Leyli və Məcnun (opera)/Birinci pərdə
Leyli və Məcnun. Birinci pərdə Müəllif: Üzeyir Hacıbəyov |
İkinci pərdə→ |
Vaqe olur məktəbdən kənarə bir ç ә m ә n d ә. M ә c n u n bir kənarda durub, L e y l i n i n yolunu gözləyir. Pərdədən qabaq musiqi çalınır, xor və cəmi əhli-məclis "Şəbi-hicran" havası oxuyurlar.
(M u s i q i)
H a m ı (xor)--
Şəbi-hicran yanar canım,(2 dəfə)
Tökər qan çeşmi-giryanım, (2 dəfə)
Oyadar xalqı əfqanım, (1 dəfə)
Qara bəxtim oyanmazmı?! (2 dəfə)
(M u s i q i)
Güli-rüxsarına qarşu (2 dəfə)
Gözümdən qanlı axar su, (2 dəfə)
Həbibim, fəsli-güldür bu, (1 dəfə)
Axar sular bulanmazmı?! (2 dəfə)
PƏRDӘ
(Hamı dağılır, Məcnun qalır)
M u s i q i: mahur-hindi.
M ә c n u n--
Yandı canım hicr ilə, vəsli-rüxi-yar istərəm,
Dərdməndi-firqətəm, dərmani-didar istərəm.
Bülbüli-zarəm, deyil bihudə əfqan etdiyim,
Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.
L e y l i (gəlir, mahur-hindi üstə)--
Eşq daminə giriftar olalı zar olubam,
Nə bəladır ki, ona böylə giriftar olubam.
Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil,
Öylə kim, arizeyi-hicr ilə bimar olubam.
(Musiqi şikəsteyi-fars çalır, M ә c n u n L e y l i y ә yavuqlaşıb oxuyur).
M ә c n u n--
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı,
Sayə tək bir yerdə durmağa qərarım qalmadı.
Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi,
Şükr kim, məqsudə yetdim, intizarım qalmadı.
L e y l i--
Dili-zarimdə nə kim, var bilirsən, bilirəm,
Yar, hali-dilimi zar bilirsən, bilirəm,
Mən, nə hacət ki, qılım şərh sənə hali-dilim,
Dili-zarimdə nə kim, var bilirsən, bilirəm,
(M u s i q i: təsnif)
L e y l i v ә M ә c n u n (bir yerdə)--
Ah eylədiyim sərvi-xuramanın üçündür, (2 dəfə)
Qan ağladığım qönçeyi-xəndanın üçündür. (2 dəfə)
Sərgəştəliyim kakili-mücganın ucundan, (1 dəfə)
Aşüftəliyim zülfi-pərişanın üçündür. (1 dəfə)
(M u s i q i: segah)
M ә c n u n--
Payibənd oldum səri-zülfi-pərişanın görüb,
Nitqdən düşdüm ləbi-ləli-dirəxşanın görüb.
Oda yandım şəmvəş canım baxıb rüxsarına,
Çərxə çəkdim dudi-dil sərvi-xuramanın görüb.
L e y l i--
Könlüm açılır zülfi-pərişanını görcək,
Nitqim tutulur qönçeyi-xəndanını görcək.
Baxdıqca sənə qan saçılır didələrimdən,
Bağrım dəlinir navəki-mücganını görcək.
(M u s i q i: segah)
M ә c n u n--
Qəddin həlakiyəm, düşə bilməm əyaqinə,
Bir eşqə düşmüşəm ki, bulunmaz nəhayəti.
Bildim təriqi-eşq xətərnakdır, vəli
Mən dönməzəm bu yoldan, ölüm olsa qayəti.
L e y l i--
Ey hər təkəllümüm xəti-səbzin hekayəti,
Virdim həmişə məshəfi-rüxsarın ayəti,
Mən kim, səni görəndə gedir əldən ixtiyar,
Gəlməz bəyanə möhnəti-eşqin şikayəti,
(Bu halda q ı z l a r L e y l i y ә tərəf gəlib oxuyurlar).
(M u s i q i)
Q ı z l a r--
Nagah olur, Leyli, atan agah (2 dəfə)
Kim, qeyrilə aşina olubsan, ay Leyli! (2 dəfə)
(M u s i q i)
Layiq deyil, Leyli, sənə bu üslub, (2 dəfə)
Yaxşı nəzər eyləsən yamandır, Leyli! (2 dəfə)
(M u s i q i)
(L e y l i n i aparırlar, M ә c n u n tək qalıb, bikef oturur. Bu halda M ә c n u n u n a t a s ı gəlir).
M ә c n u n u n a t a s ı (çahargah üstə)--
Ey bülbüli-bustani-bidad!
Hali-dilini mənə bəyan et,
Əsrari-nəhanini əyan et.
Kim aldı əlindən ixtiyarın?
Kim eylədi tirə ruzigarın?
Nə seyrdəsən, sənə tələb nə?
Bu naleyi-zarinə səbəb nə?
Dəryadə isə sənə düri-kam,
Sən söylə, mən eyləyim sərəncam.
(M u s i q i: çahargah)
M ә c n u n--
Ey piri-şikəstə hali-naşad,
Tanrıyçün əlimdən eyləmə dad.
Demə ki, nədir bu macəralar,
Səndən mənə yetdi bu bəlalar.
Mən bilməz idim qəmi-cahanı,
Təşvişi-zəminü asimanı.
Bilməzlik ilə xoş idi halım,
Nə hüsnü, nə eşq idi xəyalım.
(M ә c n u n u n a n a s ı gəlir və müxalif üstə oxuyur)
M ә c n u n u n a n a s ı--
Ey rahəti-canü nuri-didə!
Fərzəndi-yeganeyi-güzidə!
Sən sərvsən, olmagil giranbar!
Azad ola gör, nə kim giriftar!
Sən ləlsən, olmagil səbüksəng,
Döndərmə günəş görüb rəvan rəng!
Bizdən bu nəsihəti qəbul et!
Hər ləhzə bizi, yetər, məlul et!
M ә c n u n--
Ey ruhi-rəvanım ata, ana!
Kami-dilü canım ata, ana!
Bildim bu işi özümə layiq,
Leyli sənəmə mən oldum aşiq.
Sonra olubam bu işdən agah,
Amma nə deyim, nə söyləyim?
Ah! Yoxdur bu işimdə ixtiyarım,
(Çahargaha enir)
Əql oldu zəifü, eşq ğalib,
Xatir nigəran, nigari cazib.
A t a s ı (çahargah üstə)--
Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır.
Eşq afəti-can olduğu məşhuri-cahandır.
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə sərəncamı yamandır.
Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir işi ahü fəğandır.
(M u s i q i: təsnif)
A t a s ı--
Durun gedək evimizə! (2 dəfə)
A n a s ı--
Qeysim, Qeysim!… (1 dəfə)
M ә c n u n--
Ata, ana, eşqin həvası
Məni məcnun edəcәkdir,
Məni məcnun edəcәkdir!…
(M u s i q i)
A t a s ı--
Mən sənə Leylini gedib, alıb istərəm, (2 dəfə)
A n a s ı--
Oglum, oglum!… (1 dəfə)
M ә c n u n--
Ata, ana, eşqin həvası
Məni məcnun edəcәkdir,
Məni məcnun edəcәkdir.
(M u s i q i)
PƏRDӘ