Koroğlu dastanı/Koroğluynan bəylər
←Mahru xanımın Çənlibelə gəlməyi | Koroğlu dastanı. Koroğluynan bəylər Müəllif: Koroğlu |
Koroğlunun Ballıca səfəri→ |
Koroğlu bir gün dəlilərinə deyir:
– Dəlilərim, mənim səfərim var.
Dəlilər deyir:
– Hara gedirsən?
Koroğlu deyir:
– Nə işinizə, budu bu xəncəri də asıram divardan, hərgah xəncərin ucundan qan damsa məni ölmüş bilin.
Koroğlu Qıratını minib bir neçə mənzil yol gedəndən sonra gəlib
çatdı bir çəməngaha. Gördü burda bir bağ var gəl görəsən. Dünyada
hər cür ağacdan olan bu laləzar bağda gül bülbülü, bülbül gülü çağırır.
Bənövşələr açıb, ağaclar yarpaqlanıb.
Koroğlu bu bağı dolana-dolana diqqətnən tamaşa eləyirdi. Bir də
gördü bağın içində ceyran misallı bir qız sallana-sallana yüz nazqəmzə
ilə bağı seyr edir. Qız nə qız. Qaşlar qara, gözlər qara, baldan
şirin ləbləri, sinəsi Şahdağının qarı kimi ağ, məmələri köynəyin
altınnan şamama kimi baş veribdi.
Koroğlu qızda bu gözəlliyi görən kimi çaşıb qaldı, özü-özünə dedi:
“Ey dili qafil, dünyada belə də gözəl varmış”. Bunun üstən alıb sinəsazın görək nə dedi:
Açılıb bağında lalə, nərgizlər,
Qönçəsin iyləyib, gülün dərərlər,
Alıb onu ipək üstə sərəllər,
Gözəl qız, gəl mənə, mən alım səni.
Koroğlu belə deyəndə qızın gözləri xumarlandı, qıyqacı Koroğluya baxdı. Qız belə baxanda Koroğlu sözünə davam etdi:
Qurban olum qara gözün məstinə,
Nə durubsan bu canımın qəstinə,
Əlim vurum tər məmənin üstünə,
Gözəl qız, gəl mənə, mən alım səni.
Koroğlu der: gəzmə ahı-zarınan,
Gül-bülbülü oynatma sən xarınan,
Qonuşginən mənim təkin yarınan
Gözəl qız, gəl mənə, mən alım səni.
Koroğlu özünü nişan verən kimi qız Koroğlunu tanıdı. Bu da var
ki, Cəlil paşanın qızı Dinməz xanım öz qardaşı oğlu Bəylərə nişanlı
idi. Dinməz xanım həm də Koroğlunun Cəlil paşaynan arasının
yoxluğunu eşitmişdi. Bunu da bilirdi ki, dəfələrnən Koroğlu Bəyləri
özünə dəli aparmaq istəyib, amma gücü çatmayıb.
Dinməz xanım Koroğlunu görən kimi tanıyıb, bir sehr-cadu oxuyub,
Koroğlunu saldı tilsimə, əl-ayağını bağlayıb, tez atasına xəbər göndərdi
ki, bəs durmasın gəlsin.
Cəlil paşa adam göndərib, Koroğlunu tutub saldırdı zindana.
Koroğlu zindanda qalmaqda olsun, al xəbəri Dəli Həsənnən.
Dəli Həsən gecə-gündüz yatmayıb Koroğlunun yolunu gözləyirdi,
bir də gördü ki, xəncərin ucundan qan damır, tez dəliləri çağırıb dedi:
– Amandı, dəlilər, Koroğlu zindandadı, gərək tez dalına yetişək.
Dəlilər heç biri yerindən tərpənməyəndə, Dəli Həsən bir də səsləndi.
Bu belə deyəndə Eyvaz dedi:
– Haçana kimi biz Koroğlunu ölümdən qurtaraq, canı çıxsın tək
getməsin.
Eyvaz belə deyəndə Dəli Həsən Ərəbatı minib, bina qoydu yol
getməyə. Neçə mənzil yol gedib, gəlib çatdı bir şəhərin kənarına,
gördü bir qarı yerdən çöp yığır.
Dəli Həsən xəbər aldı:
– Qarı nənə yerdən yığdığın nədi?
Qarı dedi:
– Qadovu alsın qarı, çör-çöp yığıram.
Dəli Həsən dedi:
– Qarı nənə çör nədi, çöp nədi?
