Məzmuna keç

Kitabi-tarixi Qarabağ/On ikinci fəsil

Vikimənbə saytından
Kitabi-tarixi Qarabağ/On birinci fəsil Kitabi-tarixi Qarabağ On ikinci fəsil

Kitabi-tarixi Qarabağ/On üçüncü fəsil
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,
AĞA MƏHƏMMƏD ŞAH DÜBARƏ QARABAĞA

QALA ÜSTƏ GƏLDİYİNİ VƏ İBRAHİM XAN
QARABAĞDAN ÇIXIB DAĞISTANA, CAR VƏ
BALAKƏNƏ FƏRAR QILDIĞIN VƏ AĞA
MƏHƏMMƏD ŞAHIN ŞUŞA QALASINDA

MƏQTUL OLDUĞUN BƏYAN EDƏR

Çün qeyd oldu ki, İbrahim xan davasız və səbəbsiz öz xahiş və rizası ilə Rusiya dövlətinə ixlas və iradət bağlayıb, öz oğlunu sərdari-əzəm Zubov
hüzuruna göndərib, dil vermişdi. İslam və İran padşahını tərk edib, öz səmimi qəlbi ilə imperatori-əzəm itaətinə raqib olmuşdu. Əlavə ətraf xəvaninlərinə dəxi bais olub, Ağa Məhəmməd şahdan rukərdan qılmışdı. Bunlar tamam Ağa Məhəmməd şaha məlum olub. Onun üçün İbrahim xana görə ziyadə qəzəbnak olub, ədavət və küdurət qıldı. Bu işlər səbəbinə görə İbrahim xanın qətl və dəfinə kəməri-hümmət bağlayıb, əzmi tamam ilə müsəmməm oldu. Pəs buna görə səneyi 1210-cu ilin bahar fəsli olanda tədarükü-şayan və əsakiri-firavan ilə Azərbaycan sövbinə hərəkət edib [1] , dübarə Qarabağa və Şuşa qalasına müsəxxər qılmağa azam oldu. Və çün müddəti-üç il olurdu ki, afati-səmavi və ərzi-Qarabağ vilayətinə ruavər olub, məhsuli-qəllə və sair hübubat elə gəlməzdi. Aclıq və qıtlıq olub. Bir növ şiddətitamam ilə aclıq olmuşdu ki, şul ildə bir çetvert buğda yüz manata və arpa və darı altmış manata düşvarlıq ilə məqdur olurdu. Hətta ki, xalq at və qatır və pişik və eşşək əti yedilər. Meşələrdən palıd yığıb, qurudub, dəyirmanda üyüdüb, yeyirdilər və çox adamlar aclıqdan həlak oldular. Pəs bu növ aclığa görə iş düşvara və intizara yetişdi. Əksər Qarabağın ilat və dehat xalqı tamam dağılıb fövc-fövc köçüb Şirvan və Şəki və Tiflis və İrəvan vilayətlərinə mütəfərriq oldu. Sipahiye-qızılbaş və Ağa Məhəmməd şahın qoşunu dəxi gəlib Araz kənarına yetişdilər. Pəs bu növ neçə illərin zəhməti və azuqənin yoxluğu və aclığın şiddəti və çoxluğu və Ağa Məhəmməd şahın həm bu tövr ədavət və hərəkətinə görə dəxi qəleyi-Şuşada durmaq müşkül idi. Labüdən mərhum İbrahim xan öz əhl və əyalını və evini və övlad və əqvamını və bir para məruf bəylərin və xassü canisar mülazamlarının ev və külfətləri ilə qaladan köçüb Dağıstanın Car və Tala vilayətinə əzm eylədi. Bu mənzurə ki, orada bir müddət qala. Əgər Dağıstandan və Gürcüstandan və sair vilayətlərdən bir tədarük və ianət və layiq kömək gəlsə, qayıdıb müqabilə gələ və illa oradan Dağıstana öz qohumu Avar hakimi