Kitabi-tarixi Qarabağ/On dördüncü fəsil
←Kitabi-tarixi Qarabağ/On üçüncü fəsil | Kitabi-tarixi Qarabağ On dördüncü fəsil |
Kitabi-tarixi Qarabağ/On beşinci fəsil→ |
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, |
İBRAHİM XAN İLƏ MACƏRASINI BƏYAN EDƏR.
Belə ki, Fətəli şaha Baba xan sərdar derlər idi, Ağa Məhəmməd şahın tərəfındən Fars məmləkətində və Şirazda vali idi. [1] Elə ki şahın Qarabağda Şuşa qalasında məqtul olmaq xəbərin eşitdi, oradan təcili-tamam ilə ilqar edib Tehran şəhərinə gəldi və oradan xəzinəyə və əsbabi-padşahlığa malik və mütəsərrif olub məsnədi-şahlıqda mütəməkkin olub, övrəngi-səltənətdə cülus qılıb, kəmaliistiqrar və istiqlal ilə əyləşdi. Bu tərəfdən Sadıx xan Şəqaqi ki, Şuşa qalasından fərar edib getmişdi, o da Azərbaycanda vilayəti sahibsiz görüb, başına külli cəmiyyət yığıb Tehranı müsəxxər eləmək və öz zaval evlərini xilas edib gətirmək əzmində və Fətəli şahla cəng və rəzminə İraq səmtinə hərəkət elədi. O tərəfdən Fətəli şah xəbərdar olub, müqabilə gəlib, dava oldu. Sadıx xan tabi müqavimət gətirməyib, şikəst oldu və vilayətdən fərari düşüb, tərki-vətən qıldı. Bəd əz an Fətəli şah istiqlali-tamam ilə təxti-səltənətində əyləşib İranda şah oldu və İbrahim xan yanına kamali-hörmət ilə elçi göndərib Ağa Məhəmməd şahın nəşini istəyib və İbrahim xanı dəxi öz itaətinə dəvət elədi. Çün Qarabağ vilayəti necə ki, qeyd oldu, bir para səbəblər ilə müddəti qoşunkeşlik və aclıq və taun və sair əqsami-inqilab və iğtişaşə görə və ətraf xəvaninləri dəxi qaldırıb ədavətlər izhar etməklərinə binaən mərhum İbrahim xan müdara etməyi məsləhət bilib, münazilə məqamına gəlmədən və buradan Ağa Məhəmməd şahın nəşini ezaz və ehtiram ilə Tehrana rəvanə edib və bir para xoşayənd peyğamlar dəxi ilqa elədi. Çün Fətəli şah İbrahim xanın bu cür rəftarlığını və rəviyyə-güzarlığını mülahizə etdi, xoşhal olub, bunu yaxşı qarşıladı. Xanın göndərdiyi adamlarına tamam ənam və xələtlər verib qaytardı. İbrahim xana dəxi xələt və şəmşir və Qarabağın hökumət fərmanını və əlavə Qaradağ vilayətinin tamam mədaxilini yazıb, göndərib və binayi-qohumluq dəxi təmənna eyləmişdi ki, hər iki tərəf xatircəm olmaq üçün İbrahim xanın əzizeyi-mükərrəmeyi-səbiyyəsi Ağa Bəyim ağanı dəxi mənim hərəmxaneyi-şahanəmə layiq görsün ki, bizə banuyi-hərəm olsun. Pəs mərhum İbrahim xan dəxi məsləhət və məşvərətdən sonra Ağa Bəyim ağanı Fətəli şaha əqd və nikah edib və bir oğlu Əbülfət xanı ki, o vaxtda Əbülfət ağa idi, yolladı şahın hüzuruna ki, orada daim şah hüzurunda ola. Fətəli şah dəxi
İbrahim xanın qızı Ağa Bəyim ağanı özünə banuyi-hərəm elədi və Əbülfət ağaya dəxi xanlıq ləqəbi qoyub, pərvəriş elədi və özünü əmir-ülüməra qılıb öz məclisixassına mərhəm elədi və son dərəcə izzət və hörmətlər edərdi ki, məşhuri-İran idi. Hər il dəxi İbrahim xana xələt və qılınc və qızıl irəsbablı at və sair sovqat və hədiyyə-lər Fətəli şahın tərəfindən gəlirdi və oğlu Məhəmmədhəsən ağaya dəxi əlavə xələt və ənamlar göndərirdi. Əlavə, Qaradağın tamam mədaxilini həm İbrahim xana vermişdi ki, onun ola və Qarabağ dəxi küllən özünün xalisəsi idi.
Qeydlər
[redaktə]- ↑ Fətəli şah (1797-1834) Ağa Məhəmməd şahın bacısı oğlu idi. Şah Fətəli xanı özünün sələfi adlandırmışdı