Qarı dedi:
– Çör yerə uzanan, çöp də dik dayanandı.
Dəli Həsən dedi:
– Qarı nənə nə oxuyursan?
Qarı dedi:
– Ay oğul, açıl başımnan.
Dəli Həsən dedi:
– Sən de, mən sənin dərdinə əlac eləyim.
Qarı:
– Ay oğul, Koroğlu deyilən bir nəfəri Cəlil paşa tutub salıb zindana.
Sabah boynu vurulacaq, onunçun ah-zar edirəm.
Dəli Həsən bunu eşidən kimi:
– Nə dedin, qarı nənə? O zindanı mənə göstər.
Qarı zindanı Dəli Həsənə göstərdi. Dəli Həsən zindana tərəf
getməkdə olsun, sənə Koroğludan deyim.
Koroğlu zindanda oturub dəlilərinin yolunu gözləyir, ah-nalə içində
onları harayına çağırırdı. Dəli Həsən də bu tərəfdən gəlib çatdı zindana.
Zindanın dal tərəfindən dama çıxıb, Koroğlunu görmək istədi.
Gördü Koroğlu sazı əlinə alıb dəlilərini haraya çağırmaqdadı.
Dəli Həsən dinməyib Koroğlunun sözlərinə qulaq asmaqda olsun, görək Koroğlu nə dedi:
Koroğluyam, salınmışam zindana,
Bütün dəlilərim yanımda gərək.
Sorağım düşübdü bu gün hər yana,
Bütün dəlilərim yanımda gərək.
Gömgöy çəmənlərdə otlayır quzu,
Qara zindan qoymur görüm ulduzu.
Çağırram imdada iyid Murtuzu,
Dəmirçioğlu bu gün yanımda gərək.
Axıtdılar bəylər, xanlar qanımı,
Zindan üzgün etdi şirin canımı,
Apara bilmədim Dinməz xanımı,
Eyvaz balam bu gün yanımda gərək.
Koroğlu belə deyəndə Dəli Həsən dedi:
– Ey dad, ardıycan gələn mən, heç mənim adımı çəkmir.
Dəli Həsən acıq eyləyib getmək istəyirdi ki, Koroğlu sözünə davam etdi:
Mərd iyidlər, mərd olarlar davaya,
Mərdin başı düşər qala-qovğaya,
Xəbər çatsın Çənlidəki halaya,
Halaypozan qoçum, yanımda gərək.
Qıratıma daha yetə bilmədim,
Şirin canı ona qıya bilmədim,
Dinməz təki yara çata bilmədim,
Dəli Həsən bu gün yanımda gərək.
Koroğlu sözün tamam elədi.
Dəli Həsən atılıb damdan yerə düşdü. Özünü zindançının üstünə
atıb onu öldürdü. Zindanın qapısını qırıb Koroğlunu zindandan çıxartdı.
Koroğlu zindandan çıxıb, tez özün yeritdi Dinməz xanıma. Dinməz
xanım eyvanda dayanmışdı. Koroğlunu görən kimi bir cadu oxuyub onu saldı tilsimə.
Koroğlu baxıb gördü ki, yeriyə bilmir. Əl atıb sazına Dinməz xanıma dedi:
Uca dağların başında,
Ləpə-ləpə qar görünür,
Mənim bu sınıq könlümə,
Qara gözlü yar görünür.
Dinməz xanım heç dillənməz,
Tamam tarı-mar görünür,
Pəri, sənnən heç əylənməz
Dünya başa dar görünür.
Uca-uca qarlı dağlar,
Könlüm intizar görünür.
Açılmaz heç güllü bağlar,
Dinməz xanım xar görünür.
Dəli Həsən baxıb gördü ki, Koroğlu canından ötrü yalvarır. Özözünə dedi: “İyit də bir qaşıq qannan ötrü yalvararmı?”
Koroğlu dedi:
Uca-uca dağ başından,
Yenib gəldim, gözəl yarım.
Vurulmuşam yay qaşından
Əsib gəldim, gözəl yarım!
Qara qaşın yaydı sənin,
Gül camalın aydı sənin,
İşin ahnan vaydı sənin,
Əsir düşdüm, gözəl yarım!
Koroğlu yarı dinməzdi,
Dinməz xanım lap dinməzdi,
Yarım gülüb danışmazdı,
Əsir düşdüm, gözəl yarım.
Dinməz xanım işi belə görəndə, Koroğlunu tilsimnən çıxartdı. Bu
tərəfdən də Dəli Həsən Dinməz xanımı götürüb qaçdı.
