Məzmuna keç

Müctəhidin təhsildən qayıtması

Vikimənbə saytından
Müctəhidin təhsildən qayıtması
Müəllif: Seyid Əzim Şirvani


Müxtəsər, bir zaman çıxar bu xəbər-
Ki, gəlir ol cəhani-fəzlü hünər.
Pişvazə çıxar səğirü kəbir,
Ucalar ərşə naleyi-təkbir-
Ki, bu gün nayibi-imam gəlir,
Eyləyib elmini təmam gəlir.
Yerbəyerdən o qövmi-niksifat
Üzünü görcəyin çəkər sələvat.
Tökülür xəlq sol və sağından,
Öpələr ta ki, əl-ayağından.
Ehtiram ilə şəhrə varid olur,
Yeddi gün məclisi dolur, boşalur,
Kəsilir hər tərəfdə qurbanlar,
Açılır babi-lütfü ehsanlar.
Neçə əyyam olur ziyafətlər,
Eyləyir əhli-şəhr dəvətlər.
Fikr edir kim, o qövmi-fərzanə
Müctəhidçün gərəkdi bir xanə.
Bir də gördün ki, eyləyib tədbir
Bir gözəl xanə etdilər təmir.
Yenə söylər ol qövmi-danişvər,
Müctəhidçün gərəkdi bir həmsər.
Bir gözəl qız nigah edib anə,
Mələki əqd edillə şeytanə.
Ta ki, məqsuduna yetişdi imam,
Məscidə naz ilə edər iqdam.
Özünə əvvəl eyləyər zivər,
Bir gəlin tək ki axtarır şövhər;
Gözünü sürmədən edər məkhul,
Bir zaman zinətə olur məşğul.
Üzünə eyləyir gülab əfşan,
Barmağında nigini-ləlnişan.
Başına durdu qoydu əmmamə,
Geydi nəleynini o əllamə.
Var boğazında səxt təhtülhənək,
O qədər bərk çəkib olub döyənək.
Çiyninə saldı bir lətif əba,
Əlinə aldı bir zərif əsa.
Var ayağında cüft nəleyni
Bil ki, peyğəmbərin budur qeyni.
Sağ-solunda qalıbdı çeşmi müdam-
Ki, görək kim verir imamə səlam.
Bu gün evdən çıxıb nəmazə gəlir,
Sufivü safi pişvazə gəlir.
Məscidə naz ilə olur daxil,
Girdi mehrabə alimü fazil.
Uydular xəlq, imam qıldı nəmaz,
Etdi min günə həqqə razü niyaz.
Edibən ta nəmazını itmam,
Minbərə vəz üçün edər iqdam.
Minbər üstündə ol fələkrüfət,
Oxur ahəstə bir uzun xütbət.
Xütbədən sonar bir gözəl ayə,
Olur ol xoşzəbanə sərmayə.
Keyyühənnas, sirdir bu dəqiq,
Hikməti şərə etmişəm tətbiq.
Sədrim olmuş vəsi dəryadən,
Fəzlim artıqdı Molla Sədradən.
Bəhri-elmimdə, ey güruhi-bəşər,
Pak olan gövhəri-muradə, yetər.
Yazmışam sərbəsər füruati,
Açmışam ğamizati-ayati.
Köhnə təfsirə vermişəm təğyir,
Tazədən yazmışam özüm təfsir.
Bir neçə səhv edibdi Beyzavi,
Olmuşam cümlə onlara havi.
Fəxri-Razi qərini-raz deyil,
Yazdığı rəmzlər təraz deyil.
Eyləyib səhv sahibi “Tibyan”,
Ruhdən bixəbərdü “Ruhi-bəyan”,
Etməyib fəth Molla Fəthullah,
Səhvi-vazeh yazıbdır ol gümrah.
Gah fələk, gah ərşdən danışır,
Bu sifət çox çərən-pərən danışır.
Təmtərağın görür o qövmi-əvam,
Söyləyirlər ki, etmiş elmi təmam.
Bu filan müctəhiddən əkməldir,
Şeyxül-islamdən bu əfzəldir.
Leyk bir parə mərdi-danişvər
Anlayıbdır ki, kənddə var nə xəbər.
Boş dəğar olduğun bilib dərhal,
Xövfdən leyk nitqin etmiş lal.
Bir deyən yoxdur, ey imami-şərir,
Edəcəksən nə vəqtədək təzvir?
Tutalım elmə olmusan vasil,
Bizə bu elmdən nədir hasil?
Hansı nadanı alim etdin sən?
Hansı kuri sən etmisən bina?
Hansı əmvatı eylədin ehya?
Hanı islam üçün sərəncamın?
Yerə girsin o müctəhid namın!
Söylədin teleqramı elmi-bəlis-
Ki, onu ixtira edib iblis.
Kari-şeytan dedin dəmir yolunu,
Xəlqə etdin hərəm Dum pulunu.
Xaçpərəstlər təmam düşdü qabaq,
Tökülüb dalda qaldıq, ay sarsaq!
Aldı əhli-kitab dünyanı,
Şərh edirsən sən indi Quranı?!
Əhli-islam oldu xarü zəlil,
Baisi sənsən, ey imami-cəlil!
Sən bizi nəfə etmədin vasil,
Barı qoy özgə elm edək hasil.
Bizi bəsdir bu qədr aldatdın,
Dini dinarə hər zaman satdın.
Sən bilən elmi bilməyən yoxdur,
Səndən ələm uşaqlar çoxdu.