Məzmuna keç

Kitabi-tarixi Qarabağ/On üçüncü fəsil

Vikimənbə saytından
Kitabi-tarixi Qarabağ/On ikinci fəsil Kitabi-tarixi Qarabağ On üçüncü fəsil

Kitabi-tarixi Qarabağ/On dördüncü fəsil
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,
BİR PARA MÜQƏDDİMƏLƏR Kİ,

AĞA MƏHƏMMƏD ŞAH FÖVT
OLANDAN SONRA VƏ İBRAHİM XAN
QARABAĞDAN ÇIXANDAN VƏ
QAYIDIB GƏLƏNDƏN SONRA

ÜZ VERİB, ONLARI BƏYAN EDİR

O cümlədən Molla Pənah Vaqifin ölmək hekayətidir. Belə ki, məşhur Axund Molla Pənah bir sahibi-kəmal və müddəbir və təcrübəli və şair və xoşməqal adam idi. Əsli Qazax camaatından idi, amma gəlib Qarabağda İbrahim xanın hüzurunda izzət və şöhrət və xüsusiyyət hasil etmişdi ki, xanın ondan kənar məsləhəti olmazdı. Onun vəziri və mötəmidi idi. Və hər ümuri-hökumət və qeyridə Axund Molla Pənahın tədbiri və müşavirəsi ilə rəftar edərdi. Hər necə düşmüşdüsə ona yaxşı inanıb etimadi-külli etmişdi ki, hamı övlad və əqrəbalarından artıq onun xatirin və hörmətin mənzur edirdi. Və külli-ixtiyarın ona vermişdi. [1] Xan Dağıstana, Car və Balakənə gedən vaxtda Molla Pənah, çün Muğanlı Cəmil ağanın ittifaqı ilə Təklə Muğanlı həmçinin əslən qədim Qazax elindəndirlər, ikisi də Tiflis canibinə getmişdilər. Oradan Qarabağa müaviyət edən zamanda və yainki, bir rəvayətdə Qarabağdan Ağa Məhəmməd şahın xofundan qaçıb xanın dalınca o tərəfə əzm etdiyi halda, Gəncənin dağlarının həvaləsində Gəncə hakimi Cavad xan onu özünə ümdə olan sovqat bilib, tutub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah onu tutub çoxdan qətlə yetirmək arzusunda idi. Haman vaxt ki, onu dəstgir edib şahın hüzuruna qalaya gətirmişdilər, axşartı vaxtı idi. Şaha məlum etmişdilər, şah buyurmuşdu ki, onu möhkəm saxlasınlar ki, sübh onu əzim olan siyasətlə qətlə yetirəcəyəm. Əlqəza, təqdir belə oldu ki, haman o gecə Ağa Məhəmməd şahı öldürdülər və Molla Pənah salamat qaldı. Bu qəribə mücməl hekayətin keyfıyyəti-təfsili budur ki, çün Axund Molla Pənahı qüruba bir-iki saat qalmış Şuşa qalasına gətirdilər. Məhəmmədhəsən ağanın evinin qapısında ki, şah orada mənzil eyləmişdi, dəstgir saxlayıb şaha məlum etdilər. Şah buyurdu ki, bu gecə onu yaxşı mühafizət edin, sabah ona bir siyasət edim ki, ibrətün-naziran olsun. Qərəz o halda Məhəmmədhüseyn xan Qacar ki, şahın çox yaxınlarından idi, Axundu qapıda əlibağlı görüb soruşdu: “Bu kimdir?” Dedilər: “Bu haman məşhur Molla Pənahdır ki, eşidibsiniz?” Haman dəm ağzını föhşə açıb Axunda çox yaman föhşlər və itab və xitablar eylədi. Axundi-biçarə ərz eylədi ki, “Ey xani-əzimüşşən. Siz böyük olan şəxs varsınız və padşahi-İranın mötəmidi və nəzərkərdəsi və müqərrəb hüzurusunuz. Layiq deyil ki, siz dəstgir və günahkar və müqəyyəd və giriftar və biçarə və dərməndələrə yaman kəlmələr və föhş və hədyan sözlər buyurasınız. Bəlkə sizin rütbə və məratibinizə şayəstə olan budur ki, gərək ətvar və əxlaqi-həsənə və küftar və rəftari-nəcibanə sizdən zühur edə. Bu gunə dərmandə və əsir və xaif olan acizlərə siz dildarlıq gərək verib, iltifat və mərhəmət, əvf və ətayə ümidvar qılasınız. Nəinki şahın qəzəbindən qəzəbnak olub, dilazarlıq edəsiniz”. Məhəmmədhəsən xan bu cür kəlamatdan heç bir mütəəssir olmayıb yenə föhş və hədyanı ziyadə başladı:

