Kitabi-tarixi Qarabağ/İyirmi birinci fəsil
←Kitabi-tarixi Qarabağ/İyirminci fəsil | Kitabi-tarixi Qarabağ İyirmi birinci fəsil |
Kitabi-tarixi Qarabağ/İyirmi ikinci fəsil→ |
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, |
ETMƏYİN VƏ SƏRDAR SİSİANOVUN
BADKUBƏ SƏMTİNƏ GETMƏYİN VƏ
Çün salari-əzəm knyaz Sisianovun ümdə fikirləri bu imiş ki, Böynəlnəhreyn əldə ola və ətrafı guşadə qıla, ta tərəddüdinam hər iki dəryadan müyəssər ola. Bu səbəbə Meqril (Minqreliya) torpağında Yeddiqat qalasını və Qara dəryanın kənarında bina elədi. Ondan sonra əzmi bu oldu ki, sahəti Badkubəni təsərrüfə gətirsin. Elə ki Qarabağdan darüssürur Tiflisə müraciət qıldı, ondan ləşkər münəqid edib ciyuş və bəhri-şuriş və əsakiri-cövşənnuş ilə Badkubə təsxirinə azim oldu. İbrahim xandan dəxi kömək istəmişdi. Xan da buradan oğlu Mehdiqulu ağanı pareyi-Qarabağın bəyzadələri ilə və qoşunu ilə sərdarın hüzuruna göndərdi ki, orada əsakiri-padşahi üə müttəfiq olub, müqərrər olunan xidmətlərə canfəşanlıq ilə qiyam və iqdam edələr. Pəs haman ilin qış mövsümündə Gürcüstandan çıxıb gəlib Şəkiyə və Şəki hakimi Səlim xan dəxi ki, İbrahim xanın damadı idi və dövlətə müti və münqad idi, o da sərdara görə lazımeyi-ixlas və iradət və yaxşı peşkəşlər və tədarüklər edib Şəki vilayətindən yola saldı. Çünki sərdarın əzmi əvvəl Şirvan vilayətini təsxir edib və Mustafa xan şirvanlını itaətə gətirmək idi. Sonra Badkubəni və Qubanı və Dərbəndi müsəxxər eləmək idi. Pəs Şəkidən keçib, Şirvan sahətinə varid olub, Mustafa xanı itaətə təklif qıldı. Mustafa xan dəxi əgərçi əvvəl dəfə də bir para öz dövlətinə və möhkəm olan məqamlarına etimad edib sərdara görə məğruranə cavablar və hərəkətlər eləmişdi, ləğv cavablar söyləmişdi. [1] Amma sonra müşahidə etdi ki, şöylə ləşkəri-əzimə və Şəkinin və Qarabağın qoşunlarına və müxalifətinə müqavimət etməyə qadir ola bilməyəcəkdir. Əlavə Qarabağ qoşunu Şirvanın kəndlərini çalıb-çapıb və qarət qılmağa əl açdılar. Axırül-əmr Mehdiqulu xanın və Səlim xanın dəlalətləri ilə o da itaətə gəlib necə ki, İbrahim xan və Səlim xan əhdnamə yazıb qərardad bina etmişdilər. Haman qərar ilə o da əhdnamə yazıb, zahirdə itaət qılıb, Rusiya dövləti-əleyhi-Rusiya təhtinə daxil oldu. [2] Bu əsnada general-mayor Məhəmmədhəsən ağa-İbrahim xanın böyük oğlu ki, qəleyi Şuşada sahibi-azar və naxoş idi, vəfat edib, mərhum oldu. Elə ki bu məlalətamiz qəziyyə Qarabağda vaqe oldu, əhaliyi-vilayəti-Qarabağ üçün çox yəsitamam və pərişanlıq və qəmginlik üz verib, ənduh və məlali-külli əmələ gəldi. Pəs o şəxslər ki, batinən Rusiya dövlətinin itaətinə razı deyildilər və bəziləri də ki, Əbülfət xana mayil və raqib var idilər, Məhəmmədhəsən ağa vəfat edəndən sonra ki, onu çox sayardılar, həqiqətdə biqüsur əmir idi və hər vilayətdə avazəsi var idi. Və sərdar Sisianovun da ona çox etimadı və meyli-məhəbbəti var idi. Və hər gunə səlahdidini pəsənd etmişdi, onun bu cür qəziyyəsinə görə və həm də Mehdiqulu ağanın vilayətdən kənar və uzaqda olmağına binaən İbrahim xan da ki, qoca və müsini və kəmqüvvət və naxoş və pərişanhal olmuşdu. Haman şəxslər cari olub, bir para əhdnaməyə müxalif olan hərəkətlərə başladılar. Pəs bu əhval vaqiat sərdari-əzəm knyaz Sisianov