Məzmuna keç

Kinayə edib, söylədin, Xaqani

Vikimənbə saytından
Kinayə edib, söylədin, Xaqani
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: M.Soltan


Kinayə edib, söylədin, Xaqani,
Şerlər yazırdı rəvan Ünsüri.

Bəli, eylə bir şaha məddah idi,
Ki, oldu belə kamran Ünsüri.

Qəzəl yazdı ay üzlü yar eşqinə,
Olub şahlara mədhxan Ünsüri.

Qəzəl, mədhdən başqa öz təbini,
Daha etmədi imtahan Ünsüri.

Qəzəl, mədh yazmaqda, aləm bilir,
Deyil mən qədər dürr saçan Ünsüri.

Bu sehri ki, mən şerdə etmişəm,
Bunu etməmiş heç zaman Ünsüri.

Əgər şer yazmaqda on hüsn var,
Birindən fəqət tapdı şan Ünsüri.

Mənim şerimin tazə üslubu var,
Qədim səpki bildi haman Ünsüri.

Nə təhqiq, nə zöhd, nə vəzdən,
Kiçik söz də bilməz, inan, Ünsüri*.

Bununla belə, şah Məhmuddən,
Hesabsız alıb ərməğan Ünsüri.

Beş-on beytə almışdı yüz qul, qızıl,
Alındıqda Hindustan, Ünsüri*.

Qızıldan düzəltdi qaşıq, qab-qacaq,
Gümüşdən düzəltdi qazan Ünsüri.

Sağ olsaydı, indi bu nakəslərə,
Yazardı, yəqin, min yalan Ünsüri.

Bu namərdlərin süfrəsində sümük,
Sorardı pəri tək nihan Ünsüri.

Çörək arzusuyla bu alçaqların,
Əlindən öpərdi hər an Ünsüri.

Ağızda deyildi mənim tək dili,
Qılıncdan iti, səf yaran, Ünsüri.

Yox idi mənim tək onun nizəsi,
Döyüşdə verə imtəhan Ünsüri.

Nə nəzmi, nə nəsri çatardı mənə,
Deyildi dərin nüktədan Ünsüri.

Nə nəzmiydi pərvin, nə nəsriydi nəş,
Olammazdı şəmsi-cahan Ünsüri*.

Nə alim, nə şarehdi, nə bir ədib,
Nə Söhban, nə yarəb bəyan Ünsüri*.

Qızılla necə süslənər bir gəlin,
Qızıl aşiqiydi yaman Ünsüri.

Verib malımı, şad olduqda mən,
Alıb zər, olar şadman Ünsuri.

Bilikdə başı ərşə yüksəlsə də,
Vara, sərvətə atdı can Ünsüri.

Bilikdə olar Ünsüri hər yetən,
Ola bilməz hər varlanan Ünsüri.