Ümmə xanın evinə gedib, özünü və əhlü əyalını Ağa Məhəmməd şahın siyasətindən mühafizət edə. Və xəvanin cümləsindən ki, o vəqtdə mərhum İbrahim xanın hüzurunda var idilər və ondan kənarəlik və ayrılıq ixtiyar etmədilər. Xanın damadı Nəsir xan, Əta xan Şahsevən və Səlim xan Şəki vilayətinin hakimi ki, o da yenə xanın damadı idi və bir para Şahsevənin və vilayəti Şəkinin bəylərindən və onların övlad və yaxınlarından var idilər. Ağa Məhəmməd şah Araz kənarında xanın qaladan çıxıb getməyin eşidib, iki minə yaxın atlı qoşuna buyurub ki, gedib bəlkə Gəncə yolunda və Kürün kənarında düçar olub bir iş edələr. Onlar dəxi əzm və həzm ilə ilqar edib, Tərtər çayının körpüsündə xanın və sair əşxasın köç və əyallarına yetişib, dava ediblər. Köç və külfətdən və sair adamlardan bir zərər olmayıb. Amma çox mal və dövləti nəqdü cins köçdən qarət edib qayıtmışdılar. İbrahim xan dəxi oradan Kür kənarına yetişib, Səlim xan hakimi-Şəki ilə ki, qohum idilər. Xan qızını ona vermişdi və onun bacısını dəxi özünə almışdı. Onları yaxşı, salamat Kürdən keçirib və özü dəxi evi və əyalı və xəvasları ilə İbrahim xana mülhəq olub, Şəkidən keçib, Car və Tala torpağına yetişdilər. Əgərçi Car və Tala camaatının böyüklərinə və kəndxudalarına Ağa Məhəmməd şah tərəfindən fərman yetişmişdi ki, İbrahim xanı və sair xanları ki, oraya getmişdilər, mane olub, qoymasınlar ki, oradan keçib Dağıstana gedələr. Onlardan bir para cahil və nadan adamları əvvəl bir o təmənnaya düşdülər ki, onlara hücum edələr. Amma sonra xanın mənhukəsi, Ümmə xanın bacısı Bikə ağa onlara təhdid və tənsih etməyinə görə və bir dəxi bu səbəbə görə ki, müddətimütəmadi Carın və İlisunun və Balakənin və sair Dağıstanın əhlləri mərhum İbrahim xandan çox hörmətlər və məhəbbətlər və külliyyə bəziləri ənamlar və ehsanlar görmüşdülər. Ona görə kamilləri həmin cahillərinə mane olub, bu hərəkətdən nadim oldular.
Bəd xana və həmrahlarına çox ehtiram və izzət və xidmətgüzarlıq və mehmannəvazlıq edib, onları hər yerdə hörməti-tamam ilə Balakən qəryəsinə yetirdilər. Pəs xan Balakəndə əylənib, fərağət oldu və sükunət qıldı. Hamı o camaat onun itaətində və təəssübündə və xeyirxahlığında var idilər. [2] Çox ehtiram və izzət və mehmannavazlıq əmələ gətirdilər ki, biqayət rizaməndlik hüsula yetdi.
