, mərdəke? Hala in xatuni-mükərrəmə səd danə bacaqluyi-tazə bərayi in mətləb be mən xahəd dad və dəh ruz həm möhlət həst ki, caduyi-mən əsəri xudra be bəxşəd və kəsi həm bədin sirr vaqif nist və nə xahəd şod. Bəd əz giriftəni bacaqluha dəst və pa guşadəəm. Məgər ta dəh rus nəmitəvanəm ki, xudra be on tərəfi Ərəs beyəndazəm, məra dər onca ki, peyda xahəd kərd? Bəd əz mən hər çe badabad! Əgər ta dəh ruz Paris xərab şəvəd bacaqluha biqilü qal əz həzmi-rabe xahəd güzəşt. To çe midani, bəlkə ta on müddət besaniheyi əz sanihat. Paris xərab şəvəd. Məgər in növ hadisati-əcibə dər aləm kəmtər vüqu yaftəəst?
Qulaməli (taxtaparaları xurcundan çıxarıb gülümsənmiş). İn fəqəreyi-əxirəra hərgiz əqləm qəbul nəmikünəd, xəyali-xaməst.
Məstəli şah (gülümsənmiş). Bəs fəqəreyi-sabiqra əqləm qəbul mikünəd? On həm ki, xəyali-xamnist?
Qulaməli (gülümsənmiş). Ari, dər on çe şəkkəst?
Məstəli şah. Xub, digər həvəssəmra ba sualhayi-bifandə məğşuş məkun. Bero pişi-əsbha, müntəzir baş. Mən həm bəd əz yek saət əməli-xudra tamam kərdə mirəsəm, səvar mişəvim, baz migərdim. (Qulaməli gedir). Xanpəri xala, dur qapını bərk bağla. Adam-madam gəlməsin.

Xanpəri durur, qapını bərk bağlayır, gəlir oturur.

Məstəli şah (öz-özünə farsi dili ilə). İn tayifeyi-zənan əcəb biçarə və sadəlövhənd, biduni-təsəvvür və təəmmül bavər mikünənd ki, mən dər Qarabağ nişəstə Parisra dər türfətüleyn zirü zəbər mitəvvanəm kərd və ya Mərrixət dər on tərəfi Ərəs kərdəni müsyö Jordanra vəqti rəftən mitəvanəd zəd.
Şəhrəbanu xanım. Baba dərviş, nə danışırsınız?
Məstəli şah. Məhzər oxuyuram, xanım ki, işimiz avand olsun. Divlər, ifritələr xəbərdar olsunlar ki, nə fikrdəyəm. (Bundan sonra Məstəli şah palazı qovzuyub əvvələn bir müdəvvər çızıq çəkir, deyir). Bu Paris şəhərinin dairəsi. (Sonra taxtaparaları bir-birinə yapışdırıb on-on iki böyük, kiçik hücrə və otaq şəklində cızığın içində evlər yapıb deyir). Bu da Parisin imarətlərinin və evlərinin şəkli. (Sonra üzün Şəhrəbanu xanımə çevirib). Xanım, buyurursunuzmu Parisi gün-gəyəkün etdirim, altını üstünə çevirtdirim?
Şəhrəbanu xanım. Bəli, dəxi necə edək, allah səbəkara bəla versin! Qurunun oduna yaşlar da yanacaq, biçarə parislilər bizə bir zad etməmişdilər. bunun babalı olsun oların qızlarının, gəlinlərinin boynuna ki, məclislərdə həmişə oğlanlar ilə, kişilər ilə bir yerdə üzüaçıq oturub, söhbətə və ixtilata məşğul olub, xalqı azdırıb yoldan çıxardırlar. Baba dərviş, işinə məşğul ol.
Məstəli şah. Xanım, divlərin əl muzdunu, ənamını kərəm edin!
Şəhrəbanu xanım. Baba dərviş, divlərə ənam nə lazımdır?
Məstəli şah. Pəh, xanım, məgər mənim divlərim İran sərbazı idi ki, müftə qulluq edələr? Məgər mən vəzir Hacı Mirzə Ağası idim ki, onlara heç zad verməyəm, ancaq söyəm, qorxudam?

Ma qulamani in Əli şahim,
Əz təmami zəmair əgahim,
Nə məvacib, nə cirəvü nə əliq,
Növkəri qürbətən iləllahim.

