Kağız (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Kağız Müəllif: Növrəs İman |
Mənbə: "Növrəs İman" (az.). "Ozan dünyası" jurnalı. 2010. 2016-08-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Göyçə mahalına bir salam yetir,
Eylə mən əvəzdən ərzi-hal, kağız!
Danış, soruş, xeyli qəm yüngül götür,
Dostların halına xəbər al kağız.
Əvvəl pir atama bir salam eylə,
Gedərgi yollarım sübhü şam eylə.
Qələm götür, sözün yaz, tamam eylə,
Keçən günlərimi yada sal, kağız!
Yatıram gecələr, kəsilibdi xab,
Dövrün əzabına gətirmirəm tab.
Yazdığım məktuba almıram cavab,
Nə qədər yazıram dalbadal, kağız!
Əyib cavan qəddim çarxın sitəmi,
Gah mənə üz verir könlümün qəmi.
Gah olur, açıllam qızılgül kimi,
Gah olur, çəkirəm qilü-qal, kağız!
Kəmtale yarandım mən əzəl başdan,
Can dərddən ayrılmır, könül ataşdan.
Elimdən, günümdən, qohum-qardaşdan,
Yetir bu İmana bir əhval, kağız!