Məzmuna keç

Kim ki, eylərsə libasini mübəddəl kəfənə

Vikimənbə saytından
Kim ki, eylərsə libasini mübəddəl kəfənə
Müəllif: Seyid Əzim Şirvani
Mənbə: “Bizim əsr” qəzeti

 Kim ki, eylərsə libasini mübəddəl kəfənə,
 Deyirəm: “Çəng vurub daməni-”Hübb ül-Vətən”ə.

 Vətənə, ey Vətən övladi, himayət günüdür,
 Toplaşun düşməni dəf etməyə hər əncümənə.

 Salınız nərəvü təkbir ilə dünyayaə şərər,
 Nəhydir Şəridə kim, rəhm eləmək rahzənə.

 Çalınız səngdil ədu başına xəncəri-tiz,
 Bəlkə bu hübb ilə təlim edəlim Kuhkənə.

 Dəmi-hümmət, dəmi-qeyrət, dəmi-fürsətdi bu gün,
 Rəsmi-mərdanəliyi göstərəlim mərdü zənə.

 Kişiyə cəng günü vahimə şayəstə degil,
 Kişinin qani gərək rəng verə pirahənə.

 Qövmi-Yəcucə tərəf səddi-Skəndər kimi dur,
 Göz yaşı tökmə, həya qıl, kömək ol səfşikənə.

 Bağiban ol, Vətənin bağinə dirlik suyu ver,
 Əsməyə badi-xəzan bəlkə bu səhni-çəmənə.

 Qəflət uyğusuna getməklə xəta etmə, sakın,
 Qoyma gəlsin o həbəşzadəni mülki-Xütənə.

 Vətəni, şəkkəri-ey Xosrovi-Şirinsüxənim,
 Vermə, Allahımızın eşqinə, zağü zəğənə.

 Kim ki, bilməzsə Vətən Yusifinin qiymətini,
 Misli-Yaqub düşər axıri beyt ül-həzənə.

 Ürəfa bəzminin ey Seyyidi-şirinsüxəni,
 Yaz bu əşari, düşə bəlkə, dəhəndən-dəhənə.