Şəhrəbanu xanım. Baba dərviş, məgər Hacı Mirzə Ağası sərbazlara heç zad vermirdi? Ancaq söyüb qorxudurdu?
Məstəli şah. Xanım, vallah, mən Tehranda bir yol öz gözüm ilə gördüm ki, Hacı Mirzə Ağası topxana meydanında Mirvarid topuna baxırdı. Birdən yeddi yüz sərbaz onun dövrəsin çevrəyib başladı məvacib istəməyə. Haman saat Hacı Mirzə Ağası əyilib, ayağından başmağının bir tayını çıxarıb, əlinə alıb, beş min yaman ilə, alıcı quş kimi, cumuldu onların üstünə. Sərbazlar kəklik sürüsü kimi onun qabağından dağılıb qaçdılar. Heç birisini tuta bilməyib, qayıdıb topun yanına gəldi, üzün hüzurda duran xanlara tutub xitab eylədi: “Həzarat, gördünüz? Belə qorxaq qoşun ilə bilmirəm Heratı necə alacağam. Yaxşı ki, mən hələ qılınc ilə onların üstünə cumulmadım. Onda onların qaçmağı bilmirəm harada dayanacaq idi, Fəəmma bunu yalqız onların qorxaqlığına həml eləmək olmaz. Mənim rüstəmanə şücaətimin vahiməsindən ki, birdən olara həmlə elədim, onlar belə ürküb dağıldılar” Sərkərdənin... cürətində çox sirr var idi. İndi siz, xanım, güman eləməyin ki, mən divlərimi quru nağıl ilə bəsləyirəm; bəlkə mən gərək belə işlərdən ötrü onlara ziyaft edəm, oları oxşayam, oynadam, şihabi-saqib düşüb oları qıranadək.
Şəhrəbanu xanım. Necə şihabi-saqib oları qıranadək? Baba dərviş, nə deyirsən? Məgər oları sonda şihabi-saqib düşüb qıracaq?
Məstəli şah (gülə-gülə). Əcəb fikir edibsiniz! Bəs divlər, ifritlər nahaq yerə o qədər bigünah xalqın həlakətinə bais olurlar və gözəl şəhəri nahaq yerə xarab edirlər? Belə günahi-əzimin cəzasında allahın qəzəbi onlara yetişməz?
Şəhrəbanu xanım. Yaxşı, baba dərviş, çünki belədir, niyə canlarından qorxmayırlar? Niyə belə işə ayaq qoyurlar?
Məstəli şah. Əvvələn, o səbəbə ki, mən buyururam, ikinci o səbəbə ki, axmaqdırlar və təbiətlərinin təqazasıdır. Əgər belə etməsələr, dincələ bilməzlər. Şəyatin olmasaydı, dünyada heç bir yaman əməl olmazdı və bəni-adəmi yaman işlərə heç kəs düçar etməzdi.
Şəhrəbanu xanım. Doğru deyirsən, baba dərviş! Nə qədər gərək divlərə ənam verək?
Məstəli şah. Artıq istəmirəm, nə qədər ki, vədə edibsiniz, xanım, yüz bacaqlı.
Şəhrəbanu xanım. Baba dərviş, çox olmazmı?
Məstəli şah. Xub min-min tümənə dəyən şəhəri xarab etdirirsiniz, yüz bacaqlı versəniz çoxdur?
Şəhrəbanu xanım (üzün qızına tutub). Şərəfnisə xanım, balam, pul sandıqçasını bura gətir. (Şərəfnisə xanım tez qalxıb yükdən pul sandıqçasını alıb anasının qabağına qoyur, Şəhrəbanu xanım sandıqçanın ağzını açır, yüz dənə təzə bacaqlı çıxardır, deyir). Balam, Şərəfnisə, toy xərcinə dəxi heç pul qalmadı.
Şərəfnisə xanım. Neynək, ana, bir-iki yüz toğlu satarıq genə pul olar.
Şəhrəbanu xanım. Doğru deyirsən, balam, burun-qulaq başa sədəqə. (Üzün çevirir). Al, baba dərviş!

Qızılları verir Məstəli şaha. Dərviş qızılları alır, qoynuna qoyur, tez biləklərini çırmayıb xurcundan bir kitab çıxardır, kitabı açıb vərəqləyir, bir para naxışlı səhifələrinə baxır, başını qovzuyur.

Məstəli şah. Bəli, Paris şəhəri Əqrəb bürcünün altında vaqe imiş, əməl tamamdır. Bu bürcün təsirindədir ki, bu şəhərdən heç vaxt bəla əskik olmaz... (Sonra qalxır ayağa, əlində bir dəyənək, üzün Şəhrəbanu xanıma və qızına tutub). Xanımlar, qorxmuyun, ürəyinizi bərkidin! (Sonra gözlərin çevirir, surətin heybətli edir, bu məntəri oxuyur).