İndi sənə xəbəri Bəylərdən verim.
Bəylərə xəbər getdi ki, Koroğlu Dinməz xanımı götürüb qaçdı.
Bəylər qılınc bağlayıb, yüyürüb çatdı Koroğluya.
Koroğlu gördü Bəylər gəlir, tez sarı kürkünü çəkib əyninə, uzun
bığlarını sallayıb, üz-gözünü torpağa sürtdü, belini qoz eləyib oturdu
yerdə.
Bəylər gəlib çatdı Koroğlunun yanına, onu tanımadı. Bəylər keçib
getmək istəyirdi ki, Koroğlu özünü silkələyib bir nərə çəkdi, Bəylər
nərəni eşidən kimi dala baxdı. Bəylər gördü ki, bu, Koroğlu deyil, yenə
getdi. Bir neçə qədəm getmişdi, Koroğlu yenə bir nərə çəkdi. Bəylər
dala dönüb yapışdı Koroğludan, istədi onun başını kəsə, Koroğlu aldı, görək nə dedi:
İstəyirsən sən alasan canımı,
Bəylər bəyi, qoç Koroğlu deyiləm,
Keçib gedən gördüm Dinməz xanımı,
Bəylər bəyi, qoç Koroğlu deyiləm.
Bəylər dedi:
– Koroğlusan. Kəsəcəyəm başını.
Koroğlu dedi:
– İzn ver, birin də deyim.
Koroğlu:
Salmaginən bu işi gəl əngələ,
Bəylər bəyi, qoç Koroğlu deyiləm,
Nə çıxıbsan mənlə qılınc-xəncələ,
Bəylər bəyi, qoç Koroğlu deyiləm.
Adam odu, şirin dilnən dindirən,
Bəylər bəyi, qoç Koroğlu deyiləm,
Gəl sən olma mən yazığı öldürən,
Bəylər bəyir, qoç Koroğlu deyiləm.
Bəylər Koroğlunu buraxdı. Koroğlu qaçıb çıxdı bir dağın başına.
Tez soyunub paltarını dəyişdi. Elə bir nərə çəkdi ki, Bəylər qorxub geri döndü, gördü ki, Koroğludu.
Koroğlu Bəylərə dedi:
– Bəylər, gəl mənə dəli ol, Dinməz xanımı sənə verim.
Bəylər dedi:
– Olmaram. Gəl döyüşək.
Belə deyəndə Koroğlu sazı alıb, görək Bəylərə necə hərbə-zorba gəldi.
Koroğluyam, heç vaxt qorxmaram hərbdən,
Hərifsənsə əgər, bu meydana gəl.
Əvvəl xəncəlnən, sora cənginən,
Hərifsənsə əgər, bu meydana gəl.
Aldı Bəylər:
Nə çıxıban ucalarda durmusan,
İyidsənsə enib bu meydana gəl.
Yazıq-yazıq sən boynunu burubsan,
İyidsənsə enib bu meydana gəl.
Koroğlu:
Dov edibən neçələrin dindirrəm,
Düşmənləri şad eliyib güldürrəm,
Enib para-para səni öldürrəm,
Hərifsənsə əgər, bu meydana gəl.
Aldı Bəylər:
Arzu-kamı qoyma şirin canımda,
Öldürməyə cuş eləyib qanımda
Dəlilərin yığılıb durub yanımda,
Hərif isən durub tək meydana gəl!
Koroğlu:
Bəylər bəyi, mənə dəli olginən,
Dinməz xanım yenə qoy sənin olsun.
Qəbul elə mənə dəli olginən,
Toy eləyim Dinməz qoy sənin olsun.
Bilirsənmi qoç Koroğlu zorunnan,
Azmaginən haqqın doğru yolunnan,
Müjdə verim sənə dinməz toyunnan,
Sən dəli ol, Dinməz qoy sənin olsun.
Koroğlu der qismət haqqı yazımdı
Tozlu meydan, taci-taxtım, tacımdı,
Bunu bil ki, Dinməz mənim bacımdı,
Sən dəli ol, Dinməz qoy sənin olsun.
Koroğlu sözün tamamladı. Bəylər baxıb gördü ki, dəlilər də gəlib yetişdi, razı olmasa Dinməz xanım əlinnən çıxacaq. Əlacı kəsilib razı oldu.
Koroğlu Bəyləri qatdı dəlilərinə. Çənlibeldə yeddi gün, yeddi gecə toy elədi, Dinməz xanımı verdi Bəylərə.