Məzmuna keç

Kəsildi (Növrəs İman)

Vikimənbə saytından
Kəsildi
Müəllif: Növrəs İman
Mənbə: "Növrəs İman" (az.). "Ozan dünyası" jurnalı. 2010. 2016-08-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Çarx dolandı, üz döndərdi zamana,
Əvvəl olan düz ilqarı kəsildi.
Əcəb bəla nazil oldu insana,
Getdi əldən, xoş qərarı kəsildi.

Müslimanam deyən oldu cəfakar,
Qəza hər nizamın etdi tarümar.
Şirin ağzı olan oldu zəhrimar,
Yaxşı günü, xoş mədarı kəsildi.

Çox dövran sürənlər axır zay oldu,
Gədalar da gəldi şaha tay oldu.
Bəylərin, xanların işi ah-vay oldu,
Hər tərəfdən mədədkarı kəsildi.

Getdi bu dünyadan nə gözəl canlar,
Pozuldu bağçalar, şux gülüstanlar.
Qaldı əl qoynunda neçə bağbanlar,
Qurudu ağaclar, barı kəsildi.

Kəsildi aramım, səbrü-taqətim,
Dağıldı başımdan huş, dəyanətim.
Novrəstə İmanam, eyşü işrətim,
Getdi, heyif, ömrüm yarı kəsildi.