Dəğdəğəha fətəndi,
Tübbəl-kəra kərəndi,
Tübbəl-kümü kümuha,
Biyəndi, yəndi, yəndi.

(Sağına-soluna üfürür, heybətli səs ilə divləri, ifritələri adları ilə çağırır, buyuruq verir). Ya Məlixa, ya Səlixa, ya Bəlixa! Qaldırın Parisi yerindən, vurun yerə, bu saatda necə ki, mən bu heykəli vurub zirü zəbər edirəm. (Bir qədəm geri çəkilir, dəyənək ilə cızığa üz qoyub içindəki taxtaparalardan yapılmış balaca evlərin və otaqların əşkalını çırpıb darbadağın dağıdır, sonra bir ləmhə dayanıb üzün Şəhrəbanu xanıma tutur). Xanım, gözünüz aydın olsun, Paris dağıldı! Razı oldunuzmu?
Şəhrəbanu xanım. Bəli, baba dərviş, çox razı oldum! Amma gərək Parisin dağılma xəbəri tez müsyö Jordana çata ki, öz başının hayına qala, Şahbazdan əl çəkə. Amma Parisdən bura bu xəbəri tezliklə bilmirəm kim çatdıracaq.
Məstəli şah (qəhqəhə ilə). Xa-xa-xa-xa! Xanım, bir adam ki, buradan Parisə göz açıb yuman saatda bərbad edə, onun xəbərin bir dəqiqədə, bir saatda, bir gündə, on günədək bura çatdıra bilməz? Nə xəyal edirsiniz?
Şəhrəbanu xanım. Doğru deyirsən, baba dərviş, amma nə əcəb olardı ki, bu xəbər elə bu saatda müsyö Jordana çataydı, başımızdan olaydı.

Bu halda birdən damın bağlanmış qapısı taraq-taraq döyülür. Az qalır qapı sınsın. Müsyö Jordanın səsi iztirab halətində qapının dalısından məlum olur. Dərviş Məstəli şah cəld taxtaparaları döşürüb tökür xurcuna, atır çiyninə, girir yükün qabağında asılan pərdənin dalısına, gizlənir. Müsyö Jordan qapını taraq-taraq döyür, az qalır qapını sındırsın; çağırır.

Müsyö Jordan. Hatəmxan ağa, Şahbaz bəy, qapını açın!

Şəhrəbanu xanım sərasimə yerindən qalxır, qorxu ilə gedir qapıya sarı. Qızı Şərəfnisə xanım tir-tir titrəyir. Xanpəri dizinə çırpır, yavaş səs ilə.

Xanpəri. Dədəm vay, nənəm vay!

Şəhrəbanu xanım qapını açır!

Müsyö Jordan (nəfəsi tutula-tutula). Hanı Hatəmxan ağa, hanı Şahbaz bəy?
Şəhrəbanu xanım (qorxa-qorxa). İkisi də Şərəfnisənin damında yatırlar, bu gün ilxıya baxmağa getmişdilər, çox yorulmuşdular. Axşamdan yıxılıb yatıblar.
Müsyö Jodan (qaim bir səs ilə, təngnəfəs). Xanım, gərək bu saatda onlar duralar. Mən gedirəm, dayana bilmənəm. Heyf sənə, Paris, heyf sənə Tülyeri, heyf sənə, gözəl paytaxt, gözəl səltənət! Fransa bədbəxt oldu! Dimaj, Paris! Mon diyö! Mon diyö!
Şəhrəbanu xanım. Həkim sahib, nə var, nə olub?
Müsyö Jordan. Paris dağıldı, Tülyeri yıxıldı, Fransa xarab oldu. Dimaj Paris! Dimaj Telyeri!
Şəhrəbanu xanım. Allah, sənə şükür, yəni allah dərdini əsirgə!
Müsyö Jordan. Gözəl şəhər, gözəl səltənət! Bir türfətüleyndə viran, kəan ləm-yəkün olubdur. Ağıl kəsmir ki, bu necə işdir, bu necə sehrdir! Setefre, mon diyö, mon diyö!
Şəhrəbanu xanım. Bu necə sehrdir? Məhər sehr ilə Paris yıxılıb? Nə deyirsiniz, həkim sahib?
Müsyö Jordan. Əlbəttə, sehridi, mat qalmalı işdir. Bir türfətüleyndə qəflətən Paris xarab olubdur.
Bu sözlərdən Şərəfnisə xanım dəxi qaim başlayır titrəməyə. Gözü dərviş gizlənən pərdədə.

Xanpəri (xısın-xısın). Dədəm vay, nənəm vay!

Bu halda qalmaqaldan Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damdan yuxudan oyanıb, dəstpaça, köynəkcək müsyö Jordanın səsinə yüyürürlər.