Axund, hər ke dəst öz can beşuyəd,

Hər çe dər del darəd bequyəd.
(Ey axund, canından keçibsə bir kəs

Ürəyində nə varsa açıb deyəcək).

Məzmuna görə dəxi qərar etməyib, haman xanın cavabını dəxi-ziyadə föhşkarlıq və darüştgüftarlıq edib dedi: “Ey xani-nanəcib, qəzayi-sübhani və dövri-zamani və müqəddimeyi-fərdani sən nə bilirsən, bəlkə sabah şah mənə ənam və xələt də verib, xoşhal və azadə edəcəkdir və ya fələyi-kəcrəftar və təqdiri-pərvərdigar bir qeyri-təriq yol gedəcəkdir!

Şəb abestən əst, ta çe zayəd be ruz.
(Gecə hamilədir, görək gündüz nə doğacaqdır).

Mən ki indi dustağam, şah dustağıyam, sən nəkarəsən ki, mənə təərüz və əziyyət edə biləsən. Məhz bu günə ətvari-naqabil sənin nakəs və nanəcibliyinə dəlildir. Həqq-təala kərim və rəhimdir”. Məsəldir ki, mıxı mismar eyləyən vardır. Qəzara iş şöylə oldu ki, o gecə şahı öldürdülər. Molla Pənah salamat qurtardı. Axund, Ağa Məhəmməd şahın əlindən xilas oldu. Amma Məhəmməd bəyin əlində giriftar olub qətlə yetişdi. Səbəbi-qətli bu idi ki, çün Axund mərhum İbrahim xanın yanında sahibi-ixtiyar və müdəbbirkar olan vaxtlarda Məhəmməd bəy ona çox hörmətlər edərdi ki, onun tədbiratı səbəbinə xandan bir para təmənnaları var idi, əmələ gələ. Axund vasitəçilik eyləyə, onu İbrahim xana ziyadə yaxın qıla və bəlkə qızını da ona ala ki, müqtəzi ül-məram ola. Amma onun bu mütalibatı axundi-məzburdan hasil olmamışdı və onun məsulatını icabət qılmamışdı. Çünki Məhəmməd bəy çox rəşadətli və qüvvətli və səlabətli idi. Tamam əmizadələri və xanın qohum və əqrəbaları və müqərribləri məcmuən ona hasid və məand və düşmən var idilər. İstəməzdilər ki, Məhəmməd bəy İbrahim xana şöylə yaxın ola. Hamısı ona bədxah idilər və bir də ki, çox fəsad işlər yer üzündə övrət səbəbinə olubdur. Deyirlər Molla Pənahın bir yaxşı, gözəl, sahibicamal məşhurə övrəti var idi ki, çox şöhrətli idi və Məhəmməd bəy dəxi onun şöhrətini və tərifı-camalını eşitmişdi. Ona eşqi və əlaqəsi var idi. Çün övrət cahilə və cavan, axund qoca və natəvan idi və əlavə Məhəmməd bəyin rəşadət və şücaəti və xoşsurət olduğu və fərasəti padşah xəzinəsi əlində olmağı və cavan oğlanlığı övrəti dəxi ziyadə ona əlaqələndirmişdi. Övrət Məhəmməd bəyə demiş idi ki, hərgah Molla Pənah hali-həyatda sağ ola, şəraitə görə mən sənə gedə bilmənəm. Bir səbəb dəxi bu idi ki, pareyi-fəsadpişə adamlar özlərinin səlahkarları üçün Məhəmməd bəyi təhrik etmişdilər ki, Axund Molla Pənahı öldürə ki, o səbəbə Məhəmməd bəy İbrahim xandan uzaq ola və onlar da Məhəmməd bəyin hüzuruna sahibkar və yaxın olalar, iş-güc sahibi və rəşid və xəzinə sahibi və şüca adamdır. Onları mühafızət qıla, xoş ovqat olalar və işrət qılalar. Hər hal ilə isə qərəz Ağa Məhəmməd şahın qətlindən neçə gün sonra Molla Pənah Axundu və bir oğlu Qasım Ağanı [2] Məhəmməd bəyin əmri ilə tutub qətlə yetirdilər. İndi qala içində günbədi var ki, orada mədfun ediblər. Əlqissə, bais o oldu ki, ondan sonra Məhəmməd bəyin İbrahim xan ilə ədavəti zahir olub, dəxi heç bir vəch ilə xatircəm olmadı. O qədər kənar gəzdi ki, axır