Əlqissə, iyirmi gün müddəti xan Balakəndə əylənmişdi ki, Ağa Məhəmməd şahın Şuşa qalasında məqtul olmaq xəbəri xana yetişdi. Ağa Məhəmməd şahın ölümünün müqəddiməsi belə olubdur ki, xan Balakənə köçüb gedəndən sonra Ağa Məhəmməd şah bilaniza və beduni mane Şuşa qalasına gəlib, İbrahim xan mərhumun böyük oğlu general-mayor mərhum Məhəmmədhəsən ağanın imarətində mənzil ixtiyar edib əyləşir. Müddəti-bir həftə aradan keçir. Bir gecə qəzadan, bir əmrdən ötrü ki, xatirinə nagüvara olub iki nəfər pişxidmətlərinə ki, çox xidmətgüzari müqərrəb imişlər, acığı tutub, qəzəbnak and içib, deyib ki, əgər sabah olur, sizin hər ikinizə də əzim siyasət edərəm. O iki nəfərin adları birisi Səfərəli bəy və birisi Abbas bəy imiş. Çün onlar bilmişlər ki, onun dediyi və buyurduğu hərgiz təğyir və təbdil olan deyil, canlarının qorxusundan o gecə onu qətlə yetirməyi lazım bilib amadə olublar ta ki, səhərin açılmasına yaxın ki, şah yuxuda imiş. Hər ikisi xəncər çəkib şahın tacını, cavahir həmailini, bazubəndlərini, məşhur olan Nur və Kuhi-Nur daşlarını götürüb sübh vaxtı Sadıx Şəqaqinin yanına gedib, həqiqəti-əhvalı ona hali ediblər. Sadıx xan əvvəl bu nağılı şahın hiyləsi təsəvvür edib, etimad etmədi. Fikir eylədi ki, nəbada bu hiylə ola ki, şah istəronu təcrübə etsin. Şah tərəfindən həmişə xatircəmliyi yox idi və canı qorxulu var idi.
Axırül-əmr müqəlləz and və qəsəmlər ilə inandırdılar. Durub gəldi yenə tam kəmali-xof ilə dəstiri-sabiq ilə imarətə daxil olub, haman otağın ki, şah orada yatmış idi, pərdəsin ədəbi-təmam ilə götürüb baş endirib, ahəstə otağa daxil oldu. Hərçənd Səfərəli bəy qatil ona dildarlıq verirdi. Yenə Sadıx xan xaif və hərəsan idi. Pəs Səfərəli bəy irəli gedib, şahın üstündən yorğanı çəkib, onun xunalud bədənini Sadıx xana göstərib. Sadıx xan tab gətirməyib haman saat fövri qayıdıb şahın bazubəndlərini, tac və həmailini götürüb öz mənzilinə gəlib səs saldı ki, şah məni Gürcüstan və Gəncə tərəfinə məmur edibdir. Özünün tamam tabelərini və Şəqaqi qoşununu təmamən görürüb, qaladan çölə çıxıb və haman Abbas nam qatili-şah dəxi onun yanınca gedib, Səfərəli bəy qalada qaldı. Elə ki Sadıx xan yola düşdü, iki saat çəkmədi ki, şahın qətlə yetişməyi qalanın içində şöhrət tapdı. Pəs Qızılbaş xanları sərasimə və pərişan olub hər kəs öz təvabelərilə əllərinə gələni götürüb, istecal ilə fövc-fövc yola düşüb qaçmağa məşğul oldular. Şəhərin əhli tökülüb hər kəsi ələ keçirdilər, tutub soyub, lüt edirdilər. Qala əhli xəbərdar olub, şah olan imarətə tökülüb, qarət ağaz etdilər. Məhəmməd bəy ki, mərhum İbrahim xanın qardaşı Mehrəli bəyin oğlu idi, o vaxtlar qalada şah yanında idi. Bir yaxşı, şüca və rəşid və xoşsurət və məşhur cavan idi ki, hamı əhaliyi-vilayət onu sayardılar və bir eldən və camaatdan idilər. (Molla Pənah) bu əşarı inşa edib, ona mərqum və mərsul eylədi:

Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax,

Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax.

Əhli zülmi necə bərbad eylədi bir ləhzədə,
Hökmi-adil, padşahi-qadirü qəhharə bax.

Sübh söndü, şəb ki, xalqa qiblə idi bir çırağ,
Gecəki, iqbali gör, gündüzdəki ədbarə bax.

Taci-zərdən ta ki, ayırdı dimaği-pürğurur,
Paymal oldu təpiklərdə səri-sərdarə bax.

İbrət et Ağa Məhəmməd xandan ey kəmtər gəda,
Ta həyatın var ikən, nə şahə, nə xunxarə bax.

Baş götür bu əhli-dünyadən ayaq dutduqca qaç,
Nə qıza, nə oğula, nə aşina, nə yarə bax.

Vaqifa, göz yum cahanın baxma xubu ziştinə,

Yüz çevir, Ali-Əbayə, Əhmədi-Muxtarə bax.


Çün Ağa Məhəmməd şahın aqibəti və müqəddiməyi-əhvalı bu növ olub Məhəmməd bəyin ərizəsi şahın kəsilmiş başı ilə Balakənə İbrahim xanın hüzuruna yetişdi. Xan və cümlə baxan əşxas və əyanlar ibrətlər hasil edib, bəd əz an necə ki, rəviyeyi-nəcabətdir orada şahın başına hörmət və ehtirami-tamam ilə qüslü kəfən etdirib və mötəbər və yaxşı kamil mollalar ilə göndərib, Carın üzmalarının məqbərələrində möhtərəm məhəldə dəfn etdilər və bir para maneələr və səbəblər cəhətinə İbrahim xan Qarabağa, tez qayıtmaq məqdur olmayıb üç ay müddəti Balakəndə təvəqqüf etdi. O vaxtlarda hər tərəfdən, xüsusən Gürcüstan valisindən və Gəncə hakimi Cavad xandan və Şirvan və Şəkidən xana çox sovqatlar, töhfə və hədayalar gəlirdi, hamısı izhari-dusti və ixlas və məhəbbət və yeganəlik edirdilər. Buna görə ki, çün o tövr, sahibi-calal padşah ki, qəvi olan düşmən idi. Fövt olub və hamı Azərbaycanın və sair məmalikin böyüklərini və xəvanini həmişə İbrahim xanın əzəmət və şövkətini və əmrini nüfuz və cərəyanını və hər yerdə sayılmasını çox müddət götürmüşdülər və bilirdilər. Hamısı bu səbəbə itaət məqamında var idilər. İstərdilər ki, qeyrilərdən irəli öz xeyir və səlahları üçün onun rizayi-xatirini ələ gətirib sədaqət və məhəbbət və möhkəm olan xüsusiyyət əmələ gətirələr.
Əlqissə, mərhum İbrahim xan bəd əz an ki, bir ay müddəti keçmişdi ki, Balakəndə təvəqqüd edirdi. Öz qohumu avar hakimi Ümmə xan Dağıstanın ruəsaları və böyükləri və sərkərdələri ilə və külli tədarüki-məkulat və məlbusat ilə və külli-qoşun ilə xanın yanına gəldilər. Orada o ki, lazimeyi-qohumluq və mehribanlıq və mehmandarlıq və insanlıq idi, necə ki, şöylə əmiri-əzəmdən o tövr mehmani-möhtərəmə şayistə olan qayət mərtəbədə əmələ gətirib nəinki yalnız mərhum xana və övladına və Qarabağ bəylərinə, bəlkə tamam orada olan Şahsevən xanlarına və onların adamlarına və bəylərinə və əyallarına taarüfdən və hörmətdən və xörək və puşakdan və xərci-məişətdən necə ki, lazımdır qüsur və füturu qoymadılar. Hamı barədə ziyad olan rizaməndlik hüsula yetdi. Çün iki ay qədəri xan orada qaldı. Qarabağa gəlmək əzmin eylədilər...

Qeydlər

[redaktə]
  1. Bu tarix səhvdir. Ağa Məhəmməd şah 1797-ci ilin baharında yenidən Azərbaycana hücum etmişdir.
  2. Burada əsas nüsxədən bir vərəq düşdüyündən, biz bu çatışmayan hissəni B-1917 şifrə altında saxlanılan nüsxədəki 29b, 30b vərəqlərdən götürmüşük.