Müsyö Jordan (onları görən kimi). Ax, gəldiniz! Hatəmxan ağa, Şahbaz bəy, sizi tarı, tez mənə at hazır edin, gərək bu saatda gedəm, dayana bilmənəm, özünüz də atlanın məni Arazdan keçirdin, qayıdın!
Hatəm ağa (heyrətlə). Həkim sahib, nə vaqe olubdur? Belə tələsik getməyə səbəb nədir?
Müsyö Jordan (qaim səs ilə). Paris dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. Bu saatda Təbrizdə oturan ingilis konsulundan sizin divanbəyiniz mənə kağız yetirdi; konsul bu əhvalatı bildirəndən sonra yazır ki, Londona vacibi kağızlar ilə bu saat çapar kedir. Arazın kənarında mənə müntəzirdir. On iki saatadək gərək mən özümü ona yetirəm. Əgər təxir etsəm, çapar gedər, sonra mən özümü tezliklə yalqız krala çatdıra bilmənəm. Liu Filipp ingilisə qaçıbdır. Mon diyö, mon diyö!
Hatəmxan ağa (təhəyyür ilə). Həkim sahib, Parisi kim dağıdıbdır, kim yıxıbdır?
Müsyö Jojdan (iztirabla). Şəyatinlər, əcinnələr, divlər, ifritələr, bəd əməllər. Hansını deyim! Aman, Hatəmxan ağa, at hazır edin, dayanmaq mümkün deyil! Dimaj Paris! Tülyeri! Mon diyö, stefr!

Bu sözlərdən Hatəmxan ağa bir az mütəhəyyir qalır. Amma Şərəfnisə xanım başlayır çox bərk titrəməyə. Şahbaz bəy onun halətini duyur. Təəccüb edib, ona sarı üz qoyur. Yavıqlaşıb yavaş gülümsənmiş soruşur.

Şahbaz bəy. Sən niyə titrəyirsən, ay fəsad? Yoxsa Parisi sən buyurub yıxdırıbsan ki, mən dəxi ora gedə bilməyim?
Şərəfnisə xanım (titrəyə-titrəyə, nazik səsi ilə gözü dərviş gizlənən pərdədə). Yox, vallah, quran haqqı, dayım canına mənim heç zaddan xəbərim yoxdur, mənim heç təqsirim yoxdur!
Şahbaz bəy (gülümsənmiş). Bax, bax, necə and içir! Necə şirin dil ilə yaxasın qıraq çəkir! Dəxi niyə titrəyirsən? Əgər sən tək pərilər padşahı Parisi yıxdırsa da halaldır.
Şəhrəbanu xanım (üzünü müsyö Jordana tutub). Həkim sahib, bizim Şahbazı da aparırsınızmı? (Şahbaz bəy adın eşidib geri çevrilir).
Müsyö Jordan. Nə söyləyirsiniz, xanım, özüm başımı qoymağa yer tapmıram. Şahbazı hara aparacağam! Hatəmxan ağa, amandır, tez olsun, atlanın, məni ötürün! Gərək səhərdən Araz qırağına çatam. Tülyeri. Mon diyö, mon diyö!
Hatəmxan ağa. Şahbaz, gəl gedək, görək necə edirik, bu necə iş idi oldu?

Hər ikisi damdan çıxır, dallarınca müsyö Jordan, onlardan sonra yavaş, pərdənin dalısından dərviş Məstəli şah xurcun çiynində çıxır. Başı aşağı, heç məclisdə qalan övrətlərə mütəvəcceh olmayıb qaçır, gözdən itir; sonra:

Şəhrəbanu xanım. Xanpəri, gördün, necə iş oldu?
Xanpəri. Xanım, mən sənə demədim ki, bu dərvişin əlindən heç zad qurtarmaz? Mən hələ ondan qorxuram ki, Parisin yıxılmağının zərbindən özgə şəhərlər də bərbad ola. Naxçıvan, Şərur mahallarının yıxılmağının zərbindən Ağrı dağının bir parçası qopub tökülən kim, necə ki, dərviş deyirdi.
Şəhrəbanu xanım. Bəli, bundan sonra bu təəccüb deyil; təəccüb odur ki, kişilər həmişə bizə deyirlər: caduya, pitiyə inanmayın! Necə inanmamaq olar ki, adam gözü ilə belə işlər görür?
Xanpəri. Eh, xanım, kişilərin əgər ağlı var, niyə biz onları hər qədəmdə min yol aldadırıq, öz bildiyimizi edirik?

Şərəfnisə xanım sakit və samit qorxub qurumuş mat qalır.

Pərdə salınır.

Tamam olur