gedib Şəkidə öldürüldü ki, onun da hekayəti ənqərib məzkur olacaqdır. Dəxi haman məzkurə və məşhurə övrəti Molla Pənah məqtul olandan sonra Məhəmməd bəy alıb özünə övrət eylədi. Bir az müddətdən sonra ki, Mustafa xan Şirvanlı, Məhəmməd bəyi qətlə yetirdi, haman övrəti Sarıcalı Hüseyn bəy adlı ki, əsli qarabağlı idi, şəkili Məhəmmədhəsən xanın yanında olardı, o, almış idi, onun övrəti idi ki, o, Hüseyn bəy dəxi sonra Şəkidə dəxi qaçıb Şirvana Mustafa xanın yanına getmişdi. Orada sakin olub, gahi oradan Qarabağa quldurluğa gələrdi. Bir dəfə dəxi quldurluğa gələndə Mehdiqulu xan ağa olan zamanda dəstəsilə gedərkən xidmətində polkovnik Fərəculla bəyin atası Uğurlu bəy və Əsəd bəyin atası mayor Rüstəm bəy və sair bəylərdən həm var imişlər. Haman quldur dəstəsinə düçar olub, quldurları basıb və qırıb dağıtmışdılar və haman Hüseyn bəyi dəxi Uğurlu bəy öldürmüşdü. Elə ki fövt oldu, ondan sonra haman övrəti Mustafa xan alıb özünə övrət eləmişdi və ondan Mustafa xanın iki oğlu oldu ki, ona kimi Mustafa xanın övladı olmazdı. Qəzadan o oğlanlar olandan sonra Mustafa xan haman övrətə təlaq verib boşadı. Övrət dəxi Qarabağa gəldi və Qarabağda dəxi mayor İmamqulu ağa almışdı ki, bu yaxın illərədək sağ qalmışdı. Səksən ildən yuxarı ömr elədi. Bu qəbil hekayətlər Qarabağda çox olub, tamamisi yazılsa çox böyük tulani kitab olar, qalsın. Əlqissə, çün Ağa Məhəmməd şah qalada məqrul oldu və İbrahim xan dəxi Balakəndə üç ay qaldı. O müddətdə Məhəmməd bəy Qarabağda hökumət əmrinə və divan etməyə məşğul var idi. Əgərçi Məhəmməd bəy bir hökumət fikrinə düşüb, Axund Molla Pənahı öldürüb və övrətini ahb və üstünə rəşadətli adamlardan çox cəmiyyət yığıb, ilatdan və qeyrilərdən bir parça özünə ixlasmən olanlardan külli dəstə və havaxahlar cəm edib, şahın xəzinəsi də ki, təsərrüfündə idi bihədd olan qızıl və gümüş və cavahiratı ki, var idi, pareyi-məşhur adamlara verib, özünə cəmiyyət və havaxah çox fərahəm etmişdi. İlatın bir parasın dəxi köçürüb Araz kənarına aparıb, orada oldu. Sadıq xan Şəqaqi ilə həm qohumluğu var idi və İranda dəxi hənuz bir padşah müəyyən olmamışdı.Xalq Sadiq xana müti var idilər. Ona dəxi arxalanıb istərdi ki, hökumətə otura, görə axırı nə gunə olur və mirati-ruzigar nə surətə zahir qılır... Pəs elə ki, iki ay qədəri İbrahim xanın Balakəndə məks etməyindən keçdi, Qarabağın və Şahsevənin orada olan əhlləri Balakəndən Qarabağa gəlmək əzminə düşüb sövbivətənə varid olmağa şayiq oldular. Pəs xan məsləhət görüb əvvəl Balakəndən Mehdiqulu xanı ki, şul vaxtda Ağa derlər idi, Qarabağın bəylərinin övladları ilə və neçə nəfər bəyzadələr ilə yola saldılar ki, o gəlib Qarabağa daxil olanda Qarabağın əhlləri bir para xilaf işlərə mürtəkib olmayıb, avazeyi-təmərrüd kənar olur. Pəs Mehdiqulu xan bəyzadələr ilə gəlib Qarabağ torpağına yetişdilər və Məhəmməd bəy də hərçənd onun barəsində zahirən bir para rəviyyələr və mehribanlıqlar əmələ gətirdi. Amma çünki əyyami-cavanlığın və o günə vardövlət və xəzaneyi-padşahlığın hövasına görə və bir parə insani təhriklər