Məzmuna keç

Leyli və Məcnun (opera)/Dördüncü pərdə

Vikimənbə saytından
Üçüncü pərdə Leyli və Məcnun. Dördüncü pərdə
Müəllif: Üzeyir Hacıbəyov


Vaqe olur İ b n-S ә l a m ı n evində. Evin bir tərəfi küçədir; M ә c n u n Z e y d ilə küçədə durublar. Otaqda toy məclisidir.

Musiqidən sonra pərdə qalxır.

Z e y d (rast üstə)--

Dün əxtəri-bəxtin oldu tirə,
Leyli sitəm etdi sən fəqirə.
O, İbn-Səlamə ruzi oldu,
Ruzi sənə dərdi-süzi oldu.
Yar özgəyə oldu şəmi məhfil,
Qaldı sənə tabi-atəşi-dil.

Q o n a q l a r (otaqda)--

Xoşbəxt ol, İbn-Səlam!
Alasan kamü məram.
Keçirəsən xoş günlər,
Bar verə muradın.
Ola bir övladın.
Mübarək olsun toyun.

(Oyundan sonra durub gedirlər, bu halda M ә c n u n şuştər oxuyur.)

M ә c n u n--

Qeyr ilə, yara, nədir seyri-gülüstan etdiyin?
Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?
Əhd bünyadın mürüvvətdirmi viran etdiyin?!
Hanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!

(L e y l i içəri daxil olur, M ә c n u n u n səsini eşidir; İ b n-S ә l a m gəlib təәccüblə L e y l i y ә baxır və oxuyur.)

(M u s i q i)

İ b n-S ә l a m--

Leyli, Leyli, bu odlu səs Məcnunundur,
Mən tanıyıram onu.
Məgər, Leyli, bəs bu cünun əl çəkməyibdirmi səndən indi də?
Leyli, söylə, doğrusun söylə,
Səndəmi ona aşiqsən?
İstərsənmi Məcnunun ola aşiqin?

(M u s i q i)

L e y l i--

İbn-Səlam, qoy doğrusun mən söyləyim, mən Məcnuna aşiqəm.
Uşaqlıqdan bir-birimizi sevməyə söz vermişik əhd ilə.
İndi söylə, sən özün söylə, sındıra billəm əhdimi mən?
Məhəbbətin odunu mən söndürə billəmmi, qəlbimi yandırar.

(M u s i q i)

L e y l i--

Bir neçə vaxt sən səbr elə, qoy soyusun eşqin odu.

İ b n-S ә l a m (kənara)--

Yəqin Leyli məni sınamaq istəyir,
Mən fikrini duymuşam.

L e y l i--

İbn-Səlam, sən səbr elə, qoy bəlkə Məcnun da əl çəkə.

İ b n-S ә l a m--

Leyli, mən səbrə hazıram.
Sənin cəfanı mən çəkməyə hazıram,

(Gedir.)

(M u s i q i)

M ә c n u n--

Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq.
Sizdə adət bumudur? Böylə olurmu yarlıq?
Hanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!

(Bu halda L e y l i taxt üstə ağlayır. Z e y d və bir neçə nəfər ərəb gəlib M ә c n u n a deyirlər:)

Z e y d və ә r ә b l ә r--

Məcnun, Məcnun, dur gedək,
Bu rəqibin evidir.
Sənə tənə eylərlər.
Bədnam etmə özünü.

L e y l i--

Allah, bu nə sitəm, bu nə zülm?!
Bu nə sitəm, bu nə zülm?!
Eşqin oduna yandım,
Hicran sitəmin qandım.

M ә c n u n--

Bəs sənin vəfan bu imiş, Leyli; bu imiş, Leyli?
Bivəfa da yar olarmı?!(2 dəfə)

Z e y d və ә r ә b l ә r--

Məcnun, dur gedək evinə,
Yazığın gəlsin atana.
Rəhm eylə bir dəm anana.
Leylini səndən ayırdı mürüvvətsiz fələk,
Sən də eşqin havasını başından eylə cida.

(M ә c n u n ərəblərlə gedir).

PƏRDӘ

Vaqe olur İ b n-S ә l a m ı n evinin qabağında. İ b n-S ә l a m qapı ağzında oturur. Musiqi "osmanlı" havasını çalır. Pərdə qalxdıqda L e y l i içəridən çıxıb gəlir və İ b n-S ә l a m ı n qabağında oturur. L e y l i xəstədir.

İ b n-S ә l a m (osmanlı üstə)--

Pərişan-halın oldum, sormadın hali-pərişanım,
Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım.
Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl yarım!
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

(M u s i q i)

Əsiri-dami-eşqin olalı səndən vəfa görməm,
Səni hər anda görsəm, əhli-dərdə aşina görməm.
Vəfayi-aşinalıq rəsmini sənə rəva görməm,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

L e y l i (təsnif üstə)--

Ey mənə qəmxar olan, görmürsənmi əhvalımı?
Dərdə düşmüş cismimi, oda alışmış canımı?
Daim pərişan halımı.

(M u s i q i)

İ b n-S ә l a m--

Ey gözüm, guş etmədin pəndü nəsihətimi sən,
Bir cünunə mehrini saldın, etdin özünü sən,
Xəstəvü naçar olmusan.