hüzuruna və Mehdiqulu ağaya yetişəndən sonra sərdar səlah görüb, Mehdiqulu ağanı və Qarabağ qoşunlarını mürəxxəs edib, ezaz və ehtiram ilə və layiq olan ümidi-nəvid və ənam ilə Qarabağa rəvanə elədi. Dəxi necə ki, mərhum general Məhəmmədhəsən ağaya kamali-məhəbbət və ülfəti-səmimi qəlb ilə mehribanhğı var idi. Çox ənduhi-tamam və böyük təəssüf ilə onun oğlu, hörmətli general-mayor Cəfərqulu ağaya təziyənamə yazıb kəmali-dilsuzluq və mehribanlığı və təəhüdati-pərəstarlıq etmişdi. Elə ki Mehdiqulu ağa bəyzadələr ilə və qoşun ilə Qarabağa gəldi və pədəri-mehribani İbrahim xanın xidmətinə varid oldular və sərdarın məhəbbətamiz nəvidatını və peyğamlarım yetirdilər. Bundan sonra şərarət kiş və bədəndiş kəslərin dəf və rəfinə və dövləti-əleyhinin ixlas və iradatının istehkam qəvaidinə məşğul oldular. Dəxi bir az günlər bu müqəddimədən keçmişdi ki, xəbər yetişdi ki, sərdari-əzəm Badkubədə məqtul oldu. Pəs bu qəmli xəbər dəxi mərhum İbrahim xanın və onun övladının və əhaliyi-vilayəti-Qarabağın xatirələrinin pərişanlığına dübarə səbəb və bais oldu. Təfsili-məqal bu ki, çün sərdari-əzəm Sisianov Badkubə vilayətinə gedib yetişiblər. Hüseynqulu xan hakimi-Badkubə bənayi məkr və hiylə qoyub, əvvəla zahirdə itaət məqamına gəlib, vədə ediblər ki, bir gün sərdari-əzəm qəleyi-Badkubənin həvalisinə gələ, Hüseynqulu xan dəxi hüzura varid olub, əhd və itaətin güftü gusunu təmam edələf. Heç vaxt sərdari-əzəmin xatirinə gəlməz idi ki, Hüseynqulu xandan və onun tabelərindən şöylə xəlaf və şəni əfal əmələ gələ. Qəzadan sərdari-əzəm iki nəfər bəyzadələri ilə ki, birisinin adı Ənbərbar knyaz imiş, Gürcüstan knyazlarından və birisi dəxi bəyzadə imiş və sərdarm hüzurunun müqərribləri ola. Mükalimə məqamına təşrif aparırlar. Bir İbrahim bəy adlı ki, Hüseynqulu xanın əqvanından idi, iki nəfər də əlahiddə adamlar ilə məxfi pusquda imişlər, nagah namərdlik edib, güllə atıb, sərdari-əzəmi rüfəqaları ilə qətlə yetirib [3], ədavət nəğməsini və müxalifət təbilini büləndavaz elədilər. Dəxi bu sani-həni Qızılbaşiyə dövlətinə xədamati-cəlilə və xülusicəmilədən hesab edib dərhal yel qanadlı çaparla bu əhvalı Qızılbaş dövlətinə irsal və izhar elədilər və o dövlət tərəfindən dəxi təcili-tamam ilə böyük qoşun və əyilməz ləşkər gəlib, səhrayi-Badkubə qoşun ilə doldu. [4] Elə ki Rusiya qoşunu bu qəzayaları görəndə dəxi Gürcüstana qayıtmağı məsləhət bilməyib, oradan riayati-ehtiyat ilə gəmilərə minib Hacıtahirxan (Hacı Tərxan) vilayətinə keçib getmişdilər.
Qeydlər
[redaktə]- ↑ Hələ 1804-cü ildə və 1805-ci ilin yazında Sisianov Mustafa xandan Şirvanın Rusiyanın himayəsinə daxil olmasını istəmişdi və rədd cavabı almışdı. 1805-ci ilin oktyabrında razılıq vermişdisə də, Sisianovun ayağına gedib, orada müqaviləyə qol çəkməkdən imtina etmişdi.
- ↑ Rus qoşunları Mustafa xanın Fit dağındakı qərargahına yaxınlaşarkən Şirvan xanı onlara qarşı müharibə etməyin çətin olduğunu görüb, 27 dekabr 1805-ci ildə Şirvanın Rusiyaya tabe olması haqqında müqaviləyə qol çəkməyə məcbur oldu.
- ↑ Sisianov Hüseynqulu xanın xalası oğlu İbrahim bəy tərəfindən 8 fevral 1806-cı ildə öldürülmüşdür.
- ↑ Əslində isə rus qoşunları gəmi ilə Xəzər dənizindəki Sara adasına getmişdilər.