nəfsin və tamahın tələbinə görə batinən başına həvəsi-hökumət düşüb Mehdiqulu xana o qədər də məhəl-güzar olmaz idi. Mehdiqulu xan dəxi zərurəti-həsbi ilə onunla müdara qılıb pərdədürlük etməzdi. Gah ətraf səmtlərdə və gah qala içində yola gedərdi və həqiqəti-əhvalı və siyaqi-rəftari dəxi ərizə ilə atası İbrahim xan hüzuruna pişnihad edib, müntəzir var idi. Çün bu əxbar Kür kənarında İbrahim xana yetişib öz böyük oğlu Məhəmmədhəsən ağanı üç yüz ləzgi qoşunu ilə və Qarabağ sərkərdələrilə çaparvar göndərib yolda Məhəmmədhəsən ağaya belə xəbər verdilər ki, Məhəmməd bəy xanın gəlmək avazəsin eşidib, Qarabağın ilat xalqını yığıb, bir parasın köçürüb Arazın səmtinə aparıb orada saxlayıb və özü də çıxıb qalanın üç ağaclığında vaqe olan Kirs dağında cəmiyyəti-tamam ilə əylənib, əzmü iradəsi budur ki, dava başlayıb, müxalifətə başlaya. Buna görə mərhum Məhəmmədhəsən ağa sürəti-tamam ilə haman ləzgi qoşunu ilə ilqar edib, Məhəmməd bəyin cəmiyyəti və həvaxahları və özü ki, əsas və calal ilə şahın alatəpə və sərapərdəsin bu Kirs dağında dəxi qurub əylənmişdilər. Onların sərvəqtinə varid oldu. Çün Məhəmmədhəsən ağa həqiqətdə çox sahibi-tədbir və sahibi-hörmət, sahibi-nəcabət, sahibi-vüqar və sahibi-rəftar adam idi və xalq hamı onu sayardılar və heç kimsə ona etinasızlığa olmağa cürət
etməzdilər. Elə ki Qarabağ əhli mərhum Ağanı görcək hamısı fövc-fövc gəldilər, Ağanın xidmətinə baş endirdilər və bəziləri əlini öpdülər. Hamı Məhəmməd bəyin yanında olanlar gəldilər. Hərçənd Məhəmməd bəy əvvəl dəfə bir qədər xofnak oldu, amma axır Məhəmmədhəsən ağa ona xatircəmlik verib. O da gəlib Ağanın əlindən öpdü və üzr istədi və Ağa dəxi onu hər babda xatircəm edib çox məhəbbətlər etdi və hətta o qədər mehriban oldu ki, qızını da ona verməyə xahişi oldu. Bir az müddət müvafıq olub bir-biriylə mehriban oldular. Sonra bir neçə nəfər şər adamlardan Məhəmməd bəyin yanında var idilər ki, onun istiqlal və hökumət xəyalında olduqları vaxtda bir para fəsad işlərə bais və mürtəkib olmuşdular. Məhəmmədhəsən ağa onlara Məhəmməd bəyin öz gözünün qabağında tənbeh və siyasət olmağa əmr eylədi. Mehdiqulu xan da ki, qala içində idi. Elə ki eşitdi qardaşı Məhəmmədhəsən ağa qoşun ilə gəlib qalanın bərabərindən keçibdir. Haman dəm də Məhəmməd bəyin mənsub etdiyi adamları ki, öz əmizadələri idilər, tutdurub məhbus eləmişdi. Pəs mərhum Məhəmmədhəsən ağa Qarabağın ilat camaatına xatircəmlik və asayiş verib, hamı mahallara hökmlər yazdı ki, məcmui-xəlayiq asudə və rahat olub öz iş-güclərinə və kəsbü güzəranlarına məşğul olsunlar. Pəs ondan sonra mərhum İbrahim xan dəxi gəlib Qarabağ torpağına yetişib öz məğərri-hökumətində qərar tutdu və Qarabağın ilat və dehatı və əksər camaatı aclıqdan və qəhətlikdən pərişan və pis vəziyyətdə olub Gəncə və İrəvan və Şirvan və Gürcüstan vilayətlərinə dağılıb, hətta Rum vilayətinə dəxi dağılıb mal və dövlətləri təmamən qarət gedib, ziyadə əfsurdəlik olmuşdu və ətrafının zülmkar xəvaninləri dəxi, əgərçi zahirdə itaət və məvəd-dətilafi edirdilər. Amma batinən hamı öz səlahlarını güdüb və öz nəflərinə talib idilər. O cümlədən şirvanlı Mustafa xan vəqti ki, İbrahim xan Balakəndə idi, şəkili Məhəmmədhəsən xan ki, Səlim xanın böyük qardaşı idi və Səlim xan hakimi-Şəki ki, İbrahim xanın damadı idi və o da xanın ittifaqı ilə Dağıstana getmişdi. Mustafa xan Məhəmmədhəsən xanı təhrik edib, gətirib özü də ona kömək və yardım qılıb, Şəki vilayətində hökumət əmrində qoydu. Ba vücudi ki, haman Məhəmmədhəsən xanın gözləri dəxi kor idi. Mustafa xan o qədər də razı deyildi ki, Səlim xan Şəkidə hakim olsun. Çünki Səlim xan İbrahim xanın damadı idi və bir-birinə müttəfiq idilər. O gəlib Şəkidə yenə hökumət edəndə və Qarabağ və Şəki birləşib müvafiq olanda ona zərərləri yetişirdi və onda Mustafa xan acizlik və itaətindən qeyri onlara başqa yol ilə üstünlük edə bilməzdi. Pəs buna görə Məhəmmədhəsən xan ilə razılıq edib, Səlim xan Dağıstandan gəlməmiş onu Şəkidə hökmran elədi ki, məbada Səlim xan gəlib yenə Şəkidə hökumətə əyləşə. Onu bidəxil etmək mətləbi idi və Məhəmməd bəy də Məhəmmədhəsən ağa ona xatircəmlik verdikdən sonra asudəxatir olub, o da sair xəvanin övladları kimi mərhum Pənah xan övladı və silsüəsinin içində mütləğa can qorxusu xatirinə gələn deyildi. Saymaz və rəşid və hünərmənd igid idi və həm o övqat saymazlıq məğrurluğu və xəzinə və dövlət havası və əlavə bir para şərir adamlar ki, xan Qarabağdan çıxıb və yenə vilayətə gələnədək bihesab işlər tutmuşlardı, onların təhrik etməkləri bais olub ki, xəzinədən çoxusunu Qarabağın dağlarında və daşlarında gizləyib və bir qədərin dəxi özü ilə aparıb Kürün kənarında olub, xana səmt gəlmədi. Pəs Məhəmmədhəsən xan şəkili ki, gözləri kor idi və Mustafa xan şirvanlı ilə müttəfiq var idi və qədimdən İbrahim xan ilə ədavəti küllüləri var idi, onun ilə dostluq binası qoyub Məhəmmədhəsən xan Məhəmməd bəyi aldadır. Adam göndərib Məhəmməd bəyə təhrik edir ki, gəlsin buraya, Şəki vilayətində əyləşsin. Mən özüm bir naibina və kor kişi varam və qızımı da ona verib özümə onu oğul edirəm və burada Şirvan hakimi Mustafa xanın bir para hərəkatı və nərəva təklif və təhəkkümatı məni cana yetirib, təngə gəlmişəm, gəlsin Şəkidə hökumət etsin. Çünki qədimdən Məhəmməd bəy Mustafa xanın atası Ağası xanı və qardaşı Əhməd bəyi və əlahiddə qardaşını öldürmüşdü. Bu səbəbə ki, Məhəmməd bəyin atası Mehrəli bəyi ki, İbrahim xanın qardaşı idi, Şirvan vilayətində Mustafa xanın atası Ağası xanın adamları öldürmüş idilər. Ona görə Məhəmmədhəsən xan Mustafa xanın təhrik və fitvası ilə Məhəmməd bəyə fərib verdi ki, bəlkə oraya gedə. Mustafa xan orada onu ələ gətirib öldürə. Bu mənzur ilə Məhəmmədhəsən xan çox and və qəsəmlər ilə mərhum Məhəmməd bəyi inandırıb öz yanına aparmışdı və haman günü ki, oraya yetişib, haman dəmdə onu tutub və hər nə ki, əlində və yanında dövlət və cavahir və qızıl-gümüş və sair nəqdü cins var idi hamısını alıb sahib və mütəsərrif olub və dəsti Mustafa xana xəbər eyləmişdi və Mustafa xan dəxi təcili tamam ilə gəlib Məhəmməd bəyi məhbus və bağlı alıb, orada qətlə yetirmişdi:

Bəli ruzgar əst anke gəh izzət dəhəd və gəh xar darəd,
Çərxi-bazigər əz in baziçeha besyar darəd... [3]

Əlhasil, Ağa Məhəmməd şahın düşmənçiliyi və Qarabağa gəlməyi Qarabağ vilayətini xarab və viran etdi və xalq tamam mütəfərriq olub dağıldılar. Bir yandan dəxi taun azarı şiddət elədi və aclıq və qəhətlik əmələ gəldi. Vilayət ziyadə qüsur və məğşuşluq hasil etdi və dağılanı dağıldı və qalanlarına dəxi Mustafa xan hakimi-Şirvan və Məhəmmədhəsən xan hakimi-Şəki və Cavad xan hakimi-Gəncə çox zərərlər və qarətlər yetirdilər. O həm bir xarabalığa bais oldu və ətraf dəxi hər canibdən günə-günə cürətə və ədavətə başladılar. Qarabağın vilayəti və İbrahim xanın əsas və calal və işi və istiqlal və hökuməti bir qədər kəsrü nöqsan hasil elədi. Pəs bu əsnalarda Fətəli şahın əhvalı yetişdi ki, İranda şah olubdur və İbrahim xana elçisi gəldi.

Qeydlər

[redaktə]
  1. Nüsxədə olan çatışmazlığı M-195 şifrəli əlyazmadan 77b, 78b vərəqlərindən görüşmüşük.
  2. Bütün mənbələrdə M.P.Vaqifın oğlu Əli ağa adlanır
  3. Bəli, dünya belədir ki, gah izzətli olur, gah tikanlı, Adam oynadan dünya, belə oyunlardan çox
    edir.