L e y l i--

Söylə bir, İbn-Səlam, gər aşiqi həqiqisən,
Eşq odu düşsə əgər, dəfi onun qabildirmi?
Söndürməsi mümkündürmi?

(L e y l i və İ b n-S ә l a m evə daxil olurlar. Z e y d M ә c n u n u zəncirə bağlı L e y l i n i n qapısına gətirir.)

(M u s i q i)

M ә c n u n--

Leyli, ey bivəfa Leyli!
Özgəyə saldın sən meyli!
Elədin məni divanə,
Sözümü saldın hər yanə, ey zalım! (2 dəfə)

(M u s i q i)

Yaxıldı canım eşqindən,
Titrədi dağlar ahimdən.
Niyə sən bəs, ey bivəfa!
Belə üz döndərdin məndən, ey zalım! (2 dəfə)

(M u s i q i)

Nə qədər təndə var canım,
Yanaram atəşi-eşqə,
Çəkərəm fəqan-ahim,
Yandıraram dağı, daşı, ey zalım (2 dəfə)

(Bu halda L e y l i evdən çıxıb, oxuya-oxuya yüyürür M ә c n u n u n üstə)

L e y l i--

Gəl, ey Məcnun, Leylinəm, al canımı!
Vəfasız olmuşam, billah, tök qanımı!

(M ә c n u n L e y l i n i görcək zəncirini qırıb, geri çəkilib oxuyur.)

M ә c n u n--

Sən Leyli deyilsən, ey pərizad!
Qaç, qəlbimi xunla etmə bərbad.
Aldatma məni, cünun deyib qaç,
Qaç, eyləmə gül üzünlə Leylini yad.

(Qaçır. Z e y d də onun dalınca gedir, L e y l i tək qalıb oxuyur.)

L e y l I (segah üstə)--

Xoşdur nə qədr eyləsə yarım cəfa mənə,
Ta kim, rəqib söyləməsin bivəfa mənə.
Sənsiz diyari-hicrdə sərgəştə qalmışam,
Vəslin ümidi, billah, olur rəhnüma mənə.
Rəna qəsəd qalıbdı belə xürdi-xabidən
Xuni-dilim olubdur, əzizim, qəza mənə.
Qan bəstərində qoyma məni zar-mübtəla,
Ver şərbəti-vüsaldən, ey meh, şəfa mənə.

(L e y l i yerə yıxılıb ölür. Bu halda xor daxil olub oxuyur.)

(M u s i q i)

Xor--

Rəhmət olsun sənə, Leyli! (2 dəfə)
Bu dünyada kam almadın,
O dünyada kam alarsan, ey aşiq! (2 dəfə)

PƏRDӘ

Vaqe olur q ә b r i s t a n d a. Bir tərəfdə L e y l i n i n qəbri görünür.

(M u s i q i)

M ә c n u n (bayatı-kürd üstə)--

Sındırdı çərx zülm ilə balu pərim, haray!
Döndərdi tez xəzanə fələk güllərim, haray!
Ey ruzigar, nə eyləmişəm bilməm sənə,
Ümmanə döndü qan ilə çeşmü tərim, haray!

(Bu halda Z e y d bir ərəblə daxil olur.)

Z e y d--

Ey şifteyi-şikəstətale!
Əfsus ki, səyin oldu zaye!
Leyli sənə verdi zindəgani,
Sən ol baqi, ol oldu fani!
Sən sədqəsi olduğun pərivəş
Sədqə sənə oldu, ey bəlakəş!
Əzmi-rəhi-cənnət etdi ol hur,
Firdovs məqamın etdi məmur.

M ә c n u n--

Netdim sənə, qəsdi-canım etdin?!
Qəsdi-dili-natəvanım etdin?!
Eylət məni yar olan diyarə,
Şəm eylə məni məzari-yarə!

(M ә c n u n u L e y l i n i n qəbri üstünə aparırlar. M ә c n u n qəbri qucaqlayıb oxuyur).

M ә c n u n (bayatı-qacar üstə)--

Aşiq oldur kim, qılır canın fəda cananına,
Meyli-canan etməsin hər kim ki, qıymaz canına.
Canını canana verməkdir kəmali aşiqin,
Verməyən can etiraf etmək gərək nöqsanına.

(Deyir, ölür. Bu halda ә r ә b l ә r yığılıb oxuyurlar.)

(M u s i q i)

X o r və ә r ә b l ә r--

Ey bikəs, biçarə qalan aşiq, sadiq Məcnun!(2 dəfə)
Səd heyf ki, ahu qəmin oldu belə zaye!
Axı eşq, eşq, eşq bəladır, bəladır,
Aşiqlik edən dərdə mübtəladır!(2 dəfə)

(M u s i q i)

Olmadın nail Leyliyə sən bəs bu dünyada, Məcnun! (2 dəfə)
Bari o dünyada olasan vəslinə nail.
Axı eşq, eşq, eşq bəladır, bəladır,
Aşiqlik edən dərdə mübtəladır! (2 dəfə)